VALİDEYN

Ölkəmizdə övladını döyən valideynə münasibət: qanun nə deyir?

Baxış sayı: 520

İnkişaf etmiş ölkələrdə övlad ailədə valideynləri tərəfindən şiddətə məruz qaldıqda dövlət həmin uşağı ailədən alır. Bəs Azərbaycanda övladını döyən valideynə cinayət işi açılırmı? Yerli qanunvericilikdə bununla bağlı icra mexanizmi necədir?

Hüquqşünas Fariz Əkbərov bildirdi ki, qanunvericiliyə görə, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar: “Uşaqların qayğısına qalmaq, uşaqların tərbiyəsi ilə məşğul olmaq valideynin borcudur və onu yerinə yetirməlidir. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər.

Aliment almaq hüququ kimdə olmalıdır?

Həmçinin, uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə valideynlər (onlardan biri) valideynlik hüquqlarından məhrum edilə bilərlər. Xəsarətin nəticəsindən asılı olaraq valideynin inzibati məsuliyyətə, eyni zamanda əgər xəsarət yüngül, az ağır olsa, cinayət məsuliyyətinə cəlb edilməsi mümkündür. Əgər ata və ananın ikisinin bir yerdə uşağa işgəncə verməsi faktı təsdiq olunarsa, belə olan halda Cinayət Məcəlləsinin 133-cü maddəsi ilə əzab vermə, 2 ildən 5 ilə kimi azadlıqdan məhrum etmə ilə cəzalandırılır. BMT-nin ”Uşaq hüquqları haqqında” Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar”.

Hüquqşünas erkən nikahlar probleminə də diqqət çəkdi: “Valideyn məsuliyyətsizliyinin digər bir təzahürü isə təhsildən yayındırmaqla azyaşlı uşaqların erkən yaşlarda qeyri-rəsmi nikaha məcbur edilməsidir. Cinayət Məcəlləsinin 176-1-ci maddəsinə görə, qadını nikaha daxil olmağa məcbur etməyə görə və eyni əməllərin nikah yaşına çatmayan şəxs barəsində törədilməsinə görə valideynlərə və ya onların qanuni nümayəndələrinə azadlıqdan məhrum etmə cəzası tətbiq edilə bilər”.

Bakupost.az - Kəmalə Ağazadə barəsində açılan cinayət işindən danışdı

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bu yaxınlarda uşaq sığınacağına yerləşdirilən, reabilitasiya keçən uşaqların 2021-ci il üzrə statistikasını açıqlayıb. K.Ağazadə statistikanın hüquq-mühafizə orqanları, icra hakimiyyətləri, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Xidmətlər Agentliyi tərəfindən rəsmi müraciətlər və şifahi danışıqlar əsasında yerləşdirildiyini qeyd edir: “2021-ci ildə (12 ay) qaynar xəttə 332 nəfər müraciət edib. 28 nəfər (10-18 yaş arası ) uşaq və yeniyetmə müraciət edib. Müraciətin səbəbi ailə münaqişəsi, erkən nişanlanma, təhsildən uzaqlaşdırılma olub. Eyni zamanda 218 min nəfər ”İnstagram”, 32 min nəfər “Facebook” üzərindən müraciət edib. Müraciətlərdən bəlli olur ki, məişət zorakılığına məruz qalan uşaqların sayı 239 nəfərdir. Eyni zamanda övladlığa uşaq götürmə ilə bağlı müraciət edənlər 769 nəfər olub. Oğlan uşağı istəyi 651 nəfər, qız uşağı istəyi 118 nəfər olub.0-2 yaş arası övladlığa uşaq götürmə müraciəti 751 nəfər, 3-6 yaş arası övladlığa uşaq götürmə müraciəti 14 nəfər, 7-9 yaş arası övladlığa uşaq götürmə müraciəti 4 nəfər olub. Xüsusi qayğıya ehtiyacı olan uşaqların müəssisəyə yerləşdirilməsi ilə bağlı 421 nəfər müraciət edib. 421 uşağın 318 nəfəri oğlan, 103 nəfəri qızdır”.

K.Ağazadə həmçinin bildirdi ki, uşaq hüquqları haqqında qanunda uşaqlara şiddət cinayət hesab olunur: “Bunun qarşısını almaq üçün icra strukturları müvafiq tədbirlər görməlidirlər. Şiddət əsasən həssas qruplardan olan ailələrdə görünür. Münaqişəli, tərəflərdən birində zərərli vərdişlər olan ailələrdə ən çox zərər görən azyaşlılar olur. Uğursuz ailələrdə böyüyən, atadan məhrum olan, qeyri-rəsmi nikahdan dünyaya gələn, biganə valideyn yanında yaşayan uşaqlar və s. daha çox şiddətə məruz qalır. Təəssüf ki, dəqiq qeydiyyat aparılmır. Bu gün Azərbaycanda uşaqların müdafiəsini təşkil edən yetkinlik yaşına çatmayanların işi üzrə komissiyalar icra hakimiyyətləri nəzdində fəaliyyət göstərir. Yalnız evdə şiddət haqqında məlumat aldıqda reaksiya verilir. Bir çox hallarda uşaqlar şiddət hallarını gizlədirlər. Çünki onlar şiddətə doğmaları tərəfindən məruz qalırlar. Uşaq fiziki şiddət, yaxud cinsi zorakılıq faktının üstü açıldıqdan sonra ailədən təcrid edildikdə doğrunu etiraf edir.  Azərbaycan Uşaqlar Birliyi Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi məişət zorakılığından əziyyət çəkən, potensial insan alveri qurbanı hesab etdiyimiz uşaqların reabilitasiyasına xidmət göstərir və uşaqlara dəstək verir. Ailədən uzaqlaşdırılan uşaqlarla bağlı müraciətlər aidiyyəti icra qurumlarına yönləndirilir. Bir çox hallarda sosial media paylaşımları vasitəsilə müəyyən məsələləri diqqətdə saxlamağa çalışırıq. Şamaxı rayonunda valideyni tərəfindən baxımsız qalan, şiddət görmüş uşaqların vəziyyəti ilə bağlı iki il öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etmişdik. Videolar da göndərmişdik. Lakin nəticə olmadığını gördükdə ictimailəşdirməyə məcbur olduq. Bəzən bununla bağlı qınaqlar səslənir. Reallıq budur ki, məktublar it-bata düşdüyü, reaksiya olmadığı üçün biz buna məcbur oluruq. Qanunvericilikdə uşaqların müdafiəsi ilə bağlı maddələr var, lakin icra mexanizmi doğru istiqamətdə həyata keçirilmir. Bu gün zəncirvari əməkdaşlıq hansı səviyyədədir? İcra hakimiyyətləri yanında komissiyaların bir neçə işçisinin böyük ərazini əhatə etməyi mümkün deyil. Hər rayonda təxminən yüz zorakılığa məruz qalmış uşağın probleminin araşdırılması, həlli vaxt, insan resursu baxımından mümkün deyil. Qanunvericilikdə qurumların səlahiyyətləri düzgün göstərilmir. İki gün öncə qətlə yetirilən uşaqlarla bağlı hüquq-mühafizə orqanlarına irad tutulur. Lakin mənzil hüququ faktoru var. Buna görə də qurumlar arasında əməkdaşlıq önəmlidir. Hüquq-mühafizə orqanlarının əməkdaşları sayəsində xilas olan uşaqlar kifayət qədərdir. Nəzərə almaq lazımdır ki,  hüquq-mühafizə orqanlarının səlahiyyəti məhduddur.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, təhsildən yayınma halları olduqda Təhsil Nazirliyi, eləcə də  Sosial Xidmətlər Agentliyi  səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməlidirlər. Eyni zamanda qanunvericiliyə yeni maddələr əlavə olunmalıdır və işlək mexanizm tətbiq olunmalıdır”.

Qeyd edək ki, Baş Prokurorluq azyaşlılara fiziki və psixoloji təzyiq göstərilməsi ilə bağlı vətəndaşlara müraciət edib. Bildirilir ki, azyaşlılara qarşı fiziki və psixoloji təzyiq göstərilməsini müşahidə edən zaman vətəndaşlar dərhal Baş Prokurorluğun 961 Qaynar Xəttinə zəng etməlidirlər.

 

Nigar HƏSƏNLİ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir