ERKEN NIKAH

Niyə kəndlərdə nikahdankənar dünyaya gələn uşaqlar çoxluq təşkil edir?

Baxış sayı: 551

Dövlət Statistika Komitəsinin 2022-ci il üzrə açıqladığı rəqəmlərə əsasən, Azərbaycanda dünyaya gələn uşaqların 15 faizi (18.814 uşaq) rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilib. Rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilən uşaqların 62 faizi isə kəndlərdə doğulub. Bu rəqəmlərdən aydın olur ki, xüsusilə kənd yerlərində evlənən cütlüklərin əhəmiyyətli hissəsi rəsmi nikaha daxil olmur. Bəzən bu uşaqlar heç valideynlərinin soyadını da ala bilmirlər. Bu isə gələcəkdə o uşaqların həyatına, cəmiyyətə atılarkən şəxsi inkişafına ciddi maneələr yaradır.
Ailə Məcəlləsində nikah yaşı həm qızlar, həm də oğlanlar üçün 18 yaş olaraq təyin edilib. İstisna hallarda, üzrlü səbəblər olduqda nikah yaşı bir ildən çox olmayaraq azaldıla bilər. Digər bütün hallarda qanuna əsasən, 18 yaşadək bağlanan nikah erkən nikah sayılır. Bəs niyə kəndlərdə nikahdankənar dünyaya gələn uşaqlar çoxluq təşkil edir?

 

16 yaşda ana olanların sayı azalıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamilə Əliyeva deyir ki, ölkəmizdə erkən nikah və uşaq evlilikləri aparılan işlər nəticəsində əvvəlki illərlə müqayisədə azalıb: “16 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 2015-ci ildə 175, 2021-ci ildə isə 84 olub. Ədliyyə Nazirliyindən alınan son məlumata əsasən, 2022-ci ildə qeydiyyata alınmış 16 yaşadək analar tərəfindən doğulan uşaqların sayı azalaraq 18 körpə təşkil edib. 16 yaşlı analar tərəfindən doğulan uşaqların sayı 2015-ci ildəki 604-dən 2021-ci ildə 341-dək, 17 yaşlı analar tərəfindən doğulan uşaqların sayı 2015-ci ildəki 2116-dan 2021-ci ildə 1225-dək, 18 yaşlı analar tərəfindən doğulan uşaqların sayı 2015-ci ildəki 5845-dən 2021-ci ildə 1225-dək azalıb”.

Uşaq evliliyinin məsuliyyəti valideynlərin üzərinə düşür

K.Əliyevanın sözlərinə görə, erkən nikah problemi digər ölkələrdə olduğu kimi bizim ölkəmizdə də hələ ki, mövcuddur və narahatlıq doğuran bir məsələdir: “Belə halların baş verməsinin məsuliyyəti valideynlərin üzərinə düşür. Eyni zamanda, qızların təhsil aldığı məktəblərin müəllim heyəti də təhsildən yayınma olduğu halda dərhal aidiyyəti qurumlara məlumat verməlidirlər. Aidiyyəti qurumlar təhlükəli vəziyyətdə olan ailələri nəzarətə götürməli, belə ailələrlə profilaktik işlər aparmalıdırlar”.

 

Kəndlərdə rəsmi nikahsız ailə modeli

K.Əliyeva bildirir ki, regionlarda, xüsusilə də kəndlərdə gənclər rəsmi nikaha daxil olmadan ailə qururlar. Bu da gələcəkdə ailədə hər hansı problem yaranarsa, ana və uşaqların hüquqlarının müdafiəsində müəyyən çətinliklər yaradır.
Nikahdankənar  və tibb müəssisələrindən kənarda baş verən doğuş faktlarının, o cümlədən erkən nikahın mənfi nəticələrinin araşdırılması məqsədilə komitə tərəfindən təhlillər hazırlanır.
Qeyd edək ki, Cinayət Məcəlləsinə əsasən, nikah yaşına çatmayan qızları nikaha məcbur etməyə görə dörd ilədək azadlıqdan məhrum etmə cəzası müəyyən edilib.
Cinayət Məcəlləsinin “Qadını nikaha məcbur etmə” maddəsinə əlavə olaraq nikah yaşına çatmayan qızları nikaha məcbur etməyə görə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək azadlıqdan məhrum etmə cəzası müəyyən edilib.

 

Nikah yaşının bir il azaldılmasının fəsadları

Komitə rəsmisi bildirir ki, BMT-nin tövsiyələrini nəzərə alaraq, eləcə də Ailə Məcəlləsinə əsasən, üzrlü səbəblər olduqda nikah yaşının istisna hallarda bir il azaldılması qızların qaçırılmasına, ümumilikdə erkən nikahlara şərait  yaradır: “Məhz bu səbəblə Dövlət Komitəsi tərəfindən istisna halların ləğv edilməsi ilə bağlı aidiyyəti qurumlara təklif təqdim edilib. Hazırda bu məsələyə baxılır”.
Erkən nikahların və uşaq nikahlarının aşkarlanması məqsədilə məlumatlar Dövlət Komitəsinə və komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə daxil olur:
“Bu zaman komitə və ya mərkəz tərəfindən yerli icra hakimiyyətlərinin nümayəndələrinin və polisin iştirakı ilə ailələrə səfərlər təşkil edilir, bu cür nikahlara görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət izah olunur, belə halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülür”.

 

“Bizim kənddə də çoxunun rəsmi nikahı yox idi” 

Sosioloq Əhməd Qəşəmoğlu isə deyir ki, 15 faiz uşağın nikahdan kənar doğulmasının iki səbəbi var:

“Birinci səbəb odur ki, son zamanlar bu mövzuya ictimai qınaq azalıb. Hər şey normal qəbul edilir. Bu səbəbdən də müəyyən yerlərdə insanlar rəsmi nikaha əhəmiyyət vermirlər. Kənd yerlərində bu məqamın üstünlük təşkil etməsi isə molla nikahı deyilən, dini kəbin kəsilməklə ailə qurulmasıdır. Mən gənc olanda bizim kənddə hər kəsin dini kəbini olsa da, rəsmi nikahı yox idi. Bu, çox ciddi xaos yaratmışdı. Bir dövrdən sonra artıq insanları rəsmi nikaha vadar edirdilər. Bəzi sənədləşmə məsələləri buna məcburiyyət yaradırdı. Amma bu dəstəklənməyən adət-ənənələr davam etməkdədir. Kənd yerlərində rəsmi nikah olmadan birgə yaşayanlara pis baxmırlar. Mən deyərdim ki, şəhərlə müqayisədə kənd yerlərində ictimai qınaq güclüdür. Amma eyni zamanda rəsmi nikaha əhəmiyyət verməyən adamlar da çoxdur. Kənd camaatı düşünür ki, kəbin oldusa, onlar artıq ailədir”.

 

Könül Cəfərli 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir