valideyn

Qız uşaqlarını qorumağın “stimullaşdırma yolu” – NECƏ ETMƏLİ?

Baxış sayı: 1. 299

Azərbaycanda qız övladları olan ailələri dəstəkləmək və qadınların sosial həyatda iştirakını stimullaşdırmaq təklif edilir. Trend-in məlumatına görə, bu təklif BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış “Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı”nın layihə sənədində qeyd edilib. Sənəd layihəsində yalnız qız övladı olan ailələr üçün onlara dəstək verəcək proqramların yaradılması və icra edilməsi təklif edilir. Eyni zamanda, qeyd edilir ki, həmin dəstək ya qızların özünə (məsələn, təhsil təqaüdləri, yaxud tibbi imtiyazlar kimi), yaxud valideynlərinə (pensiya dəstəyi kimi) verilməlidir. Layihəyə görə, bu tədbirlərin 2019-2022-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Ombudsman tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qız uşaqlarının doğulması üçün ailələrə xüsusi stimullaşdırıcı yardımların verilməsini düzgün saymır. Sədr müavini bunun üçün insanların şüurlarının dəyişməsini vacib hesab edir: “Əgər bu gün “Ailəyə dəstək daha çox qız, yoxsa oğlan tərəfindən gəlir?” deyə bir təhlil aparılsa, inanıram ki, üstünlük qız övladlarına veriləcək. Bu gün qızlar ata-anasına daha çox dəstək verirlər, nəinki oğlanlar. Qız uşaqlarını saxlamaq üçün ailəyə pul, yaxud başqa yardım edilsə, daha çox qız uşaqlarının doğulmasına meyil yaranacaq”.

S.Qəhrəmanovanın fikrincə, belə yardımların edilməsindənsə, ailələr üçün dəstək proqramlarının genişləndirilməsi daha faydalı olar: “Azərbaycanda ailələrə, özünüməşğulluğun təmin edilməsi üçün vəsait verilir. Bu vəsait ailəyə öz biznesinə başlamağa yadım edir. Bunu inkişaf etdirmək lazımdır. Biz komitə olaraq, belə məsələlərlə də rastlaşırıq ki, hansısa bir kənddən qız uşağı ali məktəbə qəbul olunur, ailənin isə ona maddi dəstək verməyə imkanı çatmır. Məsələn, Qaxın kəndlərindən birində yüksək balla ali məktəbə qəbul olunan qızın təhsil almaq imkanı yox idi. Komitənin müraciətindən sonra onun qəbul olunduğu universitet qıza dəstək verdi və o, təhsilini davam etdirə bildi. Qız uşaqlarının inkişafı üçün müvafiq orqanlar tərəfindən onlara belə dəstəklər göstərilməlidir”.

 

“Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd etdi  ki, təklif müxtəlif formalarda həyata keçirilə bilər: “Belə bir təklifin irəli sürülməsi müsbət hal kimi qiymətləndirilməlidir. Amma hələlik bu təklifin hansı formada olacağına dair məlumat yoxdur. İstənilən halda, stimullaşdırıcı tədbirlər ölkədə disbalansın bərpasına gətirib çıxara bilər. Əslində, bu təklif müxtəlif formalarda həyata keçirilə bilər. Qızların cəmiyyətdə irəli çəkilməsi, bacarıq və qabiliyyətinə görə seçilənlərin uğur hekayələrinin paylaşılması, xaricdə yaşayan uğurlu qızlarımızın həyat hekayələri stimullaşdırıcı tədbirlərin bir hissəsi  ola bilər. Amma məsələ   burasındadır ki, gərək bu proqram hazırlananda mexanizm elə qurulsun  ki, gender balansı pozulmasın. Ona görə də, vacib məqamlara diqqət yetirmək lazımdır. Hansısa ayrı-seçkilik məqamları diqqətdən yayınmamalıdır. Əsas məsələ cəmiyyətdə olan stereotiplərin aradan qaldırılmasıdır. Köhnə adətlər, mövhumatçılıq, qızların təhsildən yayınması kimi məqamlara xüsusilə diqqət yetirilməlidir”.

 

Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirdi ki, təkcə təqaüd verməklə problemlərin öz həllini tapacağını gözləmək düzgün deyil: “Məncə, hər şeydən əvvəl, cəmiyyətdə deqradasiyaya uğrayan ailə dəyərləri üzərində işlənilməlidir. Hesab edirəm ki, cəmiyyətdə qızlara və oğlanlara fərqli münasibət olmamalıdır. Bu mənada, cəmiyyətimizdə ailə dəyərlərinin formalaşdırılmasına əhəmiyyət vermək lazımdır. Əgər bu problem öz kökündən həll olunarsa, belə xırda məsələlərə ehtiyac qalmayacaq. Hər şey maariflənmə və təbliğatdan asılıdır. Ailə modelinin təməlini düzgün formada qurmaq lazımdır ki, sonradan belə məsələlər problemə çevrilməsin. Kiməsə müəyyən məbləğdə pul verməklə hansısa problemi həll etmək olmaz. Hər bir təklifin reallaşdırılması ona olan yanaşmadan asılıdır. Əsas məsələ cəmiyyətin buna necə yanaşmasıdır. Hesab edirəm ki, bu gün Azərbaycanda artıq ailə institutu sarsılıb. Ona görə də, biz bu problemin üzərində çalışmalıyıq. Yalnız bu halda qızlar arzu olunan övlad hesab olunacaq. Qızların təhsildən kənarlaşdırılma halları, erkən nikahlar bu gün cəmiyyətdə ciddi problem kimi qalmaqdadır. Təqaüd verməklə bu problemlər öz həllini tapmır. Əgər ailədə problem varsa, o təqaüd o qıza lazım olmayacaq. Bu mənada hesab edirəm ki, məsələyə ciddi yanaşmaq lazımdır”.

 

Sosioloq Lalə Mehralı söylədi ki, stimullaşdırıcı təklifin həyata keçirilməsi problemlərə yol aça bilər: “İlk baxışda, belə bir təklif hər bir insana müsbət təsir bağışlayır. Ola bilsin ki, bu təklif selektiv abortların qarşısının alınması istiqamətində ciddi tədbir olsun. Amma cəmiyyətdə bu məsələyə birmənalı yanaşma olmaya bilər. Qız uşaqlarına hansısa formada və məbləğdə  təqaüdlərin və yardımların edilməsi oğlan uşaqlarının abortunu artıra bilər. Düzdür, biz xalq olaraq oğlan uşaqlarına daha çox meylliyik. Nadir hallarda oğlan uşaqları abort etdirilir. Qız uşaqlarının abortu isə dəhşətli səviyyəyə gəlib çıxıb. Belə məqamda stimullaşdırıcı tədbirlərin nə dərəcədə effektiv olacağını demək bir qədər çətindir. Əslində bu təklifin işlənmə mexanizmi burada xüsusi əhəmiyyət kəsb edir. Qız uşaqlarının təhsil alması və gələcəyi üçün təqaüdlər və yardımlar ayrılarsa, bu, layihənin müsbət tərəfi olar. Amma qız uşaqlarının sayının çoxalması naminə edilən təkliflər bir qədər şübhə yaradır.  Belə olan təqdirdə, digər məsələlər də ciddi şəkildə araşdırılmalıdır. Bu mənada, təklif bir tərəfdən yaxşı olsa da, digər tərəfdən müəyyən problemlərə yol aça bilər. Ona görə də, təklif işlənərkən onun mexanizmi üzərində dəqiqliklə  düşünmək  lazımdır. Qız uşaqlarını asanlıqla öldürən bir cəmiyyət, onlara verilən təqaüdə görə, oğlan uşaqlarını da rahatlıqla öldürə bilər. Ümid edirəm ki, təklif reallaşarkən neqativ halların qarşısı alınacaq”.

 

Şəbnəm Mehdizadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir