istirahet

Ölkə xaricində istirahətdən həzz almaq olmur – Həmvətənlərimizin yay planları

Baxış sayı: 575

Tətil, məzuniyyət mövsümü olan yay Azərbaycanda güclü istilərlə başlayıb. Bir neçə gündür ki, ölkənin bəzi bölgələrində temperatur 40 dərəcə Selsini keçir. Hələ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevanın anomal istilərlə bağlı açıqlaması və Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimində yumşalmalara getməsi də istirahəti sağlamlığa faydalı və maraqlı keçirmək əndişələrini aktuallaşdırıb.

 

İstirahət planı – olan var, olmayan var

Karantin şərtlərinin yumşaldıldığını nəzərə alaraq, insanların yay istirahəti ilə bağlı planlarını öyrənmək və pandemiyanın səyahət planlarına təsirini müəyyənləşdirmək üçün Media Təhlil Mərkəzi tərəfindən keçirilən sorğuda respondentlərin 47,5%-i yay ayları üçün istirahət planı olmadığını deyib. Cavab verənlərin 36,7%-i bölgələrə, 8%-i xarici ölkəyə səyahət edəcəyini bildirsə də, 7,8%-i isə yayı bağ evində keçirəcəyini qeyd edib.

Qeyd edək ki, sorğuda iştirak edən 760 respondentin 48%-ni qadınlar, 52%-ni kişilər təşkil edib.

 

Favorit – sərinlikdir

Sorğuya əsasən, insanların daha çox hansı bölgələrdə istirahətə üstünlük verdiyini müəyyənləşdirmək mümkün olub. Bir neçə variant seçmək imkanına malik olan respondentlərin cavabları aşağıdakı kimidir:

Lənkəran – 33%; Şəki-Zaqatala – 32%; Quba-Xaçmaz – 29%; Qarabağ – 29%; Gəncə-Qazax – 19%;

Aran – 18%; Şirvan – 8%; Naxçıvan – 5%. Respondentərin 29 faizi isə bölgələrə getməyi planlaşdırmadığını deyib. Göründüyü kimi, insanlar daha çox havası sərin olan bölgələrimizə üz tutmağa üstünlük verirlər.

 

Dost-qohum maşınları trenddə, xaricdən həzz alan azalıb

Rəyi soruşulan həmvətənlərimizin 35%-i dost və ya qohumuna məxsus avtomobillə ölkə daxilində səyahət etdiklərini söyləyib. Bölgələrə şəxsi maşını ilə gedənlər cavab verənlərin 29%-ni təşkil edib. Sərnişin avtobusu ilə səyahət edənlər sorğu iştirakçılarının 22%-ni, müxtəlif turlara qoşulanlar 13%-ni əhatə edib. Respondentlərin 1%-i isə təyyarə ilə səyahətə üstünlük verdiyini bildirib.

Pandemiya bitənədək xarici ölkəyə səyahət planlarını təxirə salanlar respondentlərin 12%-ni təşkil edib. Sorğu iştirakçılarının 28%-i bildirib ki, qadağaların davam etdiyi müddətdə ölkə xaricində istirahətdən həzz almaq olmur. Respondentlərin 10%-i xarici ölkəyə səyahətə məhdudiyyət qoymadığını, 50%-i isə əvvəllər də xaricə səyahət etmədiyi üçün hazırkı vəziyyətin istirahət planlarına heç bir təsirinin olmadığını dilə gətiriblər.

 

Cibdə varsa pul…

Başqalarının istirahətə nə qədər pul xərclədiyi həmişə maraq doğurur – həm məkanları müqayisə edə bilirsən, həm də büdcəni planlaşdırırsan.

MTM-in keçirdiyi sorğudakı respondentlərin 67%-i yay istirahətinə 300-500 AZN, 15%-i 500-700 AZN, 9%-i 700-1000 AZN, 9%-i isə 1000 AZN-dən çox vəsait ayırdığını qeyd edib.

Bu mövsüm bölgələrdə istirahətin nisbətən baha olacağı gözlənilir. Məsələn, populyar istiqamətlərdən olan Şəki-Zaqatala-Qax bölgəsində günlük kirayə evlərin qiyməti indidən artıb.

Ötən il yayda paytaxtdan bölgələrə getməklə bağlı məhdudiyyət olduğundan rayonlara üz tutanların sayı xeyli azalmış, bu səbəbdən də günlük kirayə evlərin qiymətləri də xeyli enmişdi. Şəkidə də günlük evlərin kirayəsi 5 dəfəyədək ucuzlaşmışdı. 100, 80 manatlıq evlər ötən il 30-20 manata zorla müştəri tapsa da, bu il maklerlər və yerli sakinlər evləri yenə 80-100 manata razılaşma yolu ilə verə biləcəklərini söyləyirlər.

 

Aviasəyahət

Azərbaycanda avqustun 1-dək xüsusi karantin rejimi qüvvədədir. Quru yolla beynəlxalq sərnişin daşımaları praktiki olaraq kəsilib, avianəqliyyat isə yalnız xüsusi uçuşlar həyata keçirir.

Azərbaycan Hava Yolları (AZAL) bir müddət əvvəl bildirmişdi ki, iyun ayından Bakıdan Bodrum və Dalaman kurortlarına xüsusi reyslər açılacaq. Bu istiqamətdə uçuşlar iyunun 25-dən başlanır. Cədvələ görə, Bakı-Bodrum-Bakı reysləri hər gün, Dalamana və geriyə uçuşlar isə həftədə üç gün – bazar ertəsi, çərşənbə və cümə günləri yerinə yetiriləcək.

Buta Airways aviaşirkəti də Bakıdan Alanyaya uçuşları bərpa edərək Ankaraya reyslərin sayını artırıb.

İyulun 3-dən aviaşirkət Bakı-Alanya-Bakı reyslərinə start verir. Uçuşlar həftədə bir dəfə – şənbə günləri gerçəkləşəcək.

Ankaraya uçuşların sayı da artır: iyunun 19-dan Buta Airways Türkiyə paytaxtına həftədə üç dəfə – bazar ertəsi, cümə axşamı və şənbə günləri reyslər təşkil edəcək.

Azərbaycan ərazisinə isə Rusiya və Türkiyə (iyunun 10-dan) ilə yanaşı, ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qətərdən (iyunun 21-dən) uçuşlara icazə verilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir