Qumru Eyvazova

Passivlərin bölünməsi nədir? – “VƏKİL BÜROSU”

Baxış sayı: 452

Ər-arvadın ümumi əmlakının bölünməsi, bir qayda olaraq, onların hər birinin həyatında zərif, lakin bəzən dramatik bir epizoddur, bu, ən çox boşanma zamanı baş verir, lakin ər-arvadın tələbi ilə istənilən dövrdə baş verə bilər, yəni birgə nikah dövründə də nikah müqaviləsi bağlanılması yolu ilə həyata keçirilə bilər.

Nikah zamanı ümumi əmlakın bölünməsinin səbəbləri müxtəlifdir: ər-arvaddan birinin əmlakı müstəqil idarə etmək, şəxsi borclarını ödəmək üçün əmlakdakı payını ayırmaq istəyi, habelə ailə münasibətlərinə faktiki xitam verilməsi və sairə kimi hallardan yaranan səbəblərdir.

Müşahidə etdiyimiz praktikada əksər hallarda birgə nikah dövründə əldə edilən aktivlərin bölünməsi faktı ilə rastlaşırıq. Lakin, birgə nikah dövründə əldə edilən passivlərin bölünməsi isə aktivlərdən nisbətdə azlıq təşkil edir.

Rusiya qanunvericiliyinə nəzər salsaq görə bilərik ki, bu məsələ Rusiya Ailə Məcəlləsinin 39-cu maddəsində təsbit edilmişdir. Belə ki. həmin maddəyə əsasən, ər-arvadın ümumi borcları onların əmlakının öhdəliyini təşkil edir və ər-arvadlara verilən paylara nisbətdəbölüşdürülür. Ər-arvadın ümumi borcları dedikdə, onların nikahı zamanı ümumi təsərrüfat fəaliyyətini aparmaq, ailənin mənafeyinə uyğun əqdlər etmək, yetkinlik yaşına çatmayan övladlarının üçüncü şəxslərə vurduğu zərərə görə məsuliyyət daşımaq və s. ilə əlaqədar yaranan borclar başa düşülməlidir. Buna görə də ər-arvad bu cür borclara görə birgə məsuliyyət daşımalıdırlar.

 

Bəs milli qanunvericilikdə bu məsələ nə cür tənzimlənir?

Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor (kreditorlar) ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor (kreditorlar) qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır.

Həmçinin nəzərə alınmalıdır ki, ümumi öhdəlikdə payların müəyyən olunması zamanı borclunun əvəz edilməsi həyata keçirilmir. Belə ki, Mülki Məcəllənin 522-ci maddəsinə (öhdəliklərin verilməsi əsasları və qaydası) müvafiq olaraq, öhdəlik üçüncü şəxsə yalnız kreditorla (kreditorlar) müqaviləyə əsasən verilə bilər. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu, yalnız kreditorun (kreditorların) icazəsi ilə etibarlı olur. Digər tərəfdən kredit təşkilatları məhz borcalan qismində müraciət etmiş şəxsin şəxsiyyətini, maddi imkanlarını, ödəmə qabiliyyətini nəzərə alaraq, həmin şəxslə kredit hüquq münasibətlərinə daxil olduğundan kreditorun iradəsinə zidd olaraq borclunun dəyişdirilməsi kreditorun (kreditorların) mənafeləri uyğun olmamaqla, onun öz risklərini idarə etmək imkanlarına ciddi təsir edə bilər.

Bu baxımdan oxşar mübahisələr üzrə ər-arvadın üçüncü şəxslər qarşısında ümumi öhdəliklərinin müəyyən edilməsi heç bir halda kreditorun (kreditorların) razılığı olmadan kredit müqavilələrinin şərtlərinin, o cümlədən kredit müqaviləsi üzrə borcluların və ya onların öhdəliklərinin dəyişməsi kimi başa düşülməməli və mübahisələr bu qaydada həll edilməməlidir.

Azərbaycan Respublikasının Ali Məhkəməsinin 12 mart 2024-cü il tarixli Qərarı ilə bu fakt daha da geniş izah edildi və bunun hansı hallarda və hansı qaydada həlli yolları həmin qərarda öz əksini tapdı.

Qərarda qeyd edilmişdir ki, ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər.

Həmçinin, ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2-ci maddəsi). Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət etmədikdə isə, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.

O da nəzərə alınmalıdır ki, borca münasibətdə payların müəyyən olunması ərin və arvadın bir-birlərinə qarşı tələblərinin həcmi (daxili münasibət) baxımından əhəmiyyət kəsb edir. Pay nisbəti birgə borcluların kreditor (kreditorlar) qarşısındakı məsuliyyətinin (xarici münasibətin) həcmini müəyyənləşdirmir. Bu səbəbdən ər (arvad) icra etdiyi öhdəliyin ərin (arvadın) payına düşən hissəsini ondan tələb edə biləcəyi halda, kreditor pay nisbətindən asılı olmayaraq bütün borcu ərdən (arvaddan) həm birlikdə, həm də ayrı-ayrılıqda tələb edə bilər. Çünki birgə borcluluqda kreditor (kreditorlar) öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər və öhdəlik tam icra edilənədək birgə borcluların öhdəlikləri qüvvədə qalır.

Ərin (arvadın) ayrıca öhdəliyi ilə bağlı tutma isə yalnız onun başqa əmlakı borcun ödənilməsinə kifayət etmədikdə ərin (arvadın) ümumi əmlakda olan payına yönəldilə bilər. Bu cür yönəltmə kreditorun (kreditorların) tələbi əsasında Mülki Məcəllənin 224-cü maddəsində müəyyən edilmiş qaydaya və ardıcıllığa riayət edilməklə həyata keçirilməlidir. Həmin qaydalara (ardıcıllığa) riayət edilmədən ümumi əmlakın birbaşa açıq hərracdan satılması qanunsuzdur.

Eyni qaydaya ərin (arvadın) ayrıca öhdəliyi ilə bağlı tutmanın icra icraatı çərçivəsində ərin (arvadın) ümumi əmlakda olan payına yönəldilməsi zamanı da riayət edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir.

 

Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir