Qadınların arıqlamaq üçün istifadə etdiyi ağlasığmaz üsullar

Baxış sayı: 2. 096

“Yox, mən yaxın bir ay ərzində 10 kilo arıqlamalıyam. Toy var, sonra tətilə gedəcəyik, çimərlik paltarının içində pis görünməməliyəm… Alınar bu müddətə?”

İdman salonuna girəndə qapının ağzında müəllimə ilə potensial müştərisinin söhbətinə qulaq “müsafiri” oldum. Məlum, mayın sonu, iyun ayının əvvəli idman salonları, “baseyn”lərdə müştəri qaynayır. İnsanlar, özəlliklə də xanımlar qış boyu aldıqları çəkidən xilas olmaq üçün bütün yollara baş vururlar. Aile.lent.az-ın məlumatına görə, “Yeni Müsavat”ın əməkdaşı bu mövzunu araşdırmaq üçün son günlər Bakının bir neçə idman salonunda, fitness klublarında olub. Görünən mənzərə yetərincə ilgincdir.

Məşqçi Leyla Axundova: “Qadınlar 15 gündə çatacağı kondisiyanı 2 dərsdə əldə  etmək istəyir və…”

Hazırda qadınlar daha çox idman salonlarına üz tuturlar. Məşqçi yardımı ilə həftədə minimum 3 dəfə idman zalına getmək qadınların işinə yarayır. Amma bu halda da sistemsiz idman hərəkətləri işə faydadan çox ziyan verir. İdman salonlarından birində çalışan məşqçi Leyla Axundova deyir ki, qadınlarımız tez nəticə əldə etmək üçün bəzən özlərini gücə salırlar. Bu da son nəticədə əzələlərin ağrıması, idmandan tez yorulma, bezmə ilə nəticələnir: “Qadınlar gəlirlər salona, 15 gündə çatacaqları kondisiyaya 2 dərsdən sonra çatmağa çalışırlar. Ona görə də 3-cü dərsdə artıq əzələləri ağrıyır, idman etmək istəmirlər və sair. Bu səbəbdən də arıqlama planları yarıda kəsilir”.

Müsahibimiz deyir ki, idmanla məşğul olmaq qadınların təkcə fiziki görünüşünə yox, xarakterinə də təsir edir. Sağlam bədəni olan qadın daim psixoloji baxımdan da rahat olur, çevrəsinə qarşı daha pozitiv olur: “Mən bura gələn qadınlara məsləhət görürəm ki, idmandan çıxandan sonra üzgüçülüyə də getsinlər. Bu halda ikiqat nəticə əldə etmək mümkündür”.

Xatırladaq ki, hazırda Bakıda idman salonlarının aylıq ödənişi 50-60 AZN-dən başlanır. Amma bəzi salonlarda məşqçi ilə birlikdə aylıq ödəniş 100 manata yaxındır. Bununla yanaşı, arıqlamaq üçün qadınların müraciət etdiyi müasir üsullardan biri Zumba dərsləridir. Bu, əslində ritmik mahnıların müşayiəti ilə edilən bir rəqsdir və tərkibində çoxlu gimnastik hərəkət elementləri də var.

Qorxu ilə arıqlamaq mümkündür

Öncə tibb ədəbiyyatlarından əldə etdiyimiz bəzi məlumatları nəzərə çatdıraq. Alimlər müəyyənləşdiriblər ki, 2 ilə 130 kiloqram arıqlamaq mümkün imiş. Özü də qorxu nəticəsində. Həkimlər boyu 162, çəkisi təxminən 200 kiloqram olan qadını müayinə edərək onun ömrünün sonuna maksimum 2 il qaldığını bəyan edib, yaşamaq üçün onun təcili arıqlamalı olduğunu bildirib. Bundan qorxuya düşən qadın sağlam qidalanmaya keçib, eyni zamanda hər gün hovuzda üzüb. Nəticədə 2 ildə 130 kiloqram arıqlayan amerikalı “2011-ci ilin arıqlaması” tituluna sahib çıxıb. Bir qorxunu bir dəfə yaşamaq olar. Növbətiləri isə artıq lətifəyə bənzəyir. Odur ki, reallığa qayıdaq. Öncə ondan başlayaq ki, qadınların (eləcə də arıqlamaq istəyən kişilərin) düşdüyü ən böyük tələ hansısa məşhur müğənninin reseptinə uymaqdır. Uzun illər türkiyəli qadınlar hər uşaqdan sonra kökələn, aldığı kiloları geri vermək üçün dietoloq qapısını yağır edən Sibel Can formulu əsasında arıqlamağa cəhd göstərdi. Halbuki dünyanın ən məşhur dietoloqları da səhər-axşam bar-bar bağırırlar ki, əslində hər orqanizm spesifik olduğu üçün onun üçün tətbiq olunacaq pəhriz formulu da spesifik olmalıdır. Yəni həkim nəzarətindən keçmədən, qan, təzyiq, şəkər analizləri vermədən hansı pəhrizin insana uyğun gəldiyini bilmək olmaz. Bundan başqa, eyni vaxtda həm ac alıb, həm aktiv idmanla məşğul olanlarda az-çox nəticə görünür. Yəni sərt, alman pəhrizi ilə 5-6 kilodan qurtulan elə eyni sürətlə də o kiloları geri alır.

Xatırladaq ki, bu sayaq həblərin tərkibində mərkəzi sinir sisteminə, baş beyinə təsir edən maddələr var və onlar birbaşa maddələr mübadiləsini pozur. Bəzi hallarda bunlar pasienti depressiv vəziyyətə də gətirib çıxarır. Məhz həmin səbəbdən bir çox inkişaf etmiş ölkələrdə onların istifadəsi, ümumiyyətlə, qadağan edilib.

Onlar “iynəyə oturublar”…

Araşdırmamız zamanı bəzi gözəllik salonlarında (ad çəkib, reklam və antireklam etmək istəmədik) bir-iki seansla arıqlama təminatı verdiklərinin şahidi olduq. Maraqlıdır ki, əslində bu arıqlama vədi bədənin konkret nahiyələrində piylərin götürülməsi yolu ilə edilir. Əksər gözəllik salonlarında LPC deyilən müxtəlif cür aparatlar var. Bu aparatlar dərinin üstündən sürtülür, amma dəri altından birbaşa piylərə yox, onun üstünə nüfuz edir. Həkimlər hesab edir ki, bu üsulla arıqlama da əslində çox ziyanlıdır. Çünki dəri üstündən aparatla təsir edəndə dərialtında olan 3 komponent – fibrinogen, kollagen, elasten sıxlaşır. Bunun hesabına incəlmə gedir. Halbuki piy dərialtı təbəqədə qalır, getmir.

Mütəxəssislər onu da bildirir ki, əslində burada söhbət piyin əriməsindən yox, dərialtı təbəqənin preslənməsindən gedir. Və bu preslənmə qısa müddət sonra öz sözünü deyir. Yəni bir-birinə bitişmiş 3 komponent – fibrinogen, kollagen, elasten aralanmağa başlayır. Bədən yenidən köhnə şişmiş formaya qayıdır. Kilonun getməsi, arıqlama üçün piyin özünə təsir etmək lazımdır. Xatırladaq ki, əksər gözəllik salonlarında və fitness klublarda daha çox bu arıqlama metoduna üstünlük verilir. Nəticədə isə qadınlar qısa müddət aldadıcı arıqlıq hissi ilə yaşayır. Ardınca… xoş gəldin, yeni kilolar…

Araşdırma zamanı bir qədər bahalı və az sayda olan fitnes klublarda iynəbatırma, yəni akupunktura ilə arıqlama metodunun da tətbiq olunduğunu öyrəndik. Bu mərkəzlər daha çox Türkiyədə kurs keçmiş və ya türkiyəli mütəxəssisin rəhbərliyi ilə fəaliyyət göstərən klublardır. Onlarla maraqlandıqda isə məlum olur ki, bu arıqlama metodu Çin təbabətinə, akupunkturaya, iynəbatırmaya əsaslanır. Arıqlama proqramında blasterli qulaq iynələrindən və qızıl suyuna salınmış gümüş iynələrdən istifadə olunur. Bu iynələrlə bədənin müxtəlif nöqtələrindən iştah mərkəzlərinə, doyma mərkəzlərinə təsir edilir. 5 gündən bir keçirilən seanslarda xüsusi qulaq iynələri qulağa yapışdırılır. Pasient evinə, işinə-gücünə gedə bilər. 3 aylıq proqramda vaxtın uzanması xəstədə metobolik proseslərin bərpa olunmasından asılıdır. Çəkisi 100 kilodan çox olanlar 4-5 ay seansa gələ bilər.

Bıçaq altına girənlər və ölümcül risklər…

Daha bir üsul isə, təbii ki, estetik cərrahiyyədir. Artıq Azərbaycanda qadınların daha intensiv olaraq, bu xidmətə müraciət etmələri də statistikadan bəllidir. Qadınlar daha tez və əziyyətsiz üsul kimi, əməliyyat vasitəsilə piylərdən, artıq çəkidən qurtulmanı tərcih etməyə başlayıblar. Estetik cərrahiyyənin bu növü isə işin masştabından asılı olaraq, fərqli tariflərlə təqdim olunur. Amma həkimlər hesab edir ki, estetik cərrahiyyə də insanın özünü aldatması deməkdir. Neyçün ki, əməliyyatla alınan kilolar da tezliklə geri qayıdır. Müraciət etdiyimiz sağlamlıq mərkəzlərindən birində isə bizə arıqlama proqramında idman tətbiq olunmadığı söylənildi. Belə ki, mərkəz nümayəndəsi iddia etdi ki, arıqlamaq istəyənlər idmanla bədənin piylərini sərtləşdirirlər. Nəticədə isə əzələ kütləsi artır. Əzələlər böyüdükcə piylər əzələ kütləsinin arasına keçir. Sərtləşmiş piylərinsə bədəndən çıxması çətinləşir: “Biz xəstəni idmandan tamamilə azad edirik. Yalnız gəzməyi, yeriməyi ciddi tövsiyə edirik”.

Sözügedən mərkəzdə xəstələrə xüsusi qidalanma proqramı da verilir. Gündə 5 dəfə nə qədər və nə yeyəcəkləri qrafikdə bildirilir. Bundan başqa, elə həmin mərkəzin dieta mütəxəssisləri xəstələrə bol miqdarda qaynanmış su içməyi tövsiyə edirlər. Formula belədir: bədənimizin su ilə yuyulması kimi içimizin də yuyulması su ilə olmalıdır. Su xolesterolu, şlakları təmizləyir. Gündə 2 litr su içmək lazımdır. Pasientin ərimiş, dağılmış yağları, piyləri sidiklə və bağırsaqlarla bədəndən xaric olunur.

Bəs bu arıqlama vasitələrinin məbləği nə qədərdir? Araşdırma zamanı məlum oldu ki, estetik cərrahiyyə (liposaksiya) – əksər klinikalarda təxminən eyni qiymətdir. Cəmi bir bölgənin liposaksiyası 350 manatdan başlayır.

Akupunktu ilə arıqlamanın hər seansı isə 30-35 manat arasında dəyişir. Tutaq ki, 8 kilo artıq çəkisi olan şəxs 10 seansa gəlməlidir. Bu halda endirim də edilir. 200-220 manata 8 kilodan qurtulmaq mümkündür. LPC aparatla arıqlama vəd edən sağlamlıq mərkəzlərində də hər seans üçün 15-20 manat tələb olunur. Bu işi professional həkimlərin etdiyi deyilsə də, bəzən naşılar iş görür.

Arıqlamaq üçün ən uyğun yaş…. 28-dir… 

Amerikada 3 min qadın arasında aparılan araşdırma göstərib ki, arıqlamaq üçün ən uyğun yaş 28-dir. Araşdırma 28 yaşını keçən qadınlarda arıqlamağın daha çətin olduğunu göstərib. Qadınlardan 60 faizi arıqlamağın uyğun bir yaş həddi olduğunu təsdiqləyib. 40 faizi isə bunun iradədən asılı olduğunu deyib. Araşdırma 30 yaşdan yuxarı qadınlar üzərində aparıldığından mütəxəssislər arıqlamaq üçün ən uyğun yaşın 28 olduğunu təxmin edir. Çünki 28 yaşda bədən hələ də özünü yeniləyə bilir və maddələr mübadiləsi zəifləməyib.

Britaniyalı mütəxəssis, professor Kris Haukey hesab edir ki, heç bir pəhrizin faydası yoxdur. Professor pəhriz saxlamaqdansa, yeməklərə diqqət etməyi, sağlamlıq üçün faydalı qidalar qəbul etməyi məsləhət görür. Lids Universitetinin professoru Andrey Hill isə insanların sürətli və asan arıqlamaq üçün yollar axtardığını, bu yolların az olduğunu deyib. O, insanların çəkisinin artdıqca çəki verməsinin daha da çətinləşdiyini vurğulayıb.

 




1 şərh “Qadınların arıqlamaq üçün istifadə etdiyi ağlasığmaz üsullar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir