MASIN

Rüsumların artırılması avtomobil bazarı üçün nə vəd edir?

Baxış sayı: 622

“Rüsumların artmasının bazara təsir göstərməyəcəyini söyləmək məntiqə sığmır. Hansısa ödənişlər artırsa, bu, mal və xidmətlərin bahalaşmasına gətirib çıxardır. Bu daha çox alqı-satqı əməliyyatları zamanı alanla satan arasındakı qiymətlərdə dəyişikliyə səbəb olacaq”.

Bunu iqtisadçı Natiq Cəfərli avtomobillərin özgəninkiləşdirilməsi və dövlət qeydiyyatına alınması üçün hazırkı rüsumların artırılması ilə bağlı avtomobil bazarında mümkün qiymət dəyişikliyinə münasibət bildirərkən dedi.

“Avtomobil satarkən ya alan, yaxud da satan rüsumları öz üzərinə götürürdüsə, indi bu sövdələşmə dəyişəcək. Əgər avtomobili satan şəxs rüsumları öz üzərinə götürəcəksə, təbii ki, bu, avtomobilin satış qiymətinin artmasına rəvac verəcək. Çünki rüsumlarda dəyişiklik baş verir. Yox, əgər qeydiyyat xərcini avtomobili alan öz üzərinə götürəcəksə, bu zaman alıcının cibindən daha çox pul çıxacaq. İstənilən halda bu, avtomobilin qiymətinə təsir göstərəcək. Çünki vətəndaşın avtomobil almaq üçün sərf edəcəyi vəsaitin məbləği artacaq”.

N.Cəfərli deyir ki, rüsum dəyişikliyi daha çox ikinci əl avtomobillərin satış qiymətinə təsir edəcək. Çünki rəsmi dilerlər yeni avtomobilləri satarkən qeydiyyat rüsumunu öz üzərinə götürə bilər. Amma ikinci əl avtomobillərin satışında bu vəsaiti iki tərəfdən biri, yəni ya avtomobili satan, ya da alan ödəməlidir.

natiq ceferli

Gömrük rüsumu artarsa, bahalaşma ikiqat olacaq?

Ekspert deyir ki, avtomobil bazarında əsas qiymət artımı gömrük rüsumları ilə bağlı olur.

N.Cəfərli bildirir ki, Azərbaycanda bu sahədə aparılan siyasət kökündən yanlışdır. Onun sözlərinə görə, gömrük rüsumlarının çox baha olması ölkəmizə daha köhnə, təhlükəli və ekoloji zərərli avtomobillərin gətirilməsinə səbəb olur. Əhali məcburən daha ucuz avtomobillərə yönəlir. Nəticədə ölkənin avtoparkı köhnəlir. Ona görə də elektrik avtomobillərinə təşviqlər olmalıdır.

Avtobusların vaxt intervalı düzgün tənzimlənmir, ÇÜNKİ... - Ekspertlər tənqid etdi - Avtosfer.az

Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirir ki, avtomobillərin qeydiyyat rüsumunun artırılması avtomobil bazarında o qədər də bahalaşmaya səbəb olmayacaq. Ekspert deyir ki, avtomobil bazarında əsas bahalaşma gömrük rüsumlarının artırılması zamanı baş verə bilər: “Xaricdən ölkəmizə gətirilən avtomobillərə aksiz vergisinin artırılması bazarda qiymətə əsas təsir edən amildir. Bu zaman mühərrik həcmi 2500 kubsantimetr olan avtomobillərdə qiymət dəyişikliyi o qədər də yüksək olmayacaq. Lakin mühərrik həcmi 3000 kubsantimetrdən 5000 kubsantimetr olan minik avtomobillərində əhəmiyyətli qiymət dəyişikliyi olacaq. Aksiz vergisinin yüksəlməsi irihəcmli avtomobillərin qiymətinin yüksəlməsinə səbəb ola bilər. Qiymətlər yüksələcəksə, kiçik mühərrikli avtomobillərə tələbat artacaq. Bahalaşma bütünlükdə avtomobil bazarına təsir edəcək.

E.Cəfərov bildirir ki, mövsümlə əlaqədar hazırda ikinci əl avtomobil bazarında 2 faiz civarında bahalaşma var. Amma yeni avtomobillərdə qiymət artımı müşahidə olunmayıb.

masin

Qeydiyyat rüsumları nə qədər artıb?

Xatırladaq ki, ötən gün “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər təklifi avtomobil sahəsindən də yan keçməyib. Təklif olunan dəyişikliyə əsasən, avtomobillərin özgəninkiləşdirilməsi və dövlət qeydiyyatına alınması üçün hazırkı rüsumların artırılması nəzərdə tutulur.

Belə ki, təklifə görə, dövlət rüsumu minik avtomobillərinin yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları ilə əlaqədar, habelə burada nəzərdə tutulmayan digər hallarda avtonəqliyyat vasitələri üçün 10 manatdan 20 manata, motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün 5 manatdan 10 manata qaldırılır.

Beləliklə, dövlət rüsumu yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə aşağıdakı kimi olacaq:

– 2000 kubsantimetrədək olduqda – mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,05 manat;

– 3000 kubsantimetrədək olduqda – 100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat;

– 4000 kubsantimetrədək olduqda – 200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat;

– 5000 kubsantimetrədək olduqda – 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat;

– 5000 kubsantimetrdən çox olduqda – 1500 manat olacaq.

Bəs görəsən, təklif qəbul olunarsa, rüsumların artırılması avtomobil bazarı üçün nə vəd edir?

 

Aksiz vergisi nə qədər artacaq?

Qeyd edək ki, 2022-ci ilin büdcə zərfi çərçivəsində Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə görə, ölkəmizə xaricdən daxil olan avtomobillərə aksiz vergisinin artırılması nəzərdə tutulur. Aksiz dərəcələrində artım avtomobillərin istehsal ilindən və mühərrik həcmindən asılı olaraq yenidən hesablanacaq. Bu əsasən iri mühərriki olan avtomobillərə şamil olunsa da, 7 ildən artıq istehsal tarixi olan və idxal edilən nəqliyyat vasitələrinin də aksiz vergisinə əlavə əmsal tətbiq ediləcək. Loru dildə desək, avtomobilin istehsal tarixi 7 ildən artıq olduqda ona əlavə vergi hesablanacaq.

İndiyədək avtomobillər 3 ildən yeni və 3 ildən köhnə kimi iki yerə ayrılırdılarsa, təklifə görə, bölgü 3 hissədən ibarət olacaq. 3 ilədək, 3 ildən 7 ilədək və 7 ildən artıq müddət əvvəl istehsal olunanlar. Bununla bağlı məcəlləyə 190.1.4 -4-cü maddə əlavə ediləcək. Bu maddəyə əsasən, ölkəmizə idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda hesablanan aksizin məbləği əlavə əmsala vurulmaqla artırılacaq. Benzin mühərrikli minik avtomobillərinin aksizi 1,2 dəfə, dizel mühərrikli minik avtomobillərinin aksiz vergisi isə 1,5 əmsala vurulacaq. Beləcə əgər istehsal tarixi 7 ildən artıq olan benzin mühərrikli avtomobilin aksiz vergisi ən azı min manat artacaq. Avtomobil dizellə işləyirsə, aksiz vergisi daha yüksək olacaq.

 

Zülfiyyə Quliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir