kopuk_sac_boyasi

Saç lakı baş ağrısına səbəb olur?

Baxış sayı: 1. 831

Müasir saç düzümlərini saça qulluq vasitələri, lak, muss, gelsiz təsəvvür etmək mümkün deyil. Bu vasitələr saçı formada saxlayır, yağış və küləyin təsirindən qoruyur. Lakin “gözəllik qurban tələb edir” və bu saç vasitələri sağlamlığa güclü zərbə vurur. Saça qulluq vasitələrindən istfadə edən xanımlar çox vaxt baş ağrılarından, baş gicəllənməsindən, ürək bulanmadan şikayət edirlər.

Saç ustası Sevinc Babayevanın sözlərinə görə, saç düzümlərinə lazımi forma vermək üçün daha çox saç lakından istifadə olunur: “Bir çox salonlar ucuz və keyfiyyətsiz saç laklarından istifadə edirlər. Ucuz olmasına baxmayaraq, saç düzümünü formada saxlayır, lakin insanın sağlamlığına pis təsir edir. Saç lakları telin üstünü bütünlükdə örtür və telin dərin qatlarına nəmin daxil olmasının qarşısını saxlayır. Lak quruyanda saç elastikliyini itirir və tez qırılır. Lakın tərkibində spirt olduğu üçün saçlar quruyur və nazikləşir. Saç lakından gündəlik istifadə etdikdə saçlar parlaqlığını itirir, saçqıranlar çoxalır”.

Qeyd edək ki, lak istehsal edən şirkətlər lakların keyfiyyəti ilə bağlı bir sıra təcrübələr aparır və lakların hazırlanma formulunu yaxşılaşdırırlar. Lak və digər saça qulluq vasitələrinə vitamin və minerallar əlavə edirlər. Amma bu cür vasitələr xeyli baha olur və tam zərərsiz deyil. Elə saç lakları var ki, onların tərkibində saçları möhkəmləndirən və başın dərisini qıcıqlandırmayan maddələr əlavə olunur. Lakin salonlarda bu saç laklarından nadir hallarda istifadə olunur. Və daha çox ucuz laklara üstünlük verilir.

Saç ustası izah edir ki, lak alarkən istifadə qaydalarını, lakın tərkibini diqqətlə oxumaq lazımdır. Lak saç tipinə uyğun seçilməldir. Bir saç tipinə uyğun gələn lak başqa saçın sağlamlığına zərər verə bilər. “Saç lakı alarkən fikir vermək lazımdır ki, tərkibində spirt olmasın. Spirt saçı qurudur və gözlərin selikli qişasına, ağıza, dəridə və ya üzdə olan yara və kəsiklərə düşdükdə ciddi problemlərə səbəb olur. Bu səbəbdən də keyfiyyətli saç laklarında spirt olmur.

Lakın tərkibində saça qulluq edən qliserin, betain, pantenol, benzofenon daxildir. Bu maddələr saçı zədələnmədən, qırılmadan qoruyur. Onlar saçı qidalandırır, nəmi saxlayır, saça parıltı verir, gün şüalarının zərərli təsirindən qoruyur”.

Zəif, saç düzümünü tam olduğu kimi tam saxlamayan laklar da var ki, onların tərkibinə saça qulluq edən ot və bitkilər əlavə olunur. Belə laklar saçın formasını azca saxlasalar da, saçlara parlaq və canlı görünüş verir. Bitki mənşəli bu cür lakla örtülmüş saçları asanlıqla daramaq olur, amma kimyəvi maddələrlə zəngin saç lakını başa vurub daradıqda saç qırılır.

S.Babayeva bildirib ki, saç lakının nə dərəcədə keyfiyyətli olması onun iyindən, saça vurduqdan sonra ağızda qalan tamdan da asılıdır. Lakdan xoşagəlməz, kəskin iy gəlirsə, onu saça vurduqda sanki adam boğulursa, lakı vurmaq lazım deyil. Belə saç lakları bir-iki saatdan sonra başda güclü ağrılara səbəb olur. Ağızda yaranan xoşagəlməz, bəzən acı tam isə məhsulun kanserogen vasitə ilə zəngin olduğunu göstərir.

Lakın güclü iyi ətirlərin iyini də örtə, qarışa və xoşagəlməz təəssürat yarada bilər. İysiz laklar daha yaxşı hesab olunur və vurduğunuz ətrə təsir etmir.

Müsahibimiz məsləhət görür ki, satışda olan saç lakları əvəzinə evdə və ya salonda sifarişlə hazırlanan təbii saç laklarından istifadə edin: “Müasir saç laklarına bənzər vasitə düzəltmək üçün qaynamış su, yaxşı yuyulmuş limon və efir yağı lazımdır. Limonun suyunu sıxın. Limon şirəsinə iki qaşıq su və limonun qalan hissəsini əlavə edib yavaş odda limonun qabığı yumşalana qədər qaynadın. Soyuyandan sonra alınmış məhlulu ələkdən və ya tənzifdən keçirin. Şəffaf qarışıq alınmalıdır. Qarışığı istifadə olunmuş və ya yeni boş lak qabına əlavə edin. Mayeni qaba doldurub bir neçə damcı efir yağı əlavə edin. Bu cür lakı soyuducuda saxlamaq lazımdır. Belə təbii lakı hər gün istifadə etmək olar. Bu cür lak nə baş ağrısına, nə də saçların tökülməsinə səbəb olacaq”.

Onun dediyinə görə, ultrabənövşəyi şüaların təsirindən qoruyan lakları isə istirahətdə işlətmək məsləhətdir. Gündəlik həyatda günün altında saçların qızmasının qarşısını alan və zəif qoruyucu xassəyə malik saç lakından istifadə etmək lazımdır: “Yumşaq və nazik saçlara orta güclü laklar uyğun gəlir. Cod saçlara isə güclü forma verən laklar vurulmalıdır”, – deyən saç ustası əlavə edib ki, saç lakında çox gəzmək, gecə belə saçı yumadan yatmaq olmaz: “Saçın üstündəki kimyəvi örtüyü yumaq lazımdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir