kama ahmad

Münasibətlərin korlanmasına səbəb olan əsas amillər nələrdir?

Baxış sayı: 430

1. Cütlüyün işi və karyerası

Evlilikdə 3-cü tərəf hər zaman insan olmur: bu tərəflərdən birinin işi də ola bilər. İşimiz bizdən zaman tələb etdiyi kimi münasibətlərimiz də zaman və səy tələb edir. Gününün böyük hissəsini işdə keçirən müasir bəylərin və iş qadınlarıının ailələrində narazılıqlar başlayır. (Bəylərin xanımları “evə iş gətirirsən, işdə evdən çox zaman keçirirsən, işdə zənglərə cavab vermirsən” səbəblərinə görə boşanma ilə təhdid etdiyi cütlüklərə iş təcrübəmdə rast gəlmişəm). İşə olan sədaqətimiz və diqqətimiz partnyorumuza olan sədaqətimiz və diqqətimizdən çox olduqda ailə münasibətində problemlər yaşanır.

(İnsan dünyadan köçəndə ofisdə daha çox zaman keçirmədiyinə deyil, ailəsi ilə az zaman keçirdiyinə peşman olurmuş…)

 

2. Cütlüyün birgə zaman keçirməməsi

Cütlük həftədə 80-100 saat, nizamsız iş cədvəlində işlədikdə işlə şəxsi həyat arasında balans yarada bilmədikdə münasibətə daha az enerji və zaman qalır və emosional qopma, uzaqlaşma başlayır. Cütlüyün söhbət etməməsi, görüşlərə zaman ayırmaması və birgə əylənməməsi münasibətlərə mənfi təsir edir. Cütlük tanışlıq və sevgi münasibətlərinin başlanğıc mərhələsində göstərdiyi səyi göstərmir və bu sonun başlanğıcı olur…

 

3. Cütlüyün yanlış ünsiyyət şəkilləri

Cütlük məqbul mübahisə tərzini tapmır, bir-birini dinləmir, təhqir və tənqid edir, ikrah nümayiş etdirir, tərəflər bir-birini başqaları ilə müqayisə edir, susaraq cəzalandırmağa çalışır və ya digər cəzalandırma yollarına əl atır, biri digərini manipulyasiya edir, dəyişdirməyə çalışır.

 

4. Ailələrdən, qohumlardan, rəfiqələrdən və dostlardan məsləhət alınması

Ailə problemlərinin doğru müzakirəsi kvalifikasiyalı tərəfsiz mütəxəssislə deyil, ailə üzvləri, rəfiqələr və dostlarla aparılır, subyektiv, yanlış “məsləhətlər” verilir, 3-cü tərəfin münasibətə qarışmasına izin verilir və s.

 

5. Cütlüklərin uzaqlaşması

Həll edilməmiş münaqişələr, rutin məsələlər, dəyişən prioritetlər və dəyərlər, həmçinin də ümumi yoxluq (bir-birinin həyatında iştirak etməmək) cütlüklərin uzaqlaşmasına və münasibətlərin korlanmasına səbəb olur.

 

6. Dəstəyin olmaması

Cütlüyün bir-birinin maddi-mənəvi və intellektual böyüməsinə dəstək olmur, əksinə mane olur.

 

7. Hədsiz gözləntilər

Evlilikdə partnyorlardan onların təklif edə biləcəyindən daha çox diqqət və maddi gözləntilərin olması ailədə münaqişələrə səbəb olur. Sonsuz giley-güzar və münaqişə insanları yorur ki, bu da sonradan onların bezərək ayrılmağına səbəb olur.

 

8. Xəyallarla reallığın üst-üstə düşməməsi

Tərəflər sevgi romanlarından, serial və filmlərdən, sosial mediadan beyinlərində müəyyən bir rəsm formalaşdırır və evliliyə girir. Rəsmlə real həyat üst-üstə düşmədikdə narazılıq başlayır.

 

9. Bir-birinin ehtiyaclarına fokuslanmamaq

Partnyorunun ehtiyaclarından xəbərsiz olmaq və onlara fokuslanmamaq – yalnız özünü düşünmək problemlərə yol açır.

 

10. Qəbullana bilməmək

Evlənərkən və münasibətdəykən biz partnyorla birgə onun problemlərini də həyatımıza alırıq. İstənilən insanın özünəməxsus “problemlər dəstəsi” olur. Beyindən aşiqlik dumanı dağıldıqdan sonra partnyorun qüsurları, mənfi cəhətləri, problemli, bəyənilməyən cəhətləri gözə batmağa başlayır və partnyorun qeyri-mükəmməl olmadığını qəbullana bilməmək (və ya qəbullanmaq istəməmək) münasibətləri çıxılmaz nöqtəyə gətirir.

 

11. Dostluq etməmək və ortaq maraqların olmaması

Evlilik ömürlük dostluq və yoldaşlıq münasibətidir. Dostlarımızla bizi birləşdirən onlara olan marağımız, ortaq maraqlarımız və dəyərlərimizdir. Eynisi ailə münasibətlərinə də şamil oluna bilər. Bir-birinizin oxşarı olmağınıza gərək olmasa belə, bir-birimizə maraqlı gəlmək, ortaq maraqların və birgə hobbilərin olması, birgə əylənmək – evliliyinizin uzunömürlü olması üçün zəruridir.

Bu və ya digər problemlər yarandıqda və ya yaranmasının qarşısını almaqda Münasibət Kouçundan kömək istəyə bilərsiniz.

Yadda saxlayaq ki, sadalanan bir çox problemin həlli var və hər iki tərəf istədiyi təqdirdə həll yollarını tapmaq mümkündür.

 

Kama Ahmad

Kouç, münasibətlər üzrə ekspert 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir