qrip

Qrip əleyhinə peyvənd: “İmmun sistemi güclü olan insanlar belə…”

Baxış sayı: 741

“Payız-qış mövsümünün gəlməsi ilə əlaqədar havaların soyuması və immunitetin zəifləməsi təbii prosesdir”. Bu sözləri Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova deyib. N.Mürsəlova bu dövrdə orqanizmin immun statusunu yüksək səviyyədə saxlamaq üçün bir sıra sadə üsullar haqqında danışıb:

“Qida rasionuna bol vitaminli meyvə-tərəvəzi daxil etmək, açıq havada tez-tez olmaq, qapalı məkanları gün ərzində bir neçə dəfə havalandırmaq kimi adi qaydalara riayət etmək lazımdır”.

Şöbə müdiri müxtəlif respirator xəstəliklərdən qorunmaq üçün tibbi maskalardan istifadə etmək, kütləvi tədbirlərdə iştirak etməkdən çəkinmək, fiziki məsafəni qorumaq, şəxsi gigiyena qaydalarına riayət etmək və spirt əsaslı dezinfeksiyaedici vasitələrdən istifadə etməyin vacib olduğunu vurğulayıb.

Nəzifə Mürsəlova istənilən xəstəliyin qarşısının alınması xəstəliyə yoluxub sonradan ondan müalicə olunmaqdan daha əlverişli olduğunu bildirib:

“Məhz bu səbəbdən ölkədə bir sıra yoluxucu respirator xəstəliklərə qarşı peyvəndlərin aparılması həyata keçirilir. Hətta immun sistemi olduqca güclü olan insanlar belə ildə ən azı bir dəfə qripə yoluxurlar. Bu xəstəlikdən qorunmaq üçün Azərbaycanda qrip virusuna qarşı peyvəndin tətbiqinə başlanılıb”.

Nəzifə Mürsəlova deyib:

“Məlum olduğu kimi, oktyabr ayının 12-dən etibarən Səhiyyə Nazirliyinin müvafiq əmri ilə ölkəmizdə müəyyən olunmuş əhali qrupları arasında mövsümi qripə qarşı peyvənd kampaniyasına start verilib”.

Nəzifə xanım peyvənd kampaniyasının çərçivəsində tibb işçiləri, hamilə qadınlar, tənəffüs yollarının xroniki xəstəliklərinə malik 6 aylıqdan yuxarı uşaqlar və böyüklərin peyvənd olunduğları haqqında məlumat verib. Onun dediyinə görə, qripə qarşı peyvənd olunmaq istəyən hər kəs yaşayış yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edib, peyvənd oluna bilər.

“Onu da qeyd edim ki, mövsümi qrip əleyhinə peyvənd edilmə dövlət tibb müəssisələrində tamamilə pulsuz aparılır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir