zorakiliq

Qadınlarımız niyə zorakılığa məruz qalır? – MÜTƏXƏSSİSLƏR DANIŞIRLAR

Baxış sayı: 325

Son illər qadınlara qarşı ailədaxili zorakılıq faktlarının sayı durmadan artmaqda davam edir. Əfsuslar olsun ki, bu zorakılıqların əksər hallarda ölümlə də nəticələnə bilir. Bir neçə gün öncə Şəmkirdə həyat yoldaşını və qızını qətilə yetirən rayonun Çinarlı qəsəbəsinin sakini Elməddin Həsənovun törətdiyi hadisə, eləcə də dünən Sumqayıtda 1984-cü il təvəllüdlü Cəfərova Zəminənin atası tərəfindən naqillə boğularaq öldürülməsi dediklərimizin təsdiqi sayıla bilər.

Baxmayaraq  ki, hələ 1979-cu ildə BMT qadınlara qarşı zorakılığın, hər cür ayrı-seçkiliyin aradan qaldırılması üçün konvensiya qəbul edib. 1995 -ci ildə isə Azərbaycan bu konvensiyaya qoşulub. 30 maddədən ibarət konvensiyanın 10 maddəsi qadın hüquqlarından bəhs edir. Aparılan araşdırmalar nəticəsində, hazırda dünyada qadınların hər 3-dən birinin nə vaxtsa zorakılığa məruz qalması, hər 3 dəqiqədən bir ən azı bir qadın öldürülməsi məlum olub. Hər il dünyada 3-4 milyon qadın öz həyat yoldaşı tərəfindən döyülür. Ailə zorakılığının 95 faiz qurbanı qadınlar olur. Hadisələrin 80 faiz kişilər tərəfindən törədilir.

ZORAKILIQ

Bəs, görəsən, qadınlarımızın döyülməsinə səbəb nədir? Onlar niyə əks cinsin nümayəndələri tərəfindən şiddətə məruz qalırlar?

Məsələyə münasibət bildirən “Təmiz Dünya» Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, cəmiyyətdə qadınlara qarşı şiddətin artması onların öz hüquqlarını bilməməsi və müvafiq qurumlara müraciət etməkdən çəkinməsi ilə bağlıdır: «Konkret statistika göstərmək istəyiriksə ilk növbədə hamilə qadınların qız övladı dünyaya gətirəcəkləri halda aborta meyilləndirllməsini qeyd etməliyik. Azərbaycan əhalisi arasında hər zaman qadınlar daha üstün faizə malik olublar. Qadınlar 51 faiz, kişilər isə 49 faiz olub. Lakin bugünki rəqəmlərə nəzər yetirdikdə kişilərin say göstəricisinin 57 faiz, qadınların isə daha az olduğunu görə bilərik. Öncəki illərdən fərqli olaraq kişilərin qadınlardan daha çox olması Azərbaycanda qadına qarşı zorakılığın get-gedə artdığını göstərir. Gündəlik olaraq sosial şəbəkələr, qəzet, televiziya, radio vasitəsilə qadınlara qarşı zorakılıqlardan xəbərdar oluruq. Qadın öldürülür, zorakılığa, işgəncəyə məruz qalır, ya da ki intihar etməli olur. Azərbaycanda qadına qarşı zorakılığın dinamikası hələ ki azalmır, əksinə artmaqda davam edir. Digər tərəfdən bu gün həm də qadınlar iqtisadi zorakılığa məruz qalırlar. Təxminən 10 ailədən doqquzunda iqtisadi imkanların kişinin əlində olduğunu deyə bilərik. Lakin konkret olaraq nə qədər qadının iqtisadi zorakılığa məruz qaldığını söyləmək çətindir».

Mehriban Zeynalova

Zərərçəkmişlərə yardım göstərilir

Ekspert öz açıqlamasında rəhbərlik etdiyi təşkilatın zorakılığa məruz qalan qadınlar yaxından dəstək göstərdiyini də söyləyir: «Biz gündəlik mətbuatın monitorinqini təşkil edərək baş verən hadisələrlə bağlı araşdırmalar aparırıq. “Qaynar xətt” xidmətimizə isə zorakılığa məruz qalan qadınlar zəng edərək şikayətlərini bildirirlər. Bundan başqa maarifləndirmə işləri apararaq psixoloji yardımlar göstəririk. Ümumi statistikaya nəzərən deyə bilərik ki, hər ay qadın zorakılığı ilə bağlı “Qaynar xətt”imizə təxminən 350-360 zəng daxil olur. Biz hesab edirik ki, mövcud qanunvericilikdəki bəzi boşluqlar da qadınların şiddətə mərukz qalması yol açır. Təbii ki, hazırda bu sahədə müəyyən işlərin görülməsinə ehtiyac görürəm. Məsələn, qız uşaqlarının erkən ərə getmələri ilə bağlı qanunda cərimələr nəzərdə tutulsa da hələ ki, Azərbaycanda kiminsə buna görə cinayət məsuliyyətinə cəlb edildiyini görməmişik. Baş verəcək qanun pozuntuları ilə əlaqədar polisin də rolu müəyyən edilməyib. Məsələn, kimsə psixoloji, ya iqtisadi zorakılığa məruz qaldığı üçün müraciət etdikdə, polis heç bir zədə olmadığı üçün şikayət etdiyiniz şəxsi məsuliyyətə cəlb etməkdən imtina edəcək. Yəni, bu gün istənilən şəxs cəza olmadığı üçün həyat yoldaşını döyə bilər. Bunun müqabilində yalnız cərimə ödəyən kişi ödədiyi pula, həm də həyat yoldaşının polisə müraciət etməsinə görə onu yenidən döyəcək. Bu baxımdan cəmiyyətdə ciddi maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə ehtiyac var. İqtisadi və sosial istiqamətdə hər hansı tədbirlər həyata keçirilərsə steorotipləri aradan qaldırmaq mümkün olar».

ORXAN F

Emosional bağların qopduğu dövr təhlükəli sayılır

Mövzu ilə bağlı fikirlərini bölüşən tanınmış psixiatr Orxan Fərəcli də təəsüflə qeyd edir ki, hazırda cəmiyyətimdə ciddi aqressivlik müşahidə edilir: «Biz ən xırda konfiliktlərin belə, yumruq, təpik, bıçaq davasına çevrildiyi bir dövrdə yaşayırıq. Sosial mediadan tutmuş televiziya verilişlərinə qədər xəbər bloklarının əsasını kriminal yönümlü informasiyalar təşkil edir. Aqressiv davranışın bir çox formaları var ki, bunlardan ən çox yayılanı ailədaxili konfliktlərdir. Bəzən sevərək, bütün adət-ənənələrə riayət olunaraq sevinclə qurulan ailələrdə evliliyin ilk illərində problemlər ortaya çıxmağa başlayır. Emosional bağların qopduğu, yəni qarşılıqlı gözləntilərin puç olduğu bu dövr çox təhlükəlidir. Boşanma hadisəsinin, eləcə də ilk ailə daxili konfliktlərin təməlləri məhz bu aylarda qoyulur. İlk aylarda nisbətən az olan aqressiv davranış getdikcə artmağa başlayır. Bəzən qısa müddətli küsüb barışma halları rast gəlinsə də, təcrübə göstərir ki, hər dəfə barışdıqdan sonra daha ciddi konfliktlər yaşanır».

Onun sözlərinə görə, ailədaxili aqressiv davranışlar heç də bir günün içində ortaya çıxan mənzərə deyil: «Tarix boyu cəmiyyətdə kişinin qadına qarşı aqressiv rəftarına bir növ mənəvi haqq qazandırılıb. Uşaqlıq dövründən ”qızını döyməyən, dizini döyər” misalı bunun ən bariz nümunəsidir. Buna görə də şüuraltımızda problem həll etmə yolu kimi həmişə döyüş, dava olub. Bundan başqa bu cür kişilərə cəmiyyətdə rəğbət bəslənilməsi aqressivliyin sosial səbəblərindəndir. Bir şeyi də unutmaq lazım deyil ki, ünsiyyət bacarığı olmayan, duyğularını ifadə edə bilməyən, məntiqi düşünə bilməyən insanlar tez-tez ailədə aqressiv rəftar edirlər.

Ailədə ər-arvad arasında baş verən münaqişələrdə fiziki şiddəti 90 faiz hallarda kişilər həyata keçirsə də, qalan digər hallarda qadın şiddətinin də şahidi oluruq. Fiziki şiddət göstərən kişilərin əksəriyyətinin təhsili və sosiol iqtisadi vəziyyəti aşağı olan şəxslər olsa da, 20 faizi universitet məzunu, ali təhsilli şəxslərdir. Tibbi olaraq isə bəzi psixiatrik xəstəliklər məsələn, antisosial və narsistik şəxsiyyət pozuntularında, şizofreniyada, narkotik maddə asılılığı olan şəxslərdə daha çox rast gəlinir. Bizim cəmiyyətdə aqressiv davranışın ən böyük səbəbi həm də maddi vəziyyətlərin aşağı olmasıdır ki, özünü bu yöndən kişi kimi sübut edə bilməyən şəxs özünütəsdiq forması olaraq ailədə aqressiv və qısqanc davranışlar etməklə hökmranlığını göstərmək istəyir. Bəzən qısqanclıq elə bir həddə gəlib çatır ki, boşandığı həyat yoldaşını belə öldürərək cinayət edirlər. Mütəxəssis kimi əsas tövsiyyəmiz ondan ibarətdir ki, aqressiv rəftarın çıxış yolu olmadığını hər kəs başa düşməlidir. Bu sahədə geniş məlumatlandırma, təbliğat işi aparılmalı, bu səbəbdən baş verən boşanma halları ciddi araşdırılmalıdır».




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir