ramazan

Pandemiya günlərində Ramazan ayını necə keçirməli?

Baxış sayı: 844

Bu gün müqəddəs Ramazan ayının ilk günüdür. Ramazan ayının builki təqviminə görə, Əhya gecələri (Qədr gecəsi) 12 may, 14 may, 16 may və 20 may tarixlərinə təsadüf edir. Ramazan bayramı may ayının 24-nə təsadüf edəcək. Niyyət gecəsi aprelin 24-dən 25-nə keçən gecəyə düşür. Ramazan ayının başlanması ilə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının yaydığı fətvaya görə, xüsusi karantin rejimi dövründə şəriətdə vacib olmayan, adət-ənənələrimizə söykənən dini mərasimlərin (ehsan, mövlud və s.) keçirilməməsi tövsiyə edilir. Şəri baxımdan vacib olan dəfn mərasimləri şəriət qaydalarına əməl edilməsi şərti ilə karantin dövründə məhdud çərçivədə həyata keçirilməlidir. İftar süfrəsinin də hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırılıb. Bildirilib ki, bütün bu tövsiyələr hazırda tüğyan edən xəstəlik səbəbindən, müvəqqəti səciyyə daşıyır.

Ramazan ayında insanlar oruc tutmalı, xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutmalıdırlar. Xəstə olan, habelə zəifləyərək xəstəliyə düçar olma ehtimalı olan insanların oruclarını başqa vaxtda tutmaları məqsədəuyğundur. Bu şəxslər sağaldıqdan sonra, sağlam halda gələn Ramazana kimi öz orucluq ibadətlərini tamamlaya bilərlər. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verilməsi vacibdir.

Bu dəfə xalqımız Ramazan ayının ilk günlərini karantin şəraitində keçirəcək. Maraqlıdır, bu günləri insanlarımız necə dəyərləndirməlidir, hansı əməllərlə məşğul olmaq daha məqsədəuyğun sayılar?

 

İlahiyyatçı Elvüsal Məmmədovun sözlərinə görə, karantin şəraitində Ramazan ayını daha səmərəli keçirmək üçün müxtəlif ibadətlərlə məşğul olmalıyıq: “Ramazan, təkcə ac və susuz qalmaq ayı deyil. Bu günlər mənəvi yükü, məqsədi olan ac qalmaq ayıdır. Bununla yanaşı, Ramazan, sadəcə oruc tutmaqla məhdudlaşan bir ay deyil. Bu ayda Allaha yaxınlaşmağın, Allahın savabını qazanmağın, ona yaxın olmağın çox üsulları var. Bunlardan ən əsası orucdur. Digər ibadətlərə gəlincə isə məsləhət görülür ki, insanlarımız Quran oxusunlar. Çünki Ramazan hər şeydən öncə Quran ayıdır. Bizim müqəddəs kitabımız Quranı-Kərim məhz bu ayda nazil olub. Ərəb hərflərini bilənlər ərəbcədən, bilməyənlər isə tərcümə olunmuş variantını oxusunlar. Hər bir halda Qurani-Kərim həyatın düsturudur, təlimat kitabçasıdır. Biz bu kitabı oxumaqla həm paklanırıq, həm Allaha daha yaxın oluruq, həm də həyata dair baxışlarımız daha dəqiqləşir. Biz bu həyata nə üçün gəldiyimizi daha dərindən dərk edirik. Məncə, bu gün hər bir müsəlmanın evində Quran var. Digər tərəfdən, təkcə oxumaqla kifayətlənməyib, Quranı-Kərimi dinləyə bilərik. Bundan başqa, biz bugünlərdə ibadətlərimizin sayını artıra bilərik. Hər gün qılınan 5 vaxt namazından əlavə namazlar da qılmağımız mümkündür. Çünki peyğəmbərimiz vacib olan namazlarla yanaşı, vacib olmayanları da bu ayda qılmağı tövsiyə edib. İbadətlərimiz sırasında zikrlərimiz də var. Həmçinin başqa qeyri-dini kitablar da mütaliə edə bilərlər. Əsas odur ki, həmin kitablar insanlara mənəvi zənginlik, tərbiyə aşılasın. Ədəbiyyat özü də “ədəb” sözündən götürülüb. Elə ədəbiyyat seçib oxumalyıq ki, bizim hərtərəfli inkişafımıza kömək etsin”.

İlhaiyyətçi qeyd edir ki, bu ərəfədə  böyüklərimizi, qohumlarımızı da yad etməliyik: “Bu dönəmlər karantin şəraiti ilə əlaqədər olaraq qohumlarımıza, böyüklərimizə baş çəkməyimiz mümkün olmasa da, ən azından telefonla zəng vurub hal-əhval tutmalıyıq. Həmçinin ehtiyacı olan ailələrə yardım edə bilərik. Hər kəsə bəlli məsələdir ki, karantin şəraitinə görə işləyə bilməyən ailələrin ərzağa ehtiyacı var. Onlara yardım əli uzatmaqla, ən böyük savabı etmiş olarıq”.

 

Həkim-dietoloq Arzu Səlimova isə bu dönəmlərdə düzgün qidalanmalı və bol su içməli olduğumuzu bildirir: “Karantin şəraitində oruc tutmaq insanlara çətin gələ bilər. Çünki əvvəlki dövrlərdə işdə olurdular və zamanın necə keçdiyi bilinmirdi. Amma indi hər kəs evdədir və zaman onların əleyhinə işləyir. Elə düşünəcəklər ki, vaxt keçmir. Bu, onları sıxa bilər. Ona görə, yaxşı olar ki, özləri üçün bir məşğulliyyət tapsınlar. Kitab oxusunlar, “youtube” sosial şəbəkəsində maraqlı, fərdi inkişaflarına kömək edəcək videolara baxsınlar. Yemək məsələsinə gəlincə isə səhər yeməyində məsləhət olunandır ki, bol su içsinlər. Çünki gün ərzində orqanizm su qəbul etmədiyi üçün tələbat yarana bilər. Ona görə, bu tələbatı səhər yeməyində və ya iftardan sonra ödəməyə çalışsınlar. Axşam yeməklərində yağlı, duzlu və ən əsası, un məmulatlı yeməklərdən çəkinsinlər. Karantin şəraitində olduqları üçün ciddi çəki ala bilərlər. Ona görə, daha çox qaynadılmış və az yağda bişirilmiş yeməklərə üstünlük versinlər. Bir də, mümkündürsə, axşam yeməyindən 1 saat sonra ev şəraitində yüngül idman hərəkətləri etsinlər. Bu, onların yediklərini daha yaxşı həzm etmələrinə və artıq çəki almamalarına kömək edəcək”.

 

Günel Azadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir