ehali

Sosial gərginliyi azaltmaq üçün önəmli təkliflər

Baxış sayı: 611

“İnsanların problemlərinin sosial şəbəkələrə daşınması ilə ümumi atmosferə xələl gətirə biləcək və ölkənin qalib, real siyasi kursuna mənfi təsir edəcək, müxtəlif sosial zümrələri üz-üzə qoyacaq amillərin qabağını almaq  üçün təxirəsalınmaz tədbirlərə ehtiyac olduğunu görürük”

Getdikcə sürətlənən bahalaşma və artan inflyasiya fonunda əhalinin gəlirləri dəyərsizləşir və yoxsullaşma artır. Əlbəttə, bu gün bunu təsdiqləyən dəqiq sosial araşdırmalar yoxdur, lakin cəmiyyətdəki müşahidələr və sosial şəbəkələrdəki müzakirələr bunu deyir.  Belə olan halda, hökumətin ardıcıl olaraq suyun, benzin və dizelin, təbii qazın tariflərini artırması sosial narazılığı da artırır. Tarif Şurasının qərarı cəmiyyətdə etirazla qarşılandığı kimi, Milli Məclisdə də tənqid olunub. Hətta  deputat Razi Nurullayev Tarif Şurasının ləğv edilməsini təklif edib.  R.Nurullayev  deyib ki, Tarif Şurası ləğv edilməli və səlahiyyətləri parlamentə verilməlidir: “10 milyonluq xalqın hər bir ailəsinin və fərdinin gündəlik yaşayışına təsir edən qərarları 5-6 nəfər yox, 10 milyonluq xalqın hər bir nəfərini təmsil edən Milli Məclis üzvləri qəbul etməlidir. Çünki Tarif Şurasının qəbul etdiyi qərarlar  ciddi sosial narazılıq yaradır və əsaslandırma arqumentləri də tutarlı deyil”.

İnsanlar TƏBİB-ə nifrət edir” - Qüdrət Həsənquliyev | KONKRET

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Milli Məclisdəki çıxışında deyib ki, aztəminatlı insanlar və pensiyaçılar hər dəfə artan qiymətlərdən əziyyət çəkir: “Bu gün biz pensiyaçıları düşünməliyik. Qiymətlər qalxır, qazın qiyməti qalxıb. Qiymətlər qalxanda biz bunun real səbəbini demirik. Çalışırıq ki, bunu əsaslandıraq ki, bu, elə camaatın xeyrinədir. Adını qoyuruq ki, bu, idarəetmənin təkmilləşdirilməsi deməkdir. Amma hansı məqsədlə edilir, edilsin, qiymət qalxır. Xüsusilə pensiyaçılar, aztəminatlı ailələr bundan əziyyət çəkirlər. Buna görə də bizim Sosial siyasət komitəsi bu məsələyə münasibət bildirməlidir. Mən Razi Nurullayevin fikrini dəstəkləyirəm ki, bu tipli məsələlər mütləq komitədə müzakirə olunmalıdır və monopolist dövlət təşkilatları deyil, qiymətlərin qaldırılmasını parlament müəyyənləşdirilməlidir”.

Zahid Oruc: Qarabağda dünyaya gələn övladlara görə yardım..

Mövzu  ilə bağlı açıqlama verən Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc bildirdi ki, Tarif Şurasının qərarı cəmiyyətdə, media məkanında, sosial şəbəkələrdə müəyyən narazılıq doğurdu, bu açıq şəkildə görünməkdədir: “Dövlət strukturları da bu prosesi izləyir. Sosial Tədqiqatlar Mərkəzi olaraq biz də ictimai fikri əsas kontentlər üzrə, indiki halda əhalinin ödəmə yükünü artıran, həmçinin iqtisadi aktivliyə, insanların gəlirlərə, pandemiyanın yaratdığı problemlər fonunda əmək bazarındakı duruma necə təsir göstərəcəyi ilə bağlı müxtəlif ssenariləri təqdim etməyə çalışırıq. Dövlətin hazırkı dövrdə bu cür qeyri-populyar qərarlara niyə imza atdığını başa düşmək çətin deyil. Söhbət dövlətin ilk növbədə müharibənin yaratdığı böyük yükü cəmiyyət və dünya ilə bölüşə bilmədiyindən xərclərin bir qismini qarşılamağa çalışmaqdır. Ancaq dövlət bu halda aztəminatlı əhali təbəqəsini mütləq düşünməlidir. Biz anlamalıyıq ki, müxtəlif sahələrdəki islahatların bir-biri ilə sinxron olaraq genişləndiyi dövrdür. Bir tərəfdən əlilliyin təyinatı meyarlarında dəyişiklikləri görməkdəyik, vətən müharibəsinin yekununda insanlarımızın özünəməxsus tələb və çağırışları meydana çıxır. BMT tərəfindən tanınmış sərhədlərimizin bərpası ilə bağlı sərhəd qüvvələrimizdən tutmuş silahlı hərbi birləşmələrimizin dayandığı coğrafiya ilə bağlı fərqli reallıqlar meydana gəlib. Bu da çox ciddi sosial ödəmələr deməkdir, son günlər ölkə rəhbəri də həmin insanlar üçün özü xüsusi əlavələr etməkdədir”.

Z.Oruc vurğuladı ki, təbii qaz və su məsələsi insan həyatı üçün önəmli məsələdir, bir növ sinir sistemidir: “Burada hər hansı dəyişikliklər avtomotik müxtəlif təsirlənmələrə səbəb olur. Bu səbəbdən hökumətin iqtisadi bloku bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirə bilər. Hesab edirəm ki, burada əhalinin maaşları və onların təminatı ilə bağlı indeksiyaların həyata keçirilməsi zəruridir.  İnflyasiyanın riskini qarşılamaq üçün başqa addımlar atıla bilər. Xüsusilə də gömrük rüsumlarının aşağı salınması fonunda Azərbaycanın xaricdən, idxaldan asılılığının daxildəki qiymətlərə təsir etməməsi təmin edilə bilər. Artıq bazar bu artımlara reaksiya verib. Biz 2-3 faiz civarında qiymət dəyişikliyini görürük, bunun davamlı tendensiyaya çevrilməməsi üçün bir sıra iqtisadi tədbirlər görülməlidir. Ümidvaram ki, hökumətin vergi, maliyyə və digər iqtisadi strukturlarda olan  kadrları hər biri bu istiqamətdə təkliflər etməlidirlər”.

Deputat bu narazılığın qarşısının alınması üçün iş yerlərinin artırılmasını və sosial artımlara gedilməsini təklif edir: “Çox kəskin tarif dəyişiklikləri getməsə belə, güzəştli hissədə edilən dəyişiklikləri əhali qış aylarında ciddi şəkildə hiss edəcək. İnsanlar artıq ümid bəsləyir ki, müharibə bitib, qələbə qazanmışıq, bundan sonra daha yaxşı həyat yaşayacağıq, bu istiqamətdə yönələn xərclər artıq insanların problemlərinə yönələcək. Bütün bunlar həm də yeni elitanın, yeni hakimiyyət quruculuğunun baş verdiyi dövrə düşdüyündən insanların haqlı göstəriciləri var. Buna görə də, insanların problemlərinin sosial şəbəkələrə daşınması ilə ümumi atmosferə xələl gətirə biləcək və ölkənin qalib, real siyasi kursuna mənfi təsir edəcək, müxtəlif sosial zümrələri üz-üzə qoyacaq amillərin qabağını almaq  üçün təxirəsalınmaz tədbirlərə ehtiyac olduğunu görürük. Hökumətin buna resursu var, artıq dünəndən bir sıra məhdudiyyətlər də aradan qalxdığından iqtisadiyyat müəyyən qədər özünü tədricən bərpa etmək yönündə olacaq. İş yerlərinin açılması, ixtisar olunanların bərpası ilə bağlı addımlar, sosial ödəmələrin artırılması, əlilliklə bağlı problemlərin ajiotaj yaratmasına yol verilməməsi vacibdir ki, 30-35 faizlik əhalinin həssas qrupları da daim dövlətin yanında olmaqda davam etsinlər”.

 

Nərgiz LİFTİYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir