GEYIM

Nəyi necə geyinmək lazımdır?

Baxış sayı: 1. 390

Geyim, dəb hamımızın yaralı yeridir. Daima gözəl görünmək, diqqətdə olmaq üçün tələb olunan əsas şərtlərdən biri də gözəl geyim tərzidir. Atalarımız boşuna deməyib ki, “gözəllik ondur, doqquzu dondur“. Bəşəriyyət yaranandan geyim mədəniyyəti formalaşmağa başlayıb və hər ölkədə öz milli dəyərlərinə söykənərək uzun inkişaf prosesi keçib.

Onu da qeyd edək ki, cəmiyyətin hər bir nümayəndəsi üçün dəb fərqli bir tərzdə qəbul olunur. Kiminə görə dəb, sadəcə, maraqdır, kiminə görə isə zəruri bir şey. Bəzilərinə görə dəb, sadəcə işdir, bəziləri üçünsə bunun heç bir önəmi yoxdur. Dəb tərz və geyim manerasında müəyyən qaydalar qoyur. Buradan da belə çıxır ki, dəblə gedənləri “dəbli şəxslər“, bununla ayaqlaşmayanları isə “dəbsiz“ adlandırırlar. Belə ki, kimlərsə öz fantaziyalarındakıları həyata keçirir, hansısa yeniliyi ərsəyə qoyur, nəyisə dəbə gətirirlər. İnsan hər an nəsə görür və bu an ağlından o qədər şeylər keçir kig Axı hazırda həyat və yaradıcılıqları ilə maraqlandığımız, yeri gəldiyində öz sahəsində dahi belə adlandırdığımız dizaynerlər, modelyerlər də adi bir insandırlar. Sadəcə, hər gün bir yenilik ortaya atmaq onların işidir. Bəs nəyi necə geyinmək lazımdır?

 

Yaraşan geyim, yoxsa dəb?

Bir çox ölkələrdə problemli məsələlərdən biri də geyimin necəliyidir. Problemin ilk səbəbi isə şübhəsiz hərənin öz dünyagörüşünün, öz zövqünün olmasısıdır. Bu da nəticədə necə geyinməklə bağlı fikir ayrılığına gətirib-çıxarır. Görəsən, ölkəmizdə və bir sıra ortaq dəyərli ölkələrdə olan müsəlmanlar ərəblərin geyindikləri şəkildəmi geyinməlidirlər, yoxsa hər kəs öz ölkəsinin adətinə uyğun geyinməlidir? Yəqin ki, bu məqamda həmçinin geyimin şəriət hüdudları daxilində olmasına diqqət edilməlidir. Deyirlər: “Əsl qadını onun moda standartlarına uymaması ilə həmin an tanımaq olar, o yalnız özünə yaraşanı geyinir“. Bəs görəsən, bu düşüncə ilə hər kəs həmfikirdirmi?! Hər kəsmi elə düşünür ki, insan yalnız adət-ənənəsini nəzərə alaraq özünə yaraşanı geyinməlidir. Ortaya çıxan suala cavab tapmaq və təbii ki, fərqli fikirlər duymaq düşüncəsi ilə üz tuturuq şəhərin küçələrinə.

 

“Sənin geyimin sənin daxili aləmini əks etdirir“

Saç düzümü, ətir, bəzək əşyaları, makiyaj və s. özlüyündə estetik kateqoriyaları birləşdirərək geyim mədəniyyətini, yəni dəbi yaradır. Lakin çox zaman bu günün “moda“ anlamı insanlarımızda, xüsusilə də yaşlı nəsildə qəribə bir assosiasiya formalaşdırır. Ümumiyyətlə, moda aləmində Avropaya inteqrasiyanın milli dəyərlərimizə zidd olduğunu deyənlərimiz az deyil. Bizimsə şəhərdə eşitdiklərimizdən belə məlum olur ki, deyəsən, geyim barədə ortaq məxrəcə gələnlər də azlıq təşkil edir. Bunun necə və niyə olduğunu indi özünüz biləcəksiniz. Tələbə Aydanı eşidək: “Mənim üçün moda özümə yaraşandır. Çalışıram geyim seçimlərimdə diqqətli olam. Nə müasirlikdən gen qaçıram, nə də ki, “sərhədləri aşıram“. Bu gün çox gənclərimiz var ki, Avropaya istinad edib açıq-saçıq geyimlərə üstünlük verirlər. Lakin bir şeyi unudurlar ki, Avropada gündəlik geyimlər belə, bizdə olduğu qədər nə açıq, nə də ziyafət geyiminə bənzərdir“. Nigarın isə özünü qap-qara paltarlara aludə edənləri görməyə gözü yoxdur: “Mən gənc olduğuma görə, daim al-əlvan rənglərə üstünlük verirəm, buna görə də yaşlı nəsli deyə bilmərəm, amma özüm kimi gənclərə məsləhətim odur ki, qara rəngdən uzaq olsunlar. Məncə, cəmiyyətin geyim tərzi onların əhval-ruhiyyəsini, psixikasini göstərir, yəni sənin geyimin sənin daxili aləmini göstərir. Biz nə qədər rəngli geyimlərə üstünlük versək, məncə əhvalımız da bir o qədər rəngarəng olar“. Onu da nəzərinizə çatdıraq ki, aldığımız cavablar şəhərimizdə çox qəribə bir situasiyanın olduğunu bizə təqdim etdi. Belə ki, gənc qızlarımızın əksəriyyəti oğlanların geyim tərzindən, gənc oğlanlarımız isə əks cinsin nümayəndələrinin geyimindən və ən nəhayət, yaşlı nəslin nümayəndələri isə, ümumiyyətlə, indiki gənclərimizin geyimindən narazıdırlar.

İndi bir daha deyilənlərə diqqət edək: “Bugünkü gənclərimizin geyimlərini, ədəb-ərkan qaydalarını heç bəyənmirəm. Nəzərə alsaq ki, geyim də bir mədəniyyətdir, bizdə bu mədəniyyətdən danışmağa dəyməz. Qızlarımız göbək açıq, şalvarın beli də harda… Başa düşmürəm, bunların evdə valideynləri hara baxır. Oğlanlarımızın geyiminə isə söz tapa bilmirəm. Yaxşı, qızları başa düşdük ki, özlərinə bəzək düzək verməyi xoşlayırlar. Bəs oğlanlara nə olub, başım çıxmır. Elə bir vəziyyət yaranıb ki, oğlanla qızın fərqinə vara bilmirsən. Təbii ki, geyimlərindən irəli gəlir bu“ – belə ağız dolusu şikayətlənən Məhəbbət xanımın fikirlərindən sonra sözü yenə də gənc nəslin nümayəndələrinə veririk. Samir oğlanların ən son dəblə geyinməsinə heç də pis baxmır: “Kişinin dəblə geyinməsi, ətirlənməsi də heç bir sensasiya doğuracaq hal deyil, bu, normal qarşılanmalıdır. Ölkəmiz Avropaya inteqrasiya etdiyinə görə, biz də dəblə ayaqlaşmağı bacarmalıyıq. Dədə-babalarımız dəb bilməyiblər deyə, biz də onlar kimi olmalıyıq?! Məncə, insana geyiminə görə qiymət verməzlər. Elə ona görə də fərqi yoxdur, oğlan, qız, cəmiyyətimizin hər bir nümayəndəsi zövqlə, dəblə geyinməlidir ki, onlara baxanda göz oxşasınlar“.

 

“Bəzən bir aylıq maaşı gətirib verirlər bir paltara“

Eşitdiyimiz müxtəlif fikirlərin müşayiəti ilə bir-birinin ardınca sıralanan mağazalara da baş çəkmək qərarına gəlirik. Müşahidələrimiz zamanı aydın olur ki, son zamanlar bahalı mağazalarda alıcıların sayı azalıb. Bunun nə dərəcədə doğru olub-olmadığını öyrənmək və ümumiyyətlə, şəhərimizin əhalisinin necə geyimlərə üstünlük vermələrini öyrənmək məqsədi ilə mağazaları ziyarətə başlayırıq. Satıcının sözlərinə görə, alıcıların sayı azalsa da, onların daimi “müştəriləri“ həmişə var: “Bilmirəm nədəndir, amma son zamanlar, doğrudan da alıcılarımızın sayı azalıb. Bəlkə də bu, əməkhaqları ilə bağlıdır, dəqiq deyə bilmərəm, amma nəzərinizə çatdırım ki, imkanı olanlar həm bahalı, həm də fərqli geyinməyə çalışırlar. Bizdən daimi alış-veriş edənlər isə bank işçiləri, nazir xanımları, institut müəllimləri, həkimlərdir. Təbii ki, bu da bizdə brend malların satılmasından irəli gəlir“. Demək olar ki, digər mağazalarda da eyni hal müşahidə olunur. Yəni onların da daimi “müştəriləri“ olduğundan, çox da korluq çəkmirlər.

Başqa bir mağazanın satıcısının dediklərinə diqqət edək: “Dəblə geyinmək üçün elə qızlar olur ki, hətta bir aylıq maaşı gətirib verir paltara. Alıcıların hansı geyimlərə üstünlük vermələrinə gəlincə isə bu, zövqdən asılı olur. Amma demək olar ki, gənclərimizin çoxu dəblə ayaqlaşmağa çalışdığından ən son gətirilən geyimlərə üstünlük verir“.

Bax belə, bu da müxtəlif düşüncələr, fərqli fikirlər. Biz isə unutmayaq ki, dəb, sadəcə, bir yöndür, hansı ki, bizə seçim hüququ verir. Biz dəbi izləsək də, hər zaman özümüz olaraq qalmalıyıq. Ancaq bu yolla biz, həqiqətən də, gözəl və təkrarolunmaz olacağıq. Onu da bilməliyik ki, hər şeyin bir həddi var və hər şey həddini aşmadıqca gözəldir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir