ders

Şagirdlər, bu yazı sizin üçündür!

Baxış sayı: 631

Bəzi şagirdlər saatlarla dərs oxusalar da, istədikləri nəticəni əldə edə bilmirlər. Bu cür şagirdlər çox oxumalarına baxmayaraq, öyrənməkdə çətinlik çəkdiklərini etiraf edirlər. Əgər eyni vəziyyəti öz uşağınızda da müşahidə edirsinizsə, ilk növbədə, onun necə dərs hazırladığını nəzərdən keçirməlisiniz…

 

Dərs hazırlamaq üçün ən uyğun vaxt hansıdır?

Hər şeydən əvvəl deyək ki, bu, hər şagirddən asılı olaraq dəyişə bilər. Ümumilikdə isə, dərs hazırlamaq üçün ən uyğun vaxt səhər saat 8-dən 12-yə, günortadan sonra isə saat 4-dən 6-ya qədərdir. Yatmazdan əvvəl oxuduğunuz materiallar isə yuxuda yaddaşınıza daha asan həkk olar. Digər tərəfdən, yatmazdan əvvəl humanitar bir fənni oxumaq və ya bütün günü oxuduğunuz fənləri təkrar etmək səhər yuxudan qalxarkən onları daha asan yada salmağınıza səbəb olar. Dərs hazırlamaq üçün vaxt müəyyən edərkən uşağın məktəbdən yorğun gəldiyini də nəzərə almalı, uşaq bir az dincəldikdən sonra dərs hazırlamağa başlamalıdır.

ders

Dərs proqramlarını həftəlik tərtib edin

Dərs proqramlarını tərtib edərkən məktəbə gediş-gəliş saatları, dərs hazırlamaq üçün ayrılan vaxt, nahar fasiləsi, istirahət, gəzinti, televizor, oyun, uşağın dostlarına ayırdığı vaxt və s. əvvəlcədən müəyyən edilməlidir. Bütün bunları müəyyən etdikdən sonra uşağınızın bir həftə ərzində oxuyacağı dərsləri də həftənin günlərinə bölərək proqrama əlavə edə bilərsiniz.

ders

Dərs proqramını tərtib edərkən nələrə diqqət yetirmək lazımdır?

1) İki humanitar və ya iki dəqiq fənni dalbadal salmaq olmaz. Məsələn, riyaziyyatdan sonra tarix kimi humanitar bir fənni oxuya bilərsiniz. Ancaq riyaziyyatdan sonra fizika kimi dəqiq bir fənni oxumaq olmaz. Ya da tarixdən sonra coğrafiya kimi humanitar fənni oxumaq doğru deyil.

2) Humanitar fənləri yatmazdan əvvəl təkrar etmək lazımdır.

3) Tapşırıqlar üçün xüsusi bir təqvim hazırlamaq onların unudulmasının qarşısını alar.

ders

Dərs hazırlamaq üçün nə qədər vaxt lazımdır?

Tədqiqatlar dərs hazırlayarkən ən məhsuldar vaxtın ilk 30 dəqiqə olduğunu göstərir. 30 dəqiqədən sonra diqqət dağılır və məhsuldarlıq aşağı düşür. Şagird 2-3 saat sonra hələ də eyni mövzunu eyni metodla oxumaqda davam edirsə, bu, boş yerə vaxt itirməkdən başqa bir şey deyil. Digər tərəfdən, bu müddət şagirddən asılı olaraq dəyişə bilər. Məsələn, 1-ci sinifdə oxuyan bir şagird üçün 5-10 dəqiqə dərs + fasilə olmaqla 20-30 dəqiqə kifayətdir. Yuxarı sinif şagirdləri üçün isə bu müddət maksimum 1 saat olmalıdır (məsələn, 45 dəqiqə dərs + 15 dəqiqə fasilə kimi). Əgər hər hansı bir mövzunu 1 saat ərzində öyrənmək mümkün deyilsə, ya bu mövzunu saxlayıb başqa bir mövzuya keçməli (məsələn, “Kəsirlər” mövzusu üçün 45 dəqiqə kifayət deyilsə, sonrakı 45 dəqiqəni tarixə həsr edə, sonra yenidən “Kəsirlər” mövzusuna qayıda bilərsiniz), ya da eyni mövzunu başqa bir metodla öyrənməlisiniz (məsələn, 45 dəqiqə “Kəsirlər” mövzusunu hazırladıqdan sonra, növbəti 45 dəqiqə bu mövzu ilə bağlı test həll edə bilərsiniz). Öyrənilən mövzuları tez-tez təkrar etmək əvəzinə onları tövsiyə edilən fasilələrlə təkrar etmək daha əlverişlidir.

ders

Təkrar etməyi unutmayın!

Dərslərin hazırlanmasında təkrarın əhəmiyyəti böyükdür. Çünki böyük bir adam öyrəndiyi bir mövzunun təqribən 80 faizini 24 saat ərzində unudur. Buna görə də, öyrənilən bir mövzunu 24 saat ərzində təkrar etmək unutmaq ehtimalını 30 faizə qədər azaldır. 1 gün, 1 həftə, 1 ay, 3 ay və 6 ay sonra edilən təkrarlar isə unutmaq ehtimalını tamamilə aradan qaldırır. Elə isə dərs hazırlayarkən sistematik olaraq mövzuları təkrar etmək lazımdır. Məsələn, “1-ci Dünya Müharibəsi” mövzusunu 40 dəqiqə hazırladıqdan sonra 5 dəqiqə təkrar etmək lazımdır. Ertəsi gün eyni mövzu 10 dəqiqə, 1 həftə sonra 10 dəqiqə, 1 ay sonra 5 dəqiqə, 3 və 6 ay sonra isə 3 dəqiqə təkrar edilməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir