Nermine Abbasova

“Sadəcə baş ağrısı deyil kürək, boyun, çiyin əzələlərində, orqanizmin müxtəlif oynaqlarında ağrılar hiss edilir”

Baxış sayı: 440

Yazın gəlməsi və havaların isinməsi təbiəti canlandırdığı kimi, bir sıra xəstəliklərin də canlanmasına şərait yaradır. Baharın gəlişi ilə baş qaldıran xəstəliklər müxtəlif problemlərə yol açmaqla insanların özlərini narahat hiss etmələrinə yol açır.

Mövzumuzla bağlı oxucularımızı Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova məlumatlandırıb.

Nərminə xanım bildirdi ki, yaz fəslinin gəlişi ilə gecələrin qısalması və günlərin uzanması kimi faktorlar bədənin hormon tarazlığını dəyişdirərək yuxu nizamına təsir edir:

“Yuxu nizamında baş verən dəyişikliklər isə orqanizmin yetərincə dincəlməməsinə, davamlı yorğunluğa, unutqanlığa səbəb olur. Xüsusilə də sıx iş rejiminə malik olanlar, stresli insanlar sadəcə baş ağrısı deyil, kürək, boyun, çiyin əzələlərində və orqanizmin müxtəlif oynaqlarında ağrılar hiss edirlər”.

Həkim qeyd edtdi ki, yazda ən çox rast gəlinən problemlər içərisində ilk sırada allergiya yer alır. Bu xəstəliyin yaranma səbəbi və ondan qorunma ilə bağlı məlumat verən həkim bildirdi ki, havada uçuşan polen adlanan çiçək tozları yaz mövsümündə allergik xəstəliklərə səbəb olan ən önəmli amillərdir. Onun ən çox təsir etdiyi orqanizm isə insanların gözləridir:

“Mövsümlə bağlı allergiya nəticəsində gözdə qaşınma, qızarıqlıq və reaksiyaya bağlı olaraq damar genişlənməsi meydana gəlir. Bu baxımdan şiddətli yanma, işığa baxa bilməmək, bulanıq görmə yaranır. Allergiya nəticəsində yaranan qaşınma bəzi adamlarda göz önündəki təbəqə olan korneanın quruluşunda pozulmalara səbəb olur ki, bunların da ən ciddisi görmə qabiliyyətinin pozulmasına yol açmasıdır. Nəticədə toxumalarda iltihablı şiş əmələ gəlir ki, bu da gözdə şişmə, qızarma, qaşıntı və sulanmaya səbəb olur. Qaşınma səbəbi ilə gözün davamlı olaraq əllərlə ovxalanması başqa infeksiyaların da yaranmasına səbəb olur. Bundan başqa, bahar aylarında sıx müşahidə olunan göz soyuqdəymələri sadəcə allergik mənbəli olmur, keçici və mikrobla bağlı olaraq yaranır”.

Həkim deyir ki, bu fəsildə insanlarda eyni zamanda davamlı asqırmalar, burun axıntısı, tıxanıqlıq müşahidə edilir. Bu tıxanıqlıqla bağlı insanlar burundan nəfəs ala bilmir və ağızdan nəfəs alırlar ki, bu zaman alınan nəfəs nəmləndirilmədən və isidilmədən ağciyərlərə çatdığından buna bağlı problemlər yaşanır:

 

 

“Nəticədə baş ağrısı, üzdə, alında ağrı, boğazda qıcıqlanma, yanma, davamlı udqunmağa ehtiyac olur. Astma xəstəsi olanlarda döş qəfəsində sıxılma, tıxanıqlıq, nəfəs alıb-vermədə çətinlik, xırıltılı tənəffüs və öskürək ola bilər. Yazda göz allergiyasından qorunmaq üçün evdə nəfəslik yerinə kondisionerdən istifadə daha məqsədəuyğundur. Çünki kondisionerlə xaricdəki tozların otağa birbaşa daxil olmasının qarşısı alınır. Həmçinin tozlardan qorunmaq üçün yaz və yay aylarında gün eynəklərindən istifadə məsləhətdir. Gözə əllə təmasdan mümkün olduqca uzaq durmaq lazımdır. Evdə toz alarkən belə yaş dəsmaldan istifadə edilməlidir”.

 

Nərminə xanım bildirdi ki, Bahar mövsümü insanların psixoloji vəziyyətinə də təsir edir. Onun sözlərinə görə, yazın gəlməsi ilə yaranan hava dəyişikliyi nəticəsində bəzi insanlar özlərini davamlı halsız hiss edirlər və yuxudan xilas ola bilmirlər:

“Yaz və payızda sıx rast gəlinən halsızlıq maddələr mübadiləsi ilə bağlıdır. Bu mövsümdə havada olan müsbət və mənfi yüklü ionlarla bağlı bəzi dəyişikliklər ortaya çıxır ki, bu vəziyyət bəzi insanlarda ruhi sıxıntılar və halsızlıq yaradır. Bu vəziyyətlə qarşılaşmamaq üçün yaşadığınız yerin hava almasını təmin etmək, nizamlı yuxu saatlarını müəyyənləşdirmək, gündə 7-8 saat yatmağa çalışmaq, həftədə ən azı 2 gün açıq havada yerimək və ilıq duş qəbul etmək tövsiyə edilir. Gündə 2-3 litr su qəbul etmək yaz yorğunluğundan qorunmaq və immunitet sistemini gücləndirmək üçün vacibdir. Qeyd edim ki, yaz depressiyası adətən digər depressiyalara bənzər əlamətlər daşıyan bir xəstəlikdir”.

Həkim onu da vurğuladı ki, insanların kifayət qədər günəş işığı almaması beyində bəzi kimyəvi maddələrin paylanmasını pozur. Onun sözlərinə görə, əgər bu mövsümdə hansısa bir insan özünü yorğun, halsız, yuxusuz və bədbəxt hiss edirsə, bu artıq yaz depressiyasının əlamətidir:

“Yaz depressiyası baharda başlayan və hər il eyni vaxtlarda müşahidə edilən bir depressiya vəziyyətidir. Əlamətlərinə gəldikdə isə daim qayğı, yuxu pozuqluğu, əsəbilik, çəki itirmək, iştahsızlığın və ya əksinə artması kimi amillər yer alır. Bahar depressiyası yaşayan insanlar məktəbə və yaxud da işə getmək problemi yaşaya bilərlər. Bəzi əlamətlər iki həftədən çox davam etdiyi zaman mütəxəssisə müraciət etmək məsləhətdir. Çünki depressiya müalicə olunmadığı halda təkrarlama şansı arta bilər. Eyni zamanda həmin sıxıntıların başqa bir psixoloji xəstəliyin əlaməti olub-olmadığını da öyrənmək önəmlidir. Xüsusilə də ailədə psixoloji problemi olan başqa qohumlar varsa, daha diqqətli olmaq lazımdır. Ümumiyyətlə, depressiyanı ciddi qarşılamaq lazımdır. Bahar depressiyası psixoloji bir səbəbdən qaynaqlana biləcəyi kimi tiroid hormonların nizamsızlığından da yarana bilər”.

Nərminə xanımın sözlərinə görə, Bahar yorğunluğunun qarşısını almaq üçün günəşin erkən çıxmasından faydalanıb yuxudan tez durmaq lazımdır. Eyni zamanda, hər gün eyni saatda yatıb-qalxmağa çalışmaq, daha aktiv olmaq, gündə bir neçə dəfə idmanla məşğul olmaq, avtomobil əvəzinə piyada getməyə üstünlük vermək, hazır qidalar əvəzinə təzə meyvə-tərəvəz qəbul etmək lazımdır.

 

Yaz mövsümü ilə bağlı dəyişikliklərin uşaqlara təsirindən bəhs edən həkim bildirdi ki, bu mövsüm uşaqlar üçün “xəstəlik mövsümü” sayılır. Onun sözlərinə görə, bu mövsümdə uşaqlarda artan əsas xəstəliklər allergiya və astmadır:

“Astma ilə bağlı xroniki öskürəklə yanaşı, suçiçəyi də müşahidə edilir. Həmçinin iltihablı göz axıntıları infeksiya əlaməti ola bilər. Eləcə də faringit, virusların səbəb olduğu tənəffüs yolu infeksiyaları, ishallara da çox rast gəlinir. Ümumiyyətlə, bu aylarda havaların dəyişməsi, viruslara və polenlərə bağlı olaraq uşaqlara təsir edən xəstəliklər daha da çoxalır. İlk olaraq valideynlər uşaqları istiyə uyğun geyindirməli və tərləməkdən qorumalıdırlar. İnfeksiyalara qarşı sıx-sıx əllərini yumalıdırlar. Əgər valideyn zökəmə yoluxubsa, maska taxmalıdır. Uşaqların düzgün qidalanmasını təşkil etməlidir. Onlara çoxlu süd məhsulları yedirtməlidir. Gündə yarım saat günəşə çıxarıb gəzdirməlidir”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir