evlilik

O gəlindi, yoxsa “reabilitasiya mərkəzi”?! – AİLƏ FACİƏLƏRİ

Baxış sayı: 603

“Müşahidələrimə görə, ailə faciələrinin böyük qisminin səbəbi gənclərin valideynlərlə bir evdə yaşamalarıdır. Valideynin missiyasının bitdiyi bir nöqtə də olmalıdır. Bu, gənclərin ailə qurduqları nöqtədir. Gənc ailənin mütləq ayrı yaşamalı olduğu bir qaydaya çevrilsə, ölkədə ailə dramları kəskin şəkildə azalacaq. Yəni evləndilər – ya Allah, gedin, kənarda xoşbəxt olun, biz də xoş sorağınızı eşidək. Olacaqlar da. Problemlərini özləri həll edə-edə təcrübə qazanacaq, həqiqi ailə sahibinə çevriləcəklər. Gənclər mütləq ayrı yaşamalı və valideynlər o ailəyə heç bir müdaxilə etməməlidirlər. İnanmırsınız,  yoxlayın”.

Jurnalist Vüsal Məmmədovun “Facebook” hesabında yazdığı bu sözlər ciddi müzakirələrə səbəb olub. Bəziləri onu haqlı, bəziləri isə haqsız hesab ediblər.

İddia barədə münasibət bildirən sosioloq-alim Əhməd Qəşəmoğlunun fikrincə, bu, əsas səbəb ola bilməz:

“İnsan davranışına təsir edən dörd amil var: xarakter, aldığı informasiya, üstünlük verdiyi dəyərlər və mühit. Əlbəttə, ailə də mühitin daxilindədir. Deməli, səbəb daha dərindədir. Statistikaya baxaraq səslənən fikirlərin yanlışlığını sübut etmək olar. Son vaxtlar gənclərin çoxu yeni evə köçürlər, amma boşananların sayı heç də az deyil. Hətta ayrı yaşayan cütlüklər də ayrılırlar. Deməli, qaldırılan məsələ cüzi məqamdır. Əsas amillər başqadır”.

 

 Yazıçı- jurnalist Türkan Turan isə həlledici faktorun maddiyatla bağlı olduğunu düşünür:

“İmkanı olan gənclər yeni ev alırlar. Ən pis halda kirayə ev tuturlar. Maddi imkanı yaxşı olan cütlük heç bir halda ailəsi ilə qalmır. Və ailə faciələri bununla bağlı deyil”.

Yazıçının sözlərinə görə, bu, bəzi valideynlərin laqeydliyi ilə əlaqədardır: “Bəzi analar yarıtmaz oğul böyüdürlər. Elə bilirlər ki, evlənəcəyi qadın oğlunu düzəldəcək. Potensial gəlinin “reabilitasiya mərkəzi” olduğunu sanırlar.

Əsla belə deyil! Ananın düzəldə bilmədiyi oğulu heç bir qadın düzəldə bilməz. Bu günlərdə Aytən adlı bir gəlinin körpəsi ilə birlikdə müəmmalı ölümü barədə məlumat yayılmışdı.

Qızın anası kişinin hələ nişanlı vaxt qızını döyməsinə dair açıqlama verib. Qız söyləyirmiş ki, mən evlənəndə onu düzəldəcəm. Dediyim kimi, bu, yanlış yanaşmadır.

Kişi onsuz da problemli imiş. Yəni ailə faciələrinin səbəbi qayınana ilə birlikdə yaşamaq yox, problemli kişilər və problemli oğullarını gənc qızların “kürəyinə yıxan” analardır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir