yer

Qeyri-adi yerlərdə məskunlaşan insanlar

Baxış sayı: 356

Elə insanlar var ki, onlar bir yerdə kök salmağı heç sevmirlər. Adətən belə tip insanlar həyatlarına rəng qatmaq üçün yaşayış yerlərini tez -tez dəyişirlər. Bu yazıda qeyri-adi yerlərdə məskunlaşan insanlardan bəhs edəcəyik.

Gəmidə yaşayan insan

Amerikalı Mario Salsedo təqaüdə çıxdıqdan sonra ağlına maraqlı bir fikir gəlir. O, dünya səyahətinə çıxmağı qərara alır. Keçmiş maliyyəçi 47 yaşında təqaüdə çıxdıqdan sonra kruiz gəmiləri ilə dünyanı dolaşmağa başlayır.

Hal-hazırda Salsedonun 70 yaşı var. 23 il kruiz gəmilərimdə yaşayan bu insan koronavirus pandemiyası dövrü istisna olmaqla quruda 2 gündən çox qalmayıb. Salsedo əlavə pul qazanmaq üçün gəmidən onlayn işləyir.

Furqonda məskunlaşan biznesmen

Tomasina Pidcon adlı kişi də 25 ildir ki, Kanadada öz furqonunda yaşayır. Onun öz evi olsa da o, mikroavtobusda yaşamağın evdə yaşamaqdan daha rahat olduğunun vurğulayır. Şəxsi biznesə belə sahib olan Pidcon təkərlər üstündə keçirdiyi həyatı çox maraqlı hesab edir.

 

Cəngəllikdə yaşayan ata və oğul

1972-ci ildə ABŞ təyyarələri həmin vaxt Xo Van Lanqın yaşadığı kəndi bombalayırlar. Kənddə yalnız o, və atası Xo Van Txan sağ qalır.

Düşməndən qorunmaq üçün onlar cəngəllikdə gizlənməyə məcbur olurlar. Ata və oğul Vyetnam müharibəsinin hələ də davam etdiyini düşünərək 40 il burada yaşayırlar.

Lanq heç vaxt saat görməyib və elektrik enerjisinin nə olduğunu bilməyib. 10-a kimi saya bilən bu insan yalnız çaya çimməyə gedəndə cəngəllikdən çıxır. Lanq yarasalarla qidalanıb və “onları zeytun kimi yeyib”. Həyatı boyu cəngəllikdə atasından başqa 5 nəfəri görüb. Onların arasında isə qadın olmayıb.

Lanqın atası bütün ailəsinin öldüyünə əmin olduğundan burada cəngəllikdə yaşamağı seçir. Lakin bir gün digər oğlu Xo Van Çinin sağ qaldığı və uzun illər atası və qardaşını axtardığı ortaya çıxıb.

O, 2013-cü ildə atası və qardaşını Kuanq Nqay əyalətinin Ça Sin yaşayış məskəni yaxınlığındakı meşədə tapır, onları kəndə qaytarır.

Lanq burada 8 il yaşayıb. 2015 -ci ildə o zaman kimsəsiz adalara tək səfərlər təşkil edən şirkətdə işləyən tədqiqatçı Alvaro Tserezo ilə tanış olur. Kişilər dost olurlar və bir gün Tserezo Lanqdan bir həftə getdikləri cəngəllikdə necə sağ qalmağı öyrətməsini istəyir.

“Tanış olduğum ən maraqlı və eyni zamanda çox şirin insan idi. Cəngəllikdə birlikdə yaşayanda, mənim saatlarla vaxtımı alan hər şeyi bir neçə saniyələr ərzində edirdi”, – Tserezo vurğulayıb.

Təəssüf ki, Lanq 2021-ci sentyabrın 6-da qaraciyər xərçəngindən vəfat edib.

Məşhur tədqiqatçının fikrincə, sivilizasiyaya qayıtması vyetnamlının cəngəllikdə öyrəşdiyi yaşayış tərzinə mənfi təsir göstərib. 40 il cəngəllikdə yaşayan 52 yaşındakı Xo Van Lanq, adamların arasına qayıtdıqdan 8 il sonra qaraciyər xərçəngindən ölüb.

Kafedə məskunlaşan gənc

Bəzi kişilər videooyunlar oynamağa o qədər vaxt sərf edirlər ki, yaxınları sanki onların üzünə həsrət qalırlar.Çox qəribə səslənsə də bəzi insanlar ailələrini video oyunlarına qurban verirlər. Xiao Yunun adlı qızcığaz da belə insanlar sırasına daxildir.

Xiao 14 yaşında olanda evi tərk edir və bir daha geri qayıtmır. 10 il idi ki, itkin düşmüş Xiaonu evindən təxminən 100 mil (161 km) aralıda yerləşən internet kafedə tapırlar. Zombiyə çevrilən bu qızcığaz 10 il ərzində internet kafelərdə və hamamlarda yaşayıb, yaşayışını təmin edən fərqli işlərlə məşğul olub və ya digər oyunçulardan ianələr alıb.

Ömürlərini kanalizasiyada keçirən kolumbiyalı cütlük

Migel və Mariya 20 ildən çox kanalizasiya borusunda birlikdə yaşayıblar. Onların hətta bir iti də var idi. Onların yaşadıqları bu borunun uzunluğu 9 fut (2,7 m) və eni 6 fut (1,8 m) idi. Boru o qədər alcaq idi ki, onlar burada dik dura bilmirdilər. Kanalizasiya borusu çarpayısı olan yataq otağı, kiçik mətbəx və hətta Migelin elektrik cərəyanına qoşmağı bacarması sayəsində baxa bildikləri televizorla təchiz olunmuşdu.

16 ilə fərqli yerlərdə yaşayan qadın

Heidemari Şvermer adlı qadın puldan imtina edərək fərqli yaşayış tərzini seçib. 21 il ərzində yemək və ya gecələmə müqabilində hər hansı bir işi yerinə yetirən qadın etdiyi işə görə heç vaxt pul almır və yaxud qazandığı pulu ehtiyacı olanlara verirdi.

Qeyd edək ki, Şvermer işini tərk edib pulsuz yaşamağı şeçməmişzdən öncə psixoterapevt kimi işləyirdi. 50 yaşında olarkən mənzilini sataraq həmin pulları kimsəsiz insanlara verən qadın özü ilə yalnız bir çamadan götürür. Beləliklə o, 16 il fərqli yerlərdə yaşayır. 2016-cı ildə Şvermer xərçəng xəstəliyindən vəfat edir. Şvermerin həyat hekayəsi bir çoxlarının marağına səbəb olur və onun həyatı haqqında sənədli film çəkilir.

14 il Pekin hava limanında yaşayan insan

Məşhur aktyor Tom Hensın çəkildiyi “ Terminal” filminin baş qəhrəmanı bir neçə il ərzində hava limanında yaşamaq məcburiyyətində qalmışdı. Filmin rejissoru Stiven Spilperq bu filmi 18 il ərzində Parisin Şarl de Qolun adını daşıyan hava limanında yaşayan insanın xatirəsinə çəkmişdi. Lakin 2022-ci ildə məlum oldu ki, filmin baş qəhrəmanı hava limanında yaşayan yeganə insan olmayıb. Vei Jianguo adlı şəxs 14 ildir ki, Pekin Beynəlxalq Hava Limanında yaşayır. Jianquonun sözlərinə görə, 2008-ci ildə uzun illər ərzində siqaret və spirtli içki içdiyi üçün ona qarşı çıxan həyat yoldaşı ilə mübahisə etdikdən sonra evi tərk edib. Bundan sonra o, evinə qayıtmır və hava limanında yaşamağı seçdi.

İngiltərədə də oxşar bir hadisə baş vermişdi. Burada maddi çatışmazlıq səbəbindən evlərini itirdikdən sonra yaşlı Katrina Smit və Alan Leyn Dorset adlı yaşlı cütlük Londonun “Heathrow” hava limanına yerləşmişdilər.

Lakin 2015-ci ildə onların acı hekayəsi dünya mətbuatında yayıldıqdan sonra minlərlə insan cütlüyü evlərinə yaşamağa dəvət etmişdi.

Bundan başqa, 28 ildir ailəli olan cütlüyə yardım etmək məqsədilə internet vasitəsilə pul toplamaq kampaniyasına başlayan insanlar kampaniya çərçivəsində 24 saat ərzində minlərlə funt-sterlinq pul göndərərək onlara yardım etmişdilər.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir