kokelmek

Qışda aldığımız artıq çəkilərdən necə qurtulaq?

Baxış sayı: 1. 317

Havalar isindikcə hər kəs qış uzunu aldığı kilolardan necə qurtulacağı barədə düşünür. Qış aylarında qalın geyinməklə artıq çəkilərimizi gizlətmək olurdusa, artıq havalar isindiyi üçün bu mümkün olmur. Buna görə də insanların bəziləri artıq çəkidən xilas olmaq üçün ya dietoloqa müraciət edir, ya idman zallarına üz tutur, ya da arıqladıcı çaylardan, dərman preparatlarından istifadə edir.

Ancaq dietoloqlar bu cür dərman və çaylar vasitəsilə arıqlayan insanların bu müalicə üsulunu saxladıqdan dərhal sonra sürətlə əvvəlki çəkilərinin iki qatını aldıqlarını deyirlər.

 

Bəs nə etməli? Artıq çəkilərdən düzgün yolla necə xilas ola bilərik?

 

Dietoloq Leyla Zülfüqarlı bildirdi ki, insanlar 35 yaşdan sonra çörəkdən tam imtina etməlidir: “Ümumiyyətlə, insan artıq 1-2 kilo almağa başlayanda belə buna ciddi yanaşmalıdır. Ancaq bizim insanlarda problem ondadır ki, kilonu alırlar və bu kilo alımı 10 kiloya çatanda başlayırlar təşvişə düşməyə ki, mən 10 kilo kökəlmişəm. İnsan 2-3 gündən bir çəkisini yoxlamalıdır. Əgər görsə ki, 500 qram, 1 kilo artıq çəki alıb, səhəri gün və ya bir gün sonra dietaya oturmalı, şokoladdan, şirniyyatlardan, yağlı yeməklərdən uzaqlaşmalıdır. Təbii ki, bununla yanaşı idmana, məşqlərə də üstünlük verilməlidir. Bu yolla insan aldığı artıq bir kilo yarımı atıb sonra yeməyini yeyə bilər. Buna diqqət etməyəndə insan o bir kilonun üstünə bir həftəyə 5-10 kilo ala bilər. Bəzən az kilo alımına fikir vermirlər. Çünki 2-3 kilo artıq çəki insanın bədənində elə də bilinmir. 5-10 kilo diqqət çəkir. Bir-iki kq artım  normaldır. Elə insan olur stressdən kökəlir və ya davamlı qonaqlılarda olur deyə kökəlir. Əgər insan çox kökəlibsə, idman zallarına üz tutmalı, qaçışla məşğul olmalı, açıq havada yeriməlidir. Artıq çəki insanın bütün bədənini puç edir. Artıq çəki hər tərəfdən xəstəlik deməkdir. Xarici ölkələrə diqqət yetirsəniz orada artıq çəkili insanların olmadığını görərsiniz. Çünki orada insanlar öz çəkilərinə hörmətlə yanaşır. Mənim də insanlara tövsiyəm bu ola bilər ki, çəkilərinə hörmətlə yanaşsınlar. Əgər 2 kilo artdıqlarını görsələr, həmin dəqiqə dietaya oturub bu çəkilərdən qurtulmalıdırlar”.

Dietoloq artıq çəkidən əziyyət çəkən insanların bu çəkidən qurtulması üçün kimyəvi dərmanlara üstünlük verməsini tövsiyə etmədiyini dedi: “Kimyəvi dərmanlara üstünlük verməsinlər. Çünki o, bədənə çox böyük ziyan vurur. Mən öz təcrübəmdən deyim ki, bu dərmanlardan istifadə edən insanlar müəyyən qədər çəkilərini atırlar. Amma dərmanları bütün ömür boyu qəbul edə bilməzsən ki… Bir-iki ay qəbul edib arıqlayıb dərmanları bitirdikdən sonra çəki üstünə iki qat gəlir. Bunu artıq dünya ölkələri də təsdiq edib. Çəkini ancaq məşq və dietik yeməklərlə atmaq sağlamlıq baxımdan mümkündür və məsləhətlidir. Ümumiyyətlə, 35 yaşdan sonra çörəkdən tam imtina etmək lazımdır. Mən özüm də 35 yaşdan sonra çörək deyilən şey yemirəm. İldə bir dəfə təndir çörəyinin qırağını yeyərəm. Amma yeməklərin heç birini çörəklə yemirəm. Ancaq mağazalarda satılan dietik çörəklərdən istifadə edirəm. Kərə yağından istifadə etmək lazımdır. Deyirlər ki, kərə yağı adamı kökəldir. Amma bu belə deyil. Əksinə, kərə yağının tərkibində A vitamini var və bu vitamin insanın dərisinə olduqca lazımlı bir vitamindir. Buna görə də insanlar səhərlər kərə yağı yeməyə qorxmasınlar. Ümumiyyətlə, səhər yeməyini yeməlidirlər ki, bədən yaxşı işləsin. Bizim insanlarda bir bəla var ki, çox zaman səhər yeməyi yemir, kofe içir və ya şirniyyatla çay içirlər. Günorta yeməyini fast-foodla keçirir, axşam yeməyində isə aş, bozbaş, dolma yeyib televizorun  qarşısında uzanırlar. Bax, bizi də öldürən elə budur… Axşam ancaq böyük həcmdə salat yeyə bilərsən ki, sənin bütün mədəni tutsun”.

 

Günel MANAFLI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir