is gorusmesi

Saxta iş elanlarını necə müəyyən edək? – Hüquqşünasdan MƏSLƏHƏT

Baxış sayı: 151

– Alo?

– Bəli.

– Salam. Mən sosial şəbəkədə qarşılaşdığım bir iş elanına görə zəng etmişdim.

– Aha, buyurun

– Əmək haqqının 700 -1000 manat olduğunu qeyd etmisiniz.

– Xanım, əslində əmək haqqı danışıq əsasında müəyyən olunur. Biz sizin görünüşünüzdən razı qalsaq, bu məbləğlə razılaşa bilərik. Zəhmət olmasa, ofisimizə yaxınlaşardınız.

Bu elan Azərbaycanda yetərincə tanınan şirkətlərdən birinə aiddir. Elanda qeyd olunur:

“Satış üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edirik. Əmək haqqının 700 -1000 AZN-dir. Azərbaycan və rus dilini mükəmməl bilməsi lazımdır. Gözəl görünüşlü xanım olması arzuolunandır”.

Digər bir elan: 

“Təmizlikçi vəzifəsi üzrə vakansiya elan edirik. Əmək haqqı 300-400 AZN-dir. Gülərüz, xoş görünüşlü, komanda tərkibində işləmək qabiliyyəti olmalıdır”.

Daha bir elan.

“Qabyuyan üzrə vakansiya elan edirik. Əmək haqqı 350 AZN-dir. Məsuliyyətli, intizamlı, gərgin iş şəraitində işləmək bacarığı olmalıdır”.

300 manatdan başlayan əmək haqqı və 300-dən çox tələb. Təmizlik işində çalışacaq bir xanımdan niyə gözəl olması tələb edilsin ki? Əslində bu cür faktlar çoxdur. Bizi təəccübləndirən tələblər də.

Bəzi hallarda sosial şəbəkələrdə yayılan saxta iş elanlarından bir çox insanın zərər çəkdiyi müşahidə olunur. Məsələn, irəli sürülən şərtlərlə bağlı vətəndaş iş yerinə müraciət etdikdə, vakansiyalara qoyulan şərtlər reallığa uyğun olmur. Bununla da vətəndaşların hüquqları pozulur. Bu zaman hüquqları pozulmuş vətəndaş hansı addımları atmalıdır? Ümumiyyətlə, saxta iş elanlarını necə müəyyən etmək olar?

Hüquqşünas Şamil Paşayev Lent.az-a açıqlamasında mövzu ilə bağlı bizə qaranlıq qalan bəzi məqamlara aydınlıq gətirib. O bildirir ki, iş elanlarındakı bitərəflik yolverilməzdir:

– Əmək qanunvericiliyində də yazılıb ki, iş elanları birtərəfli olmamalıdır. Çox vaxt ancaq kişilərin, yaxud yalnız qadınların işə qəbul olunması kimi elanlarla qarşılaşırıq. Bunlar doğru deyil. Bəzən minumum əmək haqqı təklif edir, amma həddindən artıq çox tələblər qoyurlar. Bu da vətəndaşı çıxılmaz vəziyyətə salır. Düşünür ki, onsuz da bu işə qəbul olunma ehtimalım çox aşağıdır. İngilis, alman, fransız dillərini bilməsini, xaricdə magistr təhsilinin olmasını, yaxud elmlər doktoru dərəcəsini istəyir. Amma təklif etdiyi maaş 250 manatdır. Əlbəttə, hamımız bilirik ki, bu biliklərə sahib adamlar daha yüksək məvacibli işlərə layiqdir.

Hüquqşünas deyir ki, iş elanlarının saxtalığa gətirib çıxaran səbəblərdən biri də həmin elanları yayan şirkətləri sosial şəbəkələrdə daha çox insanın izləməsi, bəyənilmə istəyidir.

– Məqsəd daha çox insanın onları görməsi, danışmasıdır. Elanları məhz öz şirkətlərini tanıtmaq üçün paylaşırlar. Elə şirkətlər var ki, həftəlik kurs kimi işçiləri dəvət edir, onların əməyindən yararlanır və heç bir ödəniş etmirlər. Sonda da işə götürmürlər. Buna da “sınaq müddəti” adını qoyurlar. Bu zaman əməkdaşlar pulsuz hər hansısa bir işi etməkdən imtina etməlidirlər. Məsələn, belə bir elan var idi: “38 bədən ölçüsü olan xanım lazımdır”. Axı bir işi icra etmək üçün xanımın bədən ölçüsü nəyə lazım olsun ki? Çox vaxt iş elanlarında ancaq qadınların dəvət olunduğunu qeyd edirlər. Belə işlərə gedən xanımların daha sonra seksual qısqanmaya məruz qaldığının da şahidi oluruq. İşləyən qadınların seksual qısqanmaya məruz qalması indi nadir rastlaşan hadisə sayılmır. Sadəcə, zərif cinsin bəzi nümayəndələri iş yerlərini itirməkdən, yaxud evdə fərqli münasibətlə üzləşməkdən ehtiyatlandıqları üçün bu problemi ictimailəşdirməyə bir o qədər də həvəs göstərmirlər”.

– Belə saxta iş elanları ilə qarşılaşdıqda nə etməliyik?

– Qanunvericiliyin tələbinə uyğun olaraq deyə bilərik ki, olmayan işin elanını vermək qeyri-etik xarakter daşıyır. Əmək müfəttişliyi, eyni zamanda vergi orqanlarının köməkliyi ilə həmin şirkətin verdiyi elanda həmin kadra ehtiyacın olub-olmadığını yoxlamaq mümkündür. Əgər məhkəmədə müəyyən olunsa ki, həqiqətən də bu şirkətin məqsədi vətəndaşı işə qəbul etmək deyil, sadəcə özünü tanıtmaq, yaxud müəyyən müddət onun əməyindən yararlanmaqdır, o zaman həmin iş yerlərini müəyyən məbləğ cərimələməklə tənbeh etmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir