Son zamanlar insanların heyvanlar ilə evlənməsi halları ilə də qarşılaşırıq. Məsələn, məşhur modelyer Karl Lagerfeld də çox sevdiyi birma pişiyi olan Şupette ilə evlənmək arzusunda olduduğunu bəyan etmişdi. Düzdür, onunla evlənmədi. Lakin bütün var-dövlətini ona vəsiyyət etdi.Bu yazıda bunun kimi qeyri-adı nikahlar haqqında söhbət açacayıq.
Koma vəziyyətində nikah
Çinin Quandun əyalətində gəlin koma vəziyyətində nikaha daxil olub. Lu Lay və onun sevgilisi Zi Tsintzinlə bir neçə il müddətində görüşüblər. Gənclər evlənməyə hazırlaşıb və hətta birgə yaşamaq üçün ev də alıblar. Toya hazırlaşarkən qız qəfildən xəstələnib və təcili xəstəxanaya yerləşdirilib. Lakin xəstəxanaya gedən qız yolda komaya düşüb. Lakin oğlan toyu saxlamaq istəməyib. Onların toyu xəstəxanada baş tutub. Toy məclisində qohumlar və yaxın dostlar iştirak ediblər. Toydan bir neçə saat sonra qız dünyasını dəyişib.
Ölən nişanlısı ilə evləndi
Əbəs yerə toylarda “ölüm bizi ayırınca” kəlməsi işlədilmir. Tailandın 28 yaşlı sakini Çadil Deffi öz sevgilisi Sariney Kamsuk ilə 10 il müddətində görüşüb. Gənclər hətta toy gününün tarixini də müəyyən ediblər. Lakin qız toya bir neçə gün qalmış avtomobil qəzasına düşərək həlak olub. Çadil toyu təxirə salmamaq qərarına gələrək sevgilisinin cansız cəsədi ilə toy mərasimi keçirdib.
“1001 nach” adlı atraksion ilə evləndi
2009-ci ildə 33 yaşlı kilsədə arqan çalan Emi Vul parkda gördüyü atraksiona ərə getdi. O, hətta cansız obyektlərə aşiq olan insanlara həsr olunmuş bir televiziya proqramının qəhrəmanı oldu. Eminin sözlərinə görə, “ 1001 nach” adlı atraksiona o, ilk baxışdan vurulmuşdu və bu sevgi artıq 10 il müddətində davam etməkdədir.Çılğın qadın hətta atraksionu istehsal edən “ Veber” şirkətinin adını özünə soyadı kimi götürüb.
İt ilə ailə həyatı qurdu
2014-ci ildə Şərqi Hindistanın kəndlərindən birində qəribə bir hadisə baş verdi. Burada yaşayan 18 yaşlı Manqlı Munda Şeru adlı küçə iti ilə evləndi. Hətta it toy məclisinə avtomobildə gətirilib. Toyda 70 qonaq iştirak edib. Öncəgörücülərin sözlərinə görə, cadu edilmiş qız mütləq bu addımı atmalı idi. Beləliklə o, özünü və bütün ailəsini pis qüvvələrdən qorumuş olur. Güman olunur ki, itlə qızın nikahı tilsimi qıra biləcək. Evliliyi boyunca onun həyat yoldaşı sayılan itə qulluq etməli və itin ölümündən sonra normal ailə həyatı qura bilər.
Oxşar hadisə İrlandiyada da baş vermişdi. Elizabet Hoad adlı qadın bir vaxt sığınacaqdan götürdüyü Loqan adlı itlə ailə həyatı qurdu. Kişilər ilə alınmayan münasibətlərindən bəzmiş qadın bu addımı atmağa qərar verdi. Onun sözlərinə görə, o, 221 dəfə kişilər ilə görüşə getdikdən sonra, əsl xoşbəxtliyi məhz öz itində tapdı. 2019-ci ildə keçirilən nikah mərasimində Elizabet hətta sadiqlik andı içərək, itinə onu gəzdirəcəyinə, ona ən yaxşı it yeməkləri verəcəyinə və onunla qucaqlaşacağını vəd etdi.
Möcüzəvi izdivac
27 yaşlı Hanter Knisli uşaqlıqdan bəri bədənin əzələlərini zəiflədən və onları getdikcə daraldan genetik degenerativ xəstəlik olan Bekker əzələ distrofiyasından əziyyət çəkir. Aprelin əvvəlində exokardioqramma onun ürək çatışmazlığının son mərhələsində olduğunu göstərib. Həkimlər kişiyə cəmi bir neçə həftə ömrünün qaldığını bildiriblər.Knislinin son arzusu ortaq bir oğlu olan sevgilisi ilə evlənmək olub. O,gələcək həyat yoldaşının Ohayo ştatında eyni xəstəxanada doğulduğunu, eyni məktəbdə oxuduqlarını, hətta sosial sığorta nömrələrinin cəmi bir rəqəmlə fərqləndiyini deyib. Cütlüyün bu ilin aprel ayında məhkəmə binasında rəsmi nikah mərasimi keçirilib. Sonra kişinin müalicə aldığı xəstəxana və toy təşkilatçılarının köməyi ilə onlar aprelin 21-də çimərlikdə mərasim keçirə biliblər. Hanterin dediyinə görə, onun hər zaman istədiyi bu olub və toydan sonra kişinin vəziyyəti bir qədər yaxşılaşıb.
Ağacla evlənmək?
Hələ 2012-ci ildə Hindistan kütləvi informasiya vasitələrində məşhur hind aktrisası Ayşvariya Rayın gözdəymədən canını qurtarmaq üçün ağacla evləndiyi yazılmışdı. Lakin sonradan Ayşvariya bu xəbəri təkzib etdi. Əbəs yerə demirlər ki, od olmasa, tüstü çıxmaz.
Hind inancına görə, astroloq oğlana və ya qıza gələcək həyat yoldaşını bədbəxt hadisə gözlədiyini deyərsə, o zaman gənci ağacla evləndirirlər, guya ağac bütün fəlakəti üzərinə götürür. Sonra isə ağacı kəsib, tam arxayınlıqla istədiyin adamla evlənirsən.
Ağacla evlənmək ənənəsi təkcə Hindistanda yayılmayıb. Hələ 2013-cü ilin sonlarında Argentinada aktyor və hüquq müdafiəçisi Riçard Torres də ağacla evlənib. Toy məclisində qohum və dostlar iştirak ediblər. Hələ bu azmış kimi, bəy “gəlini” öpüb və ona gül verməyə də cəhd edib. Sonradan isə Torres hərəkətini izah edib. O, sadəcə, diqqəti ekologiyaya yönləndirmək istəyib.
Keçi ilə ailə qurdu
Braziliyada yaşayan 74 yaşlı keçmiş kərpic ustası Aperesidu Kastaldu Karmelita adlı keçisi ilə evlənmək qərarına gəlir.Düzdür, ölkənin qanunları heyvanlar ilə evlənməyi qadağan etsə də kişi israrla bu mərasimi keçirməyə qərarlı idi. O, bu qeyri-adi hərəkətini Karmelitanın ona həyat yoldaşı kimi tam yaraşması ilə izah edib. Onun sözlərinə görə, Karmelita ideal həyat yoldaşı ola bilər, çünki o,nə pul xərcləyir, nə də ki danışır. Təbii ki, kilsə bu nikahı keçirməkdən imtina etdi. Bundan sonra o, mərasimi keçirmək üçün Braziliyanın ən məşhur satanistini dəvət etdi.
Timsahla evlənən icra başçısı
Meksikada bələdiyyə başçısı timsahla evlənib. Bu, qeyri-adi hadisə ölkənin cənub bölgələrinə xas olan bir adətdir. Belə ki, balıq ovu mövsümünün bərəkətli keçməsi üçün bu adət yerinə yetirilir. Bu adətə görə, hər il bələdiyyə başçısı timsahla evləndirilir. Bələdiyyə binasında nikah bağlanmasından sonra rəqslər başlayır. Əsl toylardan heç seçilməyən bu toyun xərclərini qəsəbə əhalisi ödəyir. Öz payına düşən xərci ödəməyənlərə isə bələdiyyə tərəfindən cəza verilir. Yüzlərlə insanın qatıldığı toydan sonra balıq ovu mövsümünün uğurlu keçəcəyi gözlənilir.
Eyfel qülləsi ilə nikah bağlayıb
Digər amerikalı Erika Labri 2007-ci ildə Eyfel qülləsi ilə nikah bağlayıb. Fransaya səyahət etdikdən sonra, qülləni görən qadın ona valeh olub və bundan sonra bu addımı atmağa qərar verib. Onun etirafına görə, əvvəllər o, bu hissləri Berlin divarlarına qarşı da yaşayıb.
Buzovu ilə evlənən qadın
Kambocanın şimal-şərqində yerləşən Krati adasında yaşayan 74 yaşlı Him Hanq buzovu ilə evlənib. Buzovu ərinə bənzədən qadın, onun üçün hətta ayrı otaq düzəldib.Çox maraqlıdır ki, buzov da insan kimi, çarpayıda yatır.
Pişik ilə nikah bağladı
49 yaşlı London sakini və iki uşaq anası pişiyindən ayrılmamaq üçün onunla evləndi. Ev sahiblərinin xahişi ilə digər ev heyvanlarından ayrılmaq məcburiyyətində olan qadın bu pişiyinə hədsiz dərəcədə bağlı olduğuna görə ondan ayrıla bilmədi. Onun dediklərinə görə, Hindistan adlı bu pişik onun iki övladından sonra həyatda ən vacib məxluqdur. Qeyd edək ki, Debora adlı bu qadının həmçinin pişiyə yazığı gəlirdi. Maşın altında qaldıqdan sonra onun bir pəncəsi yox idi. Nikah mərasimi Londonun cənub-şərqində yerləşən parkda keçirilib və Deboranın bütün dostları bu qeyri-adi evliliyin şahidi olublar.
Balışı ilə evlənən oğlan
Qəribə səslənsədə cənubi koreyalı Li Cin-Qyu hər istədiyi zaman qucaqlamaq üçün öz balışı ilə evlənib.
Xəstəxanada evlilik təklifi
Türkiyәnin Bitlis şәhәrinin Tatvan qәsәbәsindә yaşayan Sedat adlı gәnc yeni növ koronavirus epidemiyasına yoluxan sevdiyi qıza maraqlı evlilik tәklifi edib.
Sedat Tatvan Dövlәt Xәstәxanasında 14 gündür müalicәsi davam edәn sevgilisi Esranı görmәk üçün xәstәxanaya gedib vә xәstәxananın hәyәtindә ‘‘Mәnimlә evlәnәrsәnmi Esram?’’ yazılı plakat açıb. Mәlumata әsasәn, Esra da Sedatın ona etdiyi evlilik tәklifinә müsbәt cavab verib.
Ölmüş qızını ərə verən ana
Çinin Yangquan əyalətində bir qadın yeniyetmə qızının cəsədini ölü qardaşı ilə evləndirmək üçün yerli meyidxanadan almağa çalışıb. O, bu hərəkətini onunla izah edib ki, qardaşının ruhu israrla onun yuxularına girir və ona gənc qadın tapmasını tələb edir.
Samirə Tağıyeva