virus

Ölüm virusu: ani diqqətsizlik və illərlə sürən cəhənnəm əzabı – ARAŞDIRMA

Baxış sayı: 1. 314

2015-ci il iyunun 1-dən etibarən nikaha daxil olmaq istəyən cütlüklərin mütləq tibbi müayinədən keçmək tələbi bir çoxları tərəfindən normal qarşılanmamışdı. Bəziləri bu tibbi arayışların rüşvətə bağlı olacağını da dilə gətirmişdi. Ancaq bir neçə gün öncə mətbuatda gedən xəbər sübut etdi ki, “Sağlamlıq haqqında arayış” ailələrin gələcəyi və sağlamlığı üçün çox əhəmiyyətlidir.

Məlumatda qeyd olunurdu ki, Azərbaycanda nikaha daxil olmaq istəyən 20 gəncdə QİÇS xəstəliyi aşkarlanıb. Gənclərdən biri qadın, 19-u isə kişidir.

Ani olaraq düşünün, bu arayış məcburən tələb olunmasaydı, kim bilir daha neçə nəfərin  QİÇS-ə yoluxma riski vardı.

Mövzunun aktuallığını nəzərə alaraq, “Gencaile.az” Aile.lent.az-a istinadən oxucularına QİÇS xəstəliyi haqqında geniş bilgiləri təqdim edir.

QİÇS-i bəşəriyyətin bəlası adlandırmaq olar. Əsasən cinsi və qan yoluyla yoluxan  immun çatışmazlığı sindromu bədənə daxil olduğu andan orqanizmin xəstəliklərə qarşı  müqavimət göstərməsini təmin edən immunitet sistemini yox edir. Beləcə, başqa xəstəliklərə yoluxma asanlaşır və bədən ən sadə soyuqdəyməyə qarşı belə, müqavimət göstərə bilmir. Bu xəstəlik həm qadınlarda, həm də kişilərdə istənilən yaşda ortaya çıxa bilər.

QİÇS ilk dəfə 1985-ci ildə ABŞ-da tapılıb. Hazırda Azərbaycanda təqribən 1000-ə yaxın QİÇS xəstəsi var. Bu xəstəlik narkomanlarda, homoseksuallarda, eləcə də hemofiliya xəstələrində daha çox müşahidə edilir. Bəzi insanlarda isə xəstəliyin yoluxma yolları müəyyən edilməyib.

QİÇS haqda məlumat verən terapevt Məlahət Abbasova bildirir ki, virus bədənə  daxil olan kimi xəstəlik özünü büruzə vermir. Virusun bədənə daxil olduğunu bildirən hər hansı bir əlamət də özünü göstərmir. Xəstəlik virus bədənə düşdükdən 10-12 il sonra özünü göstərməyə başlayır. Bu zaman müddətində isə xəstə virusu başqalarına yoluxdura bilir. QİÇS xəstələri üçün ölüm qaçılmaz sondur. Nə qədər müalicə olunsa da, bu, sadəcə olaraq xəstənin ömrünü cüzi artıra bilir.

Həkim bildirir ki, QİÇS virusu əsasən üç yolla yoluxur: “Virus daşıyıcısı olan biri ilə normal və ya qeyri-ənənəvi yolla qorunmasız cinsi əlaqə zamanı, xəstə hamilə anadan övladına hamiləlik və ya doğuş zamanı, HİV daşıyıcılarının qanı ilə təmas və ya orqan nəqli zamanı xəstəlik yoluxa bilər. QİÇS yoluxduqdan 10 il sonra özünü göstərməyə başlayır. Bu zaman bədəndə olan virus qan hüceyrələrinə zərər verərək, onları məhv edir. Bu hüceyrələr yox olmağa başladığı zaman bədənin müdafiə mexanizmi getdikcə azalır və xəstəliyə tutulma ehtimalı çox artır”.

Hərarətin artması, iştahsızlıq, sürətli arıqlama, bədənin bəzi bölgələrində  uçuq və yaralar, ağciyər xəstəlikləri, gecələr tərləmə, ishal, öskürək, limfa vəzilərinin böyüməsi QİÇS-in əlamətləridir. Bir daha qeyd edək ki, bu əlamətlər virusun bədənə düşdüyü vaxtdan 10-12 il sonra özünü göstərməyə başlayır.

Virus bədənə düşdükdən müəyyən müddət sonra limfa vəzilərinin şişməsi və boğaz ağrısı kimi əlamətlər müşahidə edilir. Bu zaman virus qana doğru hərəkət edir və çoxalmağa başlayır. Buna görə də orqanizm hərarətin artmasıyla reaksiya verir.   İmmun sisteminin bədənə girən virusa reaksiya verməsinin ardınca bədən tərəfindən ifraz edilən inflamatuar maddələr xəstənin özünü yorğun və key kimi hiss etməsinə səbəb olur. Yorğunluq bu xəstəliyin həm erkən, həm də gec əlaməti kimi müşahidə edilə bilər. Daha sonra xəstədə diqqət zəifliyi müşahidə edilməyə başlayır. QİÇS-li xəstədə yaddaş pozğunluğu, əsəb və hirslilik də özünü göstərir.

Ümumiyyətlə, QİÇS qrip, başqa viral infeksiyalar, sifilis və ya hepatitlə də qarışdırıla bilər. Bu vəziyyət əslində çaşdırıcı deyil. Çünki bu xəstəliklərin əlamətləri demək olar ki, eynidir. Bədənin immunitet sistemin bir parçası olan limfa düyünləri bir infeksiya olan zaman iltihaba meyllidir. Bu düyünlər qasıqlarda, qoltuq altında və boyunda yerləşir.

Virus inkişaf etdikcə dırnaqlarda qalınlaşma və rəng dəyişməsi müşahidə edilir.  Tükənmiş immunitet sisteminə sahib olan xəstələr göbələk infeksiyasına qarşı da həssas olurlar.

Virusun inkişafının son mərhələsində genital bölgədə, ağız içində uçuqlar, yaralar meydana gəlir. QİÇS-li qadınlarda xəstəliyin son dönəmi özünü menstruasiya tsiklinin pozulması və erkən klimaks dövrü ilə göstərir.

Xəstəlik qan analizi ilə müəyyən edilir. Əlamətlər görüldüyü zaman qan testləri neqativ olsa belə, 6 ay sonra təkrar analiz verilməlidir.

Xəstəliyin 30 ildir ki, bəşəriyyətin amansız düşməninə çevrilməsinə və tibb elminin gündən-günə inkişaf etməsinə baxmayaraq, tam müalicəsi hələ də müəyyən edilməyib.  Orqanizmi bu virusdan qoruya bilən hər hansı bir peyvənd də ixtira olunmayıb. Amma bəzi dərman preparatları var ki, xəstənin daha uzun və rahat yaşaya bilməsinə yardım edir. Xəstəlik həyat boyu müalicə tələb edir və xəstə diqqətli bir həyat sürməlidir.

Həkim qeyd edir ki, QİÇS-dən qorunmaq üçün təsadüfi cinsi əlaqədən uzaq olmaq,  təsadüfi cinsi əlaqələr zamanı prezervativdən istifadə etmək mütləqdir.

Xəstəliyin yoluxmasının bir yolu da qan nəqli olduğu üçün QİÇS testi edilməmiş qandan əsla istifadə etmək olmaz. Bu işdə səhiyyə işçilərinin üzərinə böyük məsuliyyət düşür. İstifadə edilmiş və sterilizə edilməmiş cərrahi alətlər, şprislər, ülgüclər yenidən istifadə edilməməlidir. Gözəllik salonlarında pedikür və manikür zamanı alətlərin sterilizə edilməsi tələb olunmalıdır. Bədəndə bir yara əmələ gəldiyi zaman ora ətrafdan virusların daxil olmaması üçün qoruyucu bantlardan istifadə edilməlidir.

Eyni qabdan yemək, eyni yemək alətlərindən istifadə etməklə xəstəlik yoluxmur. Yanaqdan öpüşmə, öskürək, tər, qucaqlaşmaqla da yoluxmaz: “Bəzən ağcaqanadların və ya digər həşəratların sancması ilə müxtəlif xəstəliklərin yoluxduğu bildirilir. Amma  QİÇS-in həşəratların sancması yoluyla yoluxması müəyyən edilməyib”.

“Faustus” Hüquqi Xidmətlər Mərkəzinin direktoru Vasif Rzayevin sözlərinə görə, Cinayət Məcəlləsinin 139-cu maddəsində qeyd olunur ki, özündə zöhrəvi xəstəlik olduğunu bilən şəxsin bu xəstəliyi başqa şəxsə yoluxdurması üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır: “Cinayət Məcəlləsinə görə, bilə-bilə başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxma təhlükəsi qarşısında qoymaq iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məcəllənin 140.2-ci maddəsində nəzərdə tutulmuş əməllər nəticəsində iki və ya daha çox şəxsi və ya yetkinlik yaşına çatmayanı insan immunçatışmazlığı virusu ilə yoluxdurma beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə, öz xidməti vəzifələrini lazımınca yerinə yetirməməsi nəticəsində başqa şəxsi bu virusa yoluxdurmaq üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Statistikaya görə, QİÇS daha çox qorumasız cinsi əlaqə ilə yoluxur. Odur ki, insan hisslərinə hakim olmağı bacarmalıdır. Əks təqdirdə, ani həvəslə yaşanan bir münasibət həyatın məhv olmasına gətirib çıxarar. İnsan öz sağlamlığını zəmanət altına almaq üçün  təsadüfi cinsi əlaqələrdən uzaq olmalı, gözəllik salonlarında, səhiyyə müəssisələrində istifadə edilən vasitələrin sterilizə olunduğuna tam əmin olmalı, qan nəqli həyata keçiriləcəksə, analizlərin nəticələrini tələb etməlidir.

Çalışın, sağlamlığınızı qoruyun…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir