sevgi

“Sevgilim, gəl dama çıxaq…” (FOTOLAR)

Baxış sayı: 1. 746

Təsəvvür edin ki, dünyalar qədər sevdiyiniz biri var. Ona sevginizi sübut etmək üçün hər şey, amma hər şey etməyə hazırsız. Qabiliyyətiniz çatan qədər sevgi mesajları, məktubları yazmısız, şair olub sözləri nəzmə çəkmisiz, hədiyyələr almısız, onu sevdiyinizi sübut etmək üçün fədakarlıqlar etmisiz. Bir sözlə, sevmisiz, sevmisiz, yenə də sevmisiz…. Amma yetmir, bəs etmir, sizə bütün bunlar az gəlir… 

Ağlınız Hollivud filmlərinə gedir. Melodramlarda sevgilisinə, nişanlısına, həyat yoldaşına xoş sürprizlər edən aktyor tayfası. Göydən yerə tökülən qızılgül ləçəkləri, ürək formalı şarların havada uçuşması… Ay nə romantik, nə romantik…
Sən demə, bunlar ancaq filmlərdə olmurmuş. Bu günlərdə internetdə qarşıma məlum elan çıxmasa, azərbaycanlıların sevgi anlayışına “həri, xına, nişan” üçlüyünün daxil olması gerçəyi ilə barışacaqdım. Sosial şəbəkədə bu elanı görənlər görüb, görməyənlərə isə biz məlumat verək. Aksiyanın adı ruscadır: “Dari postupok”. Hərfi tərcüməsi “əməl hədiyyə et”dir, fəlsəfəsi isə budur ki, sevdiyin üçün bir şeylər et, onun könlünü oxşa, təəccübləndir, sevindir, kəsəsi, unudulmaz anlar yaşat.
KURYER GİRİR ÜRƏK FORMALI GEYİMİN İÇİNƏ VƏ… 
Elanın altındakı telefon nömrəsinə zəng edirəm. Bu dəfə partizan üsulsuz- filansız. Jurnalist kimi. Maraqlanıram: sevgili (həyat yoldaşı, nişanlı, sözlü….) üçün nə kimi unudulmaz əməl etmək olar və firma buna necə yardımçı olur? Yurdum insanının ürək döyüntülərini sürətləndirmək üçün hansı əməllər edilir?
Firmanın rəhbəri Şamil Apayev deyir ki, onlar Rusiyanın eyniadlı şirkətindən rəsmi lisenziya alaraq bu işlə Azərbaycanda məşğul olurlar. 2013-cü ildən bəri ölkəmizdə sevdiyinə xoş anlar yaşatmaq istəyən həmvətənlərimizə yardım edirlər. Necə? Müsahibimiz öncə ondan başlayır ki, Azərbaycanda bu cür sürprizləri daha çox qadınlar edir. Banal təbrikdən, ətir-köynək tipli hədiyyələrdən qaçmaq istəyən qadınlar onlara müraciət edir: “Bizdə hazır paketlər var. Bunlardan birincisi ürək kuryer xidmətidir. Bizim kuryer böyük bir ürək formalı geyimin içinə girir və təbrik mətnini, sifarişçinin ürək sözlərini səbəbkara çatdırır. Daha çox bu xidmətdən istifadə edirlər”.
DAMDA GÖRÜŞ, ÜSTƏGƏL SKRİPKAÇI VƏ FOTOQRAF 
İkinci və daha maraqlı təklif paketi isə “Damda görüş xidməti”dir. Təəccüblənməyin, burada söhbət sevgilisi ilə uca bir binanın damında görüşmək istəyən şəxslərdən gedir: “Damın üstünü romantik üslubda bəzəyirik. Skripkaçını, fotoqrafı da dəvət edirik. Təbii, bu paketi sifariş verən şəxs sevdiyini də ora aldatma yolu ilə gətirir. Məsələn, deyir, rəfiqəm bu binada, 9-cu mərtəbədə yaşayır, onlara beş dəqiqəlik dəyək. 9-cu mərtəbəyə çıxanda isə ordan dama qalxırlar və… sürpriz… Bir tərəfdə skripkaçı, o biri tərəfdə fotoqraf, romantik ab-hava”.
Söhbətin romantikasını korlamaq istəməsəm də, jurnalist marağı  güc gəlir. Əcəba hər kəs istədiyi binanın damını sürpriz məkanı olaraq seçə bilərmi? Şamil bəy deyir ki, bu, mümkün deyil, çünki onlar cəmi bir binanın damı üçün icazə alıblar: “İcazəmiz yoxdur hər dama çıxmağa. Yasamalda bir binanın damı var, o, bizim bu sürpriz aksiyamız üçün uyğundur”.
Müsahibimizin danışığından məlum olur ki, böyük əksəriyyət bu cür sürprizləri yüksək sevinc, emosiya ilə qarşılayır. Şok və ya neqativ reaksiya ilə hələ ki, rastlaşmayıblar.
CANIM, SƏNİN ÜÇÜN AVTOBUS BAĞLATDIRMIŞAM! 
Sürpriz aksiyalarına… davam. Daha bir xidmət isə “romantik avtobus” adlanır. Belə ki, şəhər avtobuslarından biri bəzədilir, cütük avtobusa daxil olur. Onlar cəmi iki dayanacaq yol gedirlər: “Birinci dayanacaqda ürək geyimindəki kuryer avtobusa daxil olur. İkinci dayanacaqda isə skripkaçı. Hər ikisi romantik atmosfer yaradırlar. Sonuncu dayanacaqda isə çay süfrəsi hazırlanır və sevgililər orada zaman keçirirlər”.
SEVMƏK PULLU İŞDİR, ATAM BALASI… 
 
Biz azərbaycanlıyıq, konkretliyi sevirik. Necə deyərlər, romantika qarın doyurmur. Bütün bu xidmətlərin maliyyəsi nə qədərdir?
Ürək kuryer xidməti üçün 70 AZN ödəmək lazımdır. Damda görüşün məbləği isə 100 AZN-dir. Ürək kuryer və 6 mələk qızın müşayiəti ilə sevdiyinə ürək sözlərini çatdırmanın maliyyəsi isə 200 AZN-dir.
Söhbət zamanı məlum olur ki, bu xidmətdən daha çox cavanlar və rusdilli kontingent istifadə edir: “Niyə rusdillilər? Bu suala cavabım yoxdur. Amma məncə kimin bu xidmət barədə daha çox məlumatı olsa, onlar da müraciət edər. Bizim daha çox səhnəarxası çətinliklərimiz olur. Bəzən də təşkilatı sahədə problemlər çıxır. Məsələn, avtobus gec gəlir, ya da planlaşdırdığımız hansısa detal alınmır. Bizə demək olar ki, hər gün müraciət edirlər. İnsanlar həyatlarını rəngləndirməyi sevir. Amma indi məhərrəmlik ayıdır deyə müraciətlər azalıb”.
Sonda… Müsahibə boyu azərbaycanlıların bu xidmətə çox müraciət etdiyi deyilsə də, gözümlə görmədən inanmaram. Kredit girdabında boğulan, ayın əvvəlini sonuna bağlamaq üçün canı ilə əlləşən statistik azərbaycanlı sevgilisinə “səni sevirəm” deməsi üçün ürək geyiminin içinə girən qardaşa 70 AZN ödəyir…? Təki olsun, təki yurdum insanı o qədər çox sevsin, o qədər çox sevsin ki, “o pulla 3 toyuq, 3 kilo ət…… alaram” haqq-hesabını aparmağa vaxt sərf etməsin. Bir sözlə, sevsin, sevilsin, sevgi ayaqlarını yerdən kəssin…



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir