OLU PALTARI

Ölən yaxınımızın geyimlərini nə etməliyik? – Basdırmaq, yandırmaq…

Baxış sayı: 512

Hər birimizin həyatında gec-tez itkilər baş verir – nə vaxtsa nənələrimiz və babalarımız ayrılır, sonra valideynlər və digər yaxın insanlar. Yaxınlarımızı itirdikdən sonra bir çox suallarla üz-üzə qalırıq: “Onların əşyalarını evdə saxlamaq olarmı?”, “Geyimlərini nə etməliyik?”, “Özümüz geyinə bilərikmi?”

Bununla bağlı bir neçə inanclar var ki, kimisi geyimləri yandırır, kimisi ölən şəxsin yanında basdırır, kimisi isə özü istifadə edir. Belə bir deyim var: “Ölülərin yatağında yatmaqdansa, məzarı üstündə yatmaq yaxşıdır!”. Bəlkə də bu deyim bizə nə isə ifadə edir.

Maraqlıdır bəs, dinimiz bu barədə nə buyurur? İslama görə ölən yaxınımızın geyimlərini nə etməliyik?

Məsələ ilə bağlı açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, fəlsəfə doktoru İbrahim Quliyev bildirir ki, din bununla bağlı bir neçə şərt buyurur:

“Müsəlman mədəniyyətində ölən insanın mirası vərəsələr arasında bölüşdürülməlidir. Ölən şəxsin Quranı, üzüyü və qılıncı, həmçinin geydiyi, ya geymək üçün saxladığı paltarlar böyük oğlunun malıdır. Əgər ölən şəxsin adı çəkilən bu üç şeyi birdən çox olarsa, məsələn, iki Quranı və ya iki üzüyü olsa, yaxşı olar ki, böyük oğul digər başqa vərəsələr ilə razılaşsın. Rəhl, (Quran qoyulan taxta) tüfəng, xəncər və bu kimi silahların, qılıncın qını, Quranın qabı da onlara aiddir”.

Bəs, oğlu yoxdursa?

“Ola bilər ki, ölən adamın oğlu olmasın. Belə olduğu halda vərəsələr öz aralarında razılığa gələ, paltarları bölüşə və yaxud da onu kiməsə bağışlaya bilərlər. Bundan başqa istəsələr paltarları basdıra və ya yandıra da bilərlər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir