qis

Qış turizminə hazırıqmı?

Baxış sayı: 366

Azərbaycanda qış turizm mövsümünün açılmasına sayılı günlər qalıb. Adətən, ölkəmizdə qış turizmi dedikdə, Ağbulaq, Şahdağ və Tufandağ xatırlanır. İstər yerli, istərsə də əcnəbi turistlərin qış aylarında ən çox səfər etdiyi rayonlar Şahbuz, Qəbələ və Qusardır.
Bəs bu il vəziyyət necə olacaq? Qarabağ bu il bu siyahıda yer alacaqmı? Ümumiyyətlə, Azərbaycanın qış turizmi ilə bağlı hədəfləri nələrdir?

 

Hədəf daha çox turist cəlb etməkdir

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, qurumun əsas hədəfi ölkəyə daha çox əcnəbi qonağın cəlb edilməsinə nail olmaq, hədəf bazarlarda müvafiq təbliğat işlərini artırmaq, ölkələrin coğrafiyasını genişləndirmək, eləcə də sənayenin fəaliyyətinə dəstək göstərmək, yeni turizm məhsullarının yaradılmasına nail olmaqdır: “Ölkə üzrə hava şəraitindən asılı olaraq adətən dekabrın 15-dən etibarən qış mövsümünə start verilir. Xarici ölkələrdə təşkil edilən beynəlxalq sərgilərdə və tədbirlərdə il boyu ölkənin qış turizm imkanları və qış turizm məhsullarının, dağ-xizək mərkəzlərinin tanıtımı və təbliğatı həyata keçirilir. Yay turizm mövsümünün sonlarından etibarən ölkədə fəaliyyət göstərən qış turizm mərkəzlərində hazırlıq işlərinə başlanılır və turistlərin qəbulu üçün hazır vəziyyətə gətirilir. Bütövlükdə, qış mövsümündə də təbiət, mədəni, sağlamlıq, qastronomik və digər ənənəvi turizm istiqamətləri üzrə işlər davam etdirilir”.
Azərbaycana səfər edənlərin sayı iki milyona çatacaq?

Agentlik ilin sonuna kimi Azərbaycana səfər edənlərin sayının iki milyona çatacağını proqnozlaşdırır: “Cari ilin yanvar-oktyabr ayları üzrə ölkəyə 1 724 218 xarici ölkə vətəndaşı səfər edib. İlin sonuna kimi Azərbaycana səfər edənlərin sayının iki milyon nəfərə çatmasını proqnozlaşdırırıq. Həmçinin qış mövsümünün davamı olaraq növbəti ilin yanvar-mart aylarında da bu illə müqayisədə artımın olacağı proqnozlaşdırılır. Ümumilikdə isə növbəti il üçün bu illə müqayisədə xarici ziyarətçilərin sayında 20 faiz artım olması hədəflənir”.

 

MDB, Yaxın Şərq, Avropa…

Hazırda ölkə üzrə 3 əsas qış turizm mərkəzi – “Şahdağ” Turizm Mərkəzi, “Tufandağ” Qış-Yay Turizm Kompleksi və Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yerləşən “Ağbulaq” İstirahət Mərkəzi turistlərə xidmət göstərir. Dövlət Turizm Agentliyinin məlumatına əsasən, qış turizm destinasiyalarına daha çox MDB ölkələri və Yaxın Şərq regionundan olan turistlər üz tuturlar. Həmçinin Avropa bazarından olan turistlərin də daha çox səfərlərinin təmin edilməsi istiqamətində işlər aparılır: “Müasir infrastruktura malik qış turizm mərkəzlərinin mövcudluğu ölkəmizdə qış idman növləri üzrə beynəlxalq tədbirlərin keçirilməsinə şərait yaradır. Qeyd edək ki, Azərbaycan 2024-cü ildə Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyasına və xizək alpinizmi üzrə beynəlxalq yarışa ev sahibliyi edəcək”.

 

Qış turizmi Qarabağda

Qarabağ bölgəsində qış turizm potensialının inkişaf etdirilməsinə gəldikdə isə, qurumdan bildirildi ki, Kəlbəcər və Laçın rayonları qış turizminin inkişaf etdirilməsi üzrə geniş potensiala malikdir: “Qış aylarında havanın temperaturu, yağıntılı və qarlı günlərin sayı, relyef, dağın hündürlüyü və meylliliyi kimi amillər nəzərə alınaraq bu ərazilərdə qış turizm mərkəzlərinin yaradılması məqsədəuyğun hesab edilə bilər. Xüsusilə Kəlbəcərin potensialı nəzərə alınaraq burada sağlamlıq turizmi və dağ-xizək mərkəzlərinin birlikdə turizm klasteri formalaşdırmasına şərait yarada bilir. Hazırda mart ayından etibarən Şuşaya təşkil olunan turlar davam etməkdədir. Yaxın gələcəkdə Suqovuşan istirahət parkına və Talış kəndinə turistik turların təşkil edilməsi də planlaşdırılır”.

 

Əməkdaşlar qonaqpərvərlik təlimlərinə cəlb olunublar

Qış turizminin ən sevilən yerlərindən olan “Şahdağ” Turizm Mərkəzində də dekabrın 15-dən qış mövsümünə start verilməsi planlaşdırılır. Mərkəzdən qəzetimizə verilən məlumata görə, həm kompleksin ərazisində olan hotellərdə, həm kanat xətlərində, eləcə də qonaqlara təqdim olunacaq qış əyləncələrində son tamamlama işləri həyata keçirilir: “Eyni zamanda ötən aylar ərzində qonaqlara  təqdim olunan turizm xidmətlərinin keyfiyyətinin daha da artırılması məqsədi ilə kompleksin əməkdaşları qonaqpərvərlik təlimlərinə cəlb olunublar, onların peşəkarlıq səviyyəsi artırılıb. Qarşıdakı qış mövsümündə, ötən il olduğu kimi, Şahdağ ziyarətçiləri üçün müxtəlif musiqili-əyləncəli proqramların, qış idman növlərinə aid idman yarışlarının və digər turizm yönümlü tədbirlərin keçirilməsi nəzərdə tutulub”.
Məlumat üçün bildirək ki, cari ilin yanvar-oktyabr aylarında “Şahdağ” Turizm Mərkəzində hotellərdə gecələyənlərin sayı 60.000 nəfər, kanat yollarından istifadə edənlərin sayı isə 133.000 nəfər təşkil edib. Bəs turizm şirkətləri bu mövsümə necə hazırlaşıb?

 

“Yenilik nəzərdə tutulmayıb”

Turizm eksperti Kənan Hənifəyev deyir ki, hazırda turizm şirkətləri qış tur paketlərini təqdim etməyə hazırlaşır. Mütəxəssisin sözlərinə görə, yenilik nəzərdə tutulmayıb və cari ilin proqramı üzrə hərəkət edilir: “Bu il də cib yandıran qiymətlər daha çox qar olan istiqamətlərdə olacaq. Məsələn, şimal, şimal-qərb istiqamətində bahalaşma digər zonalara nisbətən daha çox hiss ediləcək”.

“Bu il gecələmə daha ucuz və əlverişli olacaq”

“Turizm Peşəkarları Təşkilatı”nın sədri Ceyhun Aşurov deyir ki, ötən illə müqayisədə qiymətlərdə ciddi fərqlər olmayacaq: “Qış turizmi dedikdə, adətən, xizəklə sürüşmək nəzərdə tutulur. Amma, qış fəslinin özünün də gözəlliyi var. Bəzi ölkələr var ki, ümumiyyətlə, qışı yaşamır. Bu fəsildə səyahət etmək onlar üçün çox maraqlıdır. Bu il də ərəb turistlərin sayının çox olacağı qış fəsli gözlənilir”.

Mütəxəssis deyir ki, bu il regionlarda hotel kimi fəaliyyət göstərən kənd evləri, yeni hotellər açılıb: “Şahdağ, Qəbələdə qış turizm məkanlarının yaxınlığında kifayət qədər yeni kənd evləri, hotellər açılıb ki, bu da orada gecələməni daha ucuz və əlverişli edir”.
Mütəxəssis sonda vurğuladı ki, quru sərhədlərin bağlı olmasına baxmayaraq, daxili turizm potensialımız yüksəkdir: “Yeni il günlərində hotellərdə tələbat yüksək səviyyədə olur. Bu səbəbdən hotellərdə qiymətlər paket halında təklif edilir. Hotellərin sayı artdıqca, rəqabət mühiti formalaşır və turistlər üçün daha əlverişli qiymətlər təklif edilir”.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir