Öz ailə modelini tanı

Baxış sayı: 1. 630

Ailələr müxtəlif olur. Elə ailələr var ki, orada ciddi daxili qaydalar mövcuddur və onlar ailə daxilinə kənar şəxslərin müdaxiləsinə icazə vermir. Elə ailələr də var ki, orada qaydalar vəziyyətə uyğun olaraq dəyişir. Bu xüsusiyyətlər nəzərə alınaraq ailə modelləri müəyyənləşdirilir.

Psixoloq Ruhanə Rzayevanın sözlərinə görə, standart bir ailə modeli yoxdur: “Hər bir ailə digər ailələrdən fərqlənir. Lakin ailədaxili qaydaların, həyat tərzlərinin, ailədaxili prinsiplərin oxşar cəhətlərinə əsasən ailələr 4 fərqli ailə modelinə bölünür. Bu ailə modelləri qarışıq şəkildə də ola bilər. Zamanla onların müəyyən xüsusiyyətləri də dəyişəcək. Ən çox stress və nevroz yaşayan ailələr üzvlərinin xasiyyətinə tam uyğun olmayan hansısa bir ailə modelinə oxşamağa, bir ailə modelindən tez-tez o birilərinə keçməyə çalışan ailələrdir”.

Rzayeva bildirib ki, ailənin inkişafı və daha möhkəmlənməsi üçün vaxtaşırı konfliktlərin olacağını qəbul etmək lazımdır. Ailə modelindən asılı olmayaraq, hər bir ailə özü daxili qaydalarını müəyyən etməlidir. Hər bir ailə modelinin öz üstünlüyü, fərqli cəhətləri, qaydaları və mənfi cəhətləri var.

Həmsöhbətimizə görə, qohum və tanışlara çox etibar edən ailə modelində qayınana və qayınata, qayın, baldıza ailəyə müdaxilə etməyə, münasibətlərə və ailə problemlərinin həllinə qarışmağa sərbəstlik verilir. “Belə ailə başqalarına inanır və başqalarının məsləhətlərinə qulaq asır. Bu səbəbdən də onların şəxsi münasibətləri üçün ailədə bir növ yer qalmır. Ailə sirri deyilən bir şey olmur. Ona görə ki, ailə üzvləri arasında danışdıqları istənilən məsələni qohum və tanışların yanında da rahat danışırlar. Hətta başqalarının onların ailəsi üçün vacib qərar verdiyi hallar da olur”.

Qohum və tanışlara çox etibar edən ailələrin üstünlüyü qonaqpərvər olmaları, müxtəlif təsirlərə məruz qalaraq rəngarəng olması, müzakirələrin, ünsiyyətin çox olması, çətin anlarda qohum və dostlarının dəstəyidir. Belə ailədə get-gəl çox olduğundan həyat heç vaxt darıxdırıcı olmur.

Müsahibimiz qeyd edib ki, belə ailələrin mənfi cəhəti şəxsi sərhədləri tələb olunan qədər qorumadıqda şəxsi münasibət üçün şəraitin mümkün olmamasıdır: “Bu da ailənin xoşbəxt ailə kimi yaşamasına mane olur. Ailə həyatında gündəlik rejim gözlənilmir. Hər kəs müxtəlif fikirlərini ailədə gerçəkləşdirir. Məsələn, kimsə yemək otağını özünün iş otağına çevirir, kimsə dost-tanışını məsləhətləşmədən dəvət edir, müxtəlif heyvan saxlamaq həvəsinə gəlir və s. Bir sözlə, hərə nə istəyirsə, onu da edir. Belə ailə əlavə təsirləri qəbul edir, lakin özü də bundan əziyyət çəkir”.

2-ci ailə modeli birlik olmayan və hər kəsin özünü düşündüyü ailədir. Belə ailəni də uğurlu adlandırmaq olmaz. Ona görə ki, ailədə valideynlər övladlarını istiqamətləndirməyə meylli olmurlar. Psixoloji olaraq onlar ya öz ata evinə, ailəsinə çox bağlı qalıblar, ya da əksinə, onları daha qəbul etmirlər. Belə ailədə birlik və qaydalar yoxdur. Bu cür ailələr tez-tez çətinliklərlə üzləşir və öz gücünə inanmamağa başlayır. Belə ailə modelinin üstünlüyü ailə üzvlərini sıxmamasıdır. Hər bir ailə üzvünə sərbəst inkişaf üçün şərait və həyata öz baxış tərzini formalaşdırmağa şərait yaradır. Mənfi cəhətləri isə belə ailədə valideynlərin uşağa çox diqqət verməməsi, hətta onu özbaşına buraxmasıdır. “Uşağa dəyərləri anlatmır və onu tərbiyə etməyə ehtiyac duymurlar. Lakin sonradan uşaq böyüdükcə bunun əziyyətini çəkirlər. Belə ailələrdən olan uşaqlar yeniyetmə yaşlarında qeyri-adi davranış tərzinə ehtiyac duyur”.

Psixoloqun dediyinə görə, adət-ənənəsi olan və onlara sadiq qalan ailələrdə dini baxışlara, mənəvi dəyərlərə və ya siyasi baxışlara böyük əhəmiyyət verilir: “Belə ailərdə ciddi rejim gözlənilir. Geyimə, nitq mədəniyyətinə, qidalanmaya ciddi tələblər qoyulur. Onlar yeməyi süfrə arxasında birgə əyləşib yeyir, bazar günlərini birgə keçirirlər”.

Belə ailənin üstünlüyü birgə daha çox vaxt keçirməsi, uşaqların tərbiyəsinə yetərincə vaxt ayırmasıdır. Ailə üzvləri özlərini daha güvənli hiss edirlər. Lakin belə ailələrin də mənfi cəhəti olur. Bəzən qaydaları pozmaq istəmədikləri üçün gerçəkliyi görmürlər. Belə ailələr ailə sirrini gizlətmək üçün tez-tez yalan danışır. Ailəsində baş verən koflikt və xoşagəlməz hadisəni həmişə gizləyəcək və bundan utanacaqlar.

R.Rzayeva deyir ki, öz ailə üzvlərindən başqa heç kimi istəməyən ailə modelləri də var. Onlar ailəsindən kənar insanları və mühiti inkar edir və hətta nifrət hissi bəsləyir. Ailə ətrafdakılardan özünü qorumaq üçün ailəsi ilə xarici mühit arasında sədd çəkir. Sədd ailəni dünyada baş verən haqsızlıq, əxlaqsızlıq və pisliklərdən qorumalıdır. Belə ailə modelinin üstünlüyü ailənin daxili qaydalarının olması və mənfi təsirlərin ailəyə daxil olmasının qarşısını almasıdır. Mənfi cəhəti isə hədsiz qapalı ailə həyatı sürən ailə üzvlərinin ailədən kənarda qəribə meyllərinin olmasıdır. Belə ailə üzvlərində qəribəlik varsa, onu hamıdan gizlətməyə çalışır. Qapalı ailə modelində zorakılıq halları da olur və bu, gizli saxlanılır. Ailə özünə çox qapanırsa, deməli, gizlətməyə nəsə var.

 

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir