Nermine Abbasova

Qan xəstəliklərinin vaxtında aşkar edilməsinin və düzgün diaqnoz qoyulmasının nə kimi müsbət təsirləri var?

Baxış sayı: 476

Qan xəstəlikləri insanların qorxulu yuxusuna çevrilib desək, yanılmarıq. Bəs bu xəstəliklərin vaxtında aşkar edilməsinin və düzgün diaqnoz qoyulmasının nə kimi müsbət təsirləri var?

Mövzuyla bağlı MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova ilə həmsöhbət olduq.

Qan xəstəliklərinin iki böyük qrupa bölündüyünü bildirən Nərminə Abbasova bunların bəd xassəli qan xəstəlikləri – hansı ki, xalq arasında qan xərçəngi də deyilir – və qanın bəd xassəli olmayan digər xəstəlikləri olduğunu dedi:

“Qanın ikinci qrupa aid edilən xəstəliklərini də bir neçə qrupa bölmək olar. Bunlara irsi (talassemiya) və qazanılmış qan xəstəlikləri, qanın laxtalanma problemi və müxtəlif mənşəli qan azlığı və sair aid edilir.

Qan azlığının yaranmasının əsas səbəbləri çox müxtəlifdir. Qanda dəmirin və bəzi vitaminlərin çatışmaması nəticəsində yaranan qan azlığı ilə yanaşı, qanaxma və digər xəstəliklərlə əlaqədar yaranan qan azlığına da çox rast gəlinir. Qanın tərkibində bəzi maddələrin əmələ gəlməsi nəticəsində qanda parçalanma dediyimiz “hemolitik” anemiyalar yaranır. Hemolitik anemiyalar irsi və qazanılmış ola bilər. Qan azlığı olan xəstələrdə hemoqlobinin səviyyəsi aşağı olur, buna anemiya deyilir. Hemoqlobinin səviyyəsi aşağı olduğu halda, həmin xəstələr həkimə müraciət etməli, onlarda bunun əsas səbəbi aşkar edilməlidir”.

Həkim terapevt bildirdi ki, bəzən bu xəstəliyin səbəbi digər xəstəliklərdən də qaynaqlana bilir. Məsələn, qaraciyər, böyrək, mədə-bağırsaq xəstəlikləri, şəkərli diabet, həmçinin yoluxucu xəstəliklər nəticəsində də qan azlığı yaranır:

“Ona görə də qan azlığı aşkar edilən xəstələrdə mütləq yanaşı əlamətləri də yoxlamalıyıq. Əsasən də limfa düyünlərinin və dalağın böyüyüb-böyümədiyinin müayinəsi aparılmalıdır. Əgər xəstədə göstərilən problemlər varsa, bu zaman mütləq qanın bədxassəli xəstəlikləri araşdırılmalıdır. Qan azlığı ilə müraciət edən xəstələrdə ən çox dəmir defisitli anemiyalara rast gəldiyimiz zaman mütləq qanda dəmirin miqdarı, eyni zamanda “depo dəmiri” deyilən ferritinin miqdarı yoxlanılmalıdır. Əgər göstərilən komponentlərin səviyyələri aşağıdırsa, belə xəstələrdə dəmir defisitli anemiya səbəbi ilə bir neçə ay müalicə olunmalıdırlar. Bəzən dəmirin səviyyəsi normal olur, amma xəstələrdə “mikrostar” deyilən, qan azlığı meydana çıxır. Bu da talassemiya daşıyıcılığına işarə verə bilər. Ona görə bu növ xəstələrdə mütləq irsi xəstəliklərin olub-olmadığı yoxlanılmalıdır”.

Anemiyaların digər səbəblərindən birinin də bəd xassəli qan xəstəlikləri olduğunu vurğulayan Nərminə xanımın sözlərinə görə, bu zaman qana xas olmayan və nadir görünən hüceyrələrin (atipik hüceyrələr) qanda olub-olmadığı müəyyən edilir:

“Həmin xəstələrdə limfa düyünlərinin, daxili orqanların (xüsusilə də dalağın) və sümük iliyinin müayinəsi aparılmalıdır. Bildiyimiz kimi, qanda olan ana hüceyrələri və onların yaranması sümük iliyində olur. Ona görə də sümük iliyində nə baş verdiyini bilmək üçün sümük iliyini “biopsiya” və ya “aspirasiya” deyilən müayinələrlə yoxlamaq lazımdır. Xəstənin diaqnozunun düzgün qoyulması sümük iliyinin dəqiqliklə müayinəsindən birbaşa asılıdır”.

Bəd xassəli qan xəstəliklərinin əlamətlərindən bəhs edən Nərminə xanım bildirdi ki, bu xəstələrdə daha çox səbəbsiz hərarətin olması, çəkinin azalması, qan azlığının yaranması, dalağın böyüməsi, bədəndə qansızmaların olması, bəzən isə bir bölgədə böyümüş limfa düyünü bu xəstəliyin əsas əlamətləri ola bilər:

“Yorğunluq, halsızlıq, sümük ağrıları da bəd xassəli qan xəstəliklərində rast gəlinir. Bu xəstəliklər zamanı insanların böyük əksəriyyəti immun sisteminin zəifləməsi nəticəsində infeksiya hallarına yoluxma halları ilə müraciət edirlər. Bir çox insanlar uzun müddət boğaz ağrısından, sümük ağrılarından, tez-tez qripə yoluxma hallarından əziyyət çəkirlər. Onlar buna qarşı müalicələr edirlər, amma nəticədə sağalmırlar. Bunu araşdıran zaman immun sistemini zəiflədən hallar ortaya çıxır.

Bəzən qan azlığı və sümük ağrıları olan xəstələr revmatik və infeksion xəstəliklər kimi uzun müddət müalicə olunur və gecikmiş halda artıq hematoloqlara müraciət edirlər”.

Nərminə xanım tövsiyyə etdi ki, insanlar dəqiqləşdirilməmiş diaqnozla müalicə almasınlar:

“Bu hal xüsusilə bölgələrimizdə daha geniş yayılıb. Ona görə də insanlar arasında bu xəstəliklə bağlı maarifləndirmə işləri genişləndirilməlidir. Çünki düzgün və vaxtında qoyulmuş diaqnoz xəstənin şəfası deməkdir. Əgər xəstə müayinə olunub və diaqnoz dəqiqləşibsə, ilkin müalicələrə başlamaq lazımdır. Amma qan azlığının profilaktikasından danışırıqsa, bu zaman mütləq qidalanmaya fikir vermək lazımdır. Söhbət ən çox rast gəlinən “dəmir defisitli” anemiyalardan gedir. Dəmirlə zəngin olan qidalar gündəlik qida rasionunun əsas tərkib hissəsini təşkil etməlidir. Belə xəstələr ən çox qidalanmaya, düzgün şəkildə istirahətə və yuxunun normal olmasına önəm verməlidirlər”.

Həkim terapevtin sözlərinə görə, bir çox qan xəstəliklərinin yaranmasında şüalanmanın, radiasiyanın, immun sisteminin zəifləməsinin, bəzi virusların, kimyəvi maddələrin və s. rolu böyükdür. Ona görə də insanlar öz həyat tərzinə, qidalanmasına fikir verməlidir:

“Bu, təkcə qan xəstəliklərinin deyil, bir çox xəstəliklərin qarşısının alınmasında çox böyük əhəmiyyət kəsb edir. Ən önəmli məsələlərdən biri də xəstələrin mütəmadi olaraq həkim müayinəsindən keçmələridir. Hər bir şəxs heç olmasa ildə bir dəfə bütün müayinələrdən keçərək orqanizmində nələrin baş verdiyindən xəbərdar ola bilər”.

Həkim onu da xüsusi qeyd etdi ki, xərçəng xəstəliyində nə qədər tez diaqnoz qoyularsa, müalicə daha effektiv olar və müsbət nəticə əldə edilər. Təbii ki, düzgün edilən müalicə ən vacib amildir və bu da xəstəlikdə uğurlu nəticənin təminatıdır.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir