ushaq

Qarını acmayan uşaqlar…

Baxış sayı: 2. 277

Yoxsa, sizin də uşağınız acmır? Yoxsa, siz də boşqabı götürüb uşağınızın arxasınca qaçırsınız? Yoxsa, siz də “axşama qədər ac qoysam, ağzını da açmaz” deyənlərdənsiniz? Hər şeydən əvvəl uşaqların doğrudan da acıb-acmadıqlarını nəzərdən keçirək. Doğrudan da acmayan uşaq ola bilərmi? Əlbəttə ki, ola bilməz. Çünki böyüklərdə olduğu kimi uşaqlarda da özünəməxsus bir “mədə həcmi” var.

Təbii ki, acmamış bir uşaqdan yemək tələb etmək onda yeməyə qarşı ikrah hissinə səbəb ola bilər. Məsələni bir az da aydınlaşdırmaq üçün gəlin, bir anlıq özümüzü uşaqlarımızın yerinə qoyaq. Özünüzü çox tox hiss edirsiniz və bu vaxt sizdən bir boşqab yemək yeməyi tələb edirlər. Təbii ki, bu bir boşqab yemək sizin gözünüzə böyük bir qazan kimi görünəcək. Yedikcə mədəniz bulanacaq. Əslində uşaqların yaşadığı hisslər heç də bundan fərqli deyil. Elə isə uşaqların acmasına imkan verin. Ancaq o vaxt uşaqlar yeməyin “ləzzətini biləcəklər”. Yeməkdən həzz alan uşaqda zaman keçdikcə yeməyə qarşı ikrah hissi də olmayacaq.

Xüsusilə də, son illər yol verilən ən böyük xəta hələ körpəlikdən uşağı tez-tez yeməyə məcbur etməkdir. Uşaq hələ acmamış başqa bir yemək gəlir. Onun “təsiri keçməmiş” başqa bir yemək təşrif  buyurur. Nəticədə uşaq boşqab görən kimi ağlamağa başlayır. Buradan belə nəticə çıxarmaq olar ki, uşaqların yeməyə qarşı ikrah hissi duymasının ilk səbəbi valideynlərdir.

Elə isə yemək yeməyən uşaqlarla necə rəftar etmək olar?

Yeganə yol uşağın acmasını təmin etməkdir. Təbii ki, ilk növbədə “Mənim uşağım acmır ki?” deyəcəksiniz. Halbuki uşağın acmaması mümkün deyil. Elə isə uşağınızın da yeməkdən zövq almasına imkan verin. Bunun üçün isə uşağınızın sevdiyi və ya evdə sevilən yeməklərdən başlaya bilərsiniz. Ancaq uşaq gün ərzində necə gəldi yeməməli, ayaqüstü yeməklərlə qarnını doyurmamalıdır. Bundan başqa, uşağınız istəyənə qədər ona yemək təklif etməyin. Yemək yemək istəyəndə isə istədiyi qədər yeməsinə imkan verin. Başqa sözlə, fürsətdən istifadə edib boşqabı ağzına qədər doldurmayın. Bir qədər sonra artıq uşağınızın da hamı kimi “acdığını” görəcəksiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir