ders

Təhsildə repetitorluq təcrübəsi: dünyada və bizdə

Baxış sayı: 267

Repetitor – mürəbbi, haqqı valideynin hesabına ödənmək şərti ilə, şagirdlərə təkbətək və ya qrup halında dərs deyən müəllimdir. O, adətən, dərslərində daha yaxşı nəticə əldə etmək, müxtəlif özəl təhsil müəssisələrinə, universitetlərə qəbul imtahanlarında uğur qazanmaq istəyən şagirdlərə müəyyən fənn və ya fənlərdən dərs verir.

Repetitorluq barədə müzakirələr cəmiyyətimizdə həmişə getsə də, son zamanlar bir az da aktuallaşıb. Xüsusilə də bəzi ekspertlər heç bir elmi tədqiqata söykənmədən ölkədə geniş yayılan bu fəaliyyəti birbaşa olaraq ölkəmizdə təhsilin səviyyəsi ilə bağlayır, bunun məhz Azərbaycanda bu qədər geniş yayılmasını, digər ölkələrdə belə yayğın olmamasını iddia edirlər.

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyir ki, dünya ölkələrində repetitorluq və onun ən müxtəlif aspektləri ilə bağlı geniş tədqiqatlar aparılıb. Elmi dildə bu hadisəni “kölgə təhsili” (shadow education) adlandırırlar. Repetitorluğun orta təhsilin aşağı keyfiyyətinin nəticəsi olması, yaxud da onlar arasında ciddi korrelyasiya əlaqəsinin olması ən azı dünyada aparılan tədqiqatlarda öz təsdiqini tapmır. Bu gün orta təhsilin keyfiyyətini beynəlxalq səviyyədə ölçən bir neçə qiymətləndirmə var ki, onlar da PİSA, TİMSS, PİRLS və sairdir. PİSA-da 2018-ci ildə ən yaxşı nəticə göstərən ölkələrin (şəhərlər) ilk onluğu belədir: Çin (yalnız 4 şəhərdə keçirilib), Sinqapur, Makao, Honq-Konq, Estoniya, Yaponiya, Cənubi Koreya, Kanada, Tayvan, Finlandiya. Deməli bu ölkələrdə orta təhsilin səviyyəsini (ortalama) əla və ya yaxşı adlandırmaq olar: “Sinqapurun ən böyük ingilisdilli qəzeti olan “The Straits Time” qəzetinin 2015-ci ildə 500 valideyn arasında apardığı sorğuya əsasən, hər 10 valideyndən 7-si öz övladını ödənişli repetitor yanına göndərir. 2015-ci ildə sinqapurluların bu məqsədlə xərclədiyi ümumi vəsait 1,1 milyard Sinqapur dolları olub ki, bu da 2004-ci ilə nisbətdə təxminən iki dəfə çoxdur (2004-cü ildə 650 milyon Sinqapur dolları).

Cənubi Koreyanın rəsmi stastika qrumunun məlumatına görə, koreyalı şagirdlərin təxminən 70 faizi (2016) fərdi ödənişli repetitor xidmətlərindən yararlanır. Honq-Konqda şagirdlərin 73,5 faizi (2010) pullu repetitor xidməti alır. Yaponiya Təhsil siyasəti tədqiqatları Milli İnstitutunun apardığı tədqiqata əsasən (2010) burada şagirdlərin 62 faizi repetitorlardan istifadə edir. 2007-ci ildə Yaponiyada 37 min məktəb var idisə, repetitor mərkəzlərinin sayı 50 min olub. Müxtəlif sorğulara əsasən, Estoniyada şagirdlərin 40-50 faizi repetitor xidmətlərindən yararlanır. Bundan başqa, Almaniyada 2016-ci ildə aparılmış sorğuya əsasən, 17 yaşlı gənclərin 47 faizi repetitordan yararlanıb”.

Nicat Məmmədlinin sözlərinə görə, repetitorluq Cənubi-Şərqi Avropa dövlətlərində də çox geniş yayılıb. Yunanıstanda sonuncu sinif şagirdlərinin 96 faizi repetitor yanına gedir. Kiprdə şagirdlərin 80 faizi repetitordan istifadə edir. İtaliyada şagirdlərin 40 faizi, İspaniyada 63 faizi, Latviyada 46 faizi, Maltada 78 faizi, Polşada 50 faizi, Slovakiyada 56 faizi, Çexiyada 47 faizi repetitorlara müraciət edir: “Bütün tədqiqatlar göstərir ki, repetitorluq xidmətlərinin həcmi əksər dünya ölkələrində genişlənməkdədir. Məsələn, Niderlandda ev təsərrüfatlarının repetitorluğa xərclədiyi vəsait 2016-cı ildə 2005-ci ilə nisbətən 160 faiz artıb. Bu statistikanı kifayət qədər uzatmaq olar. Lakin əgər ölkələr üzrə statistik göstəricilərə fikir versək, aydın görmək olur ki, repeptitorluq cənub və şərq ölkələrində daha geniş yayılıb. Bir sıra mütəxəssislər belə hesab edir ki, burda etnik-mədəni faktorların əhəmiyyətli rolu var. Məsələn, şərqi Asiya ölkələrində repetitorluğun geniş yayılmasının səbəbi Konfutsian mədəniyyətdir. Buna sübut olaraq hətta ABŞ və Avstraliyada yaşayan çinli və koreyalı diaspora nümayəndələri arasında da bu ənənənin geniş yayılması göstərilir. Amma bu barədə ayrıca yazmaq lazım gələcək: “Hələlik statistik faktlardan ən azı belə nəticəyə gəlmək olar ki, təhsilin keyfiyyəti ilə repetitorluq arasında səbəb-nəticə əlaqəsi tapmaq çətindir. Amma buna baxmayaraq, bəzi ölkələrdə repetitorluğun məhdudlaşdırılması ilə bağlı da dövlət səviyyəsində tədbirlər nəzərdə tutulub”.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun dediyinə görə, orta məktəblərdə bu gün əsas problem repetitorluqdur. Bu fenomen təhsildə çoxlu fəsadlar törədir. Repetitorluq fərdin təhsilidir, cəmiyyətin inkişafına mənfi təsir edir: “Repetitorluq fərdin təhsilidir, 1920-ci ildən qabaqkı təhsildir, cəmiyyətin inkişafına mənfi təsir edir. Repetitorluq dövlətin təhsil siyasətini aparmağa əngəldir. Repetitorluq orta məktəblərin yuxarı siniflərini iflic edir, tərbiyəyə və vətənpərvərliyə imkan vermir. Repetitorluq biliyin mənimsənilməsinə yox, əzbərçiliyə xidmət edir, bu imkandan istifadə edə bilməyən valideynlər dövlətdən narazı qalırlar”.

Şahlar Əsgərov bildirir ki, repetitorluq məktəbdən fərqli olaraq vətəndaş yetişdirə bilməz. Çünki təhsil sistemində müxtəlif səviyyələrdə tədris olunan bütün fənlər, tədris proqramları həm də təhsilalanların vətənpərvərlik tərbiyəsi onlara millətə, xalqa sevgi aşılamaq üzərində qurulub. Repetitorlar gənclərə vətənpərvərlik aşılaya bilir? Repetitor yanında tarixi, riyaziyyatı öyrənmək olar, amma o şagirdin idmandan, musiqidən, rəssamlıqdan heç bir anlayışı olmur: “Repetitor təhsili orta təhsildən fərqli olaraq abituriyentə bir neçə fənni öyrədir. Nəticədə gənc bəzi fənlərdən mükəmməl, ancaq kamil olmayan orta təhsil alır. Gənc orta məktəbdə təhsil alarkən dövlətə bağlı olur, dövlətsevər, millətsevər olur. Evdə repetitor təhsili almış gənc ailəyə, qohuma bağlılığı artır, vətən qarşısında özünü borclu saymır”.

ders

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, repetitor ali təhsil müəssisələrinə qəbul üçün lazımdır. Heç kim öz övladını repetitor yanına ona görə göndərmir ki, riyaziyyatı daha yaxşı bilsin. Yəni məqsəd sonda universitetə qəbul olmaqdır: “Hamı alitəhsilli ola bilmir. Ali təhsilə qəbul ənənəvi olaraq müəyyən mənada hamı üçün olan təhsil deyil. Biz ali təhsilə hamını qəbul etmirik. Ali təhsili yalnız minimal bal toplamış insanlar üçün məqbul hesab edirik. Yəni bu, cəmiyyətin gəldiyi qərardır. Hamı alitəhsilli olmalıdırmı – bu, ayrı mövzudur. Mən belə hesab etmirəm. Repetitorluq təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində var. Amma o ölkədə bu daha çoxdur ki, təhsil modeli olaraq rəqabətlilik seçib. Kim daha çox bal yığdı, kim daha irəli getdi. Dəfələrlə bu misalı deyirəm ki, bu gün Azərbaycan təhsilinin keyfiyyəti şərti olaraq 200 ballıqdır. Sabah islahatlar etdik və 200 bal qalxaraq 300 bal oldu. Yəni 33 faiz təhsilin keyfiyyəti yaxşılaşdı. Belə olan təqdirdə şagirdlər onda da repetitor yanına getməyəcəklərmi? Yəqin ki, yenə də gedəcəklər. Çünki indiki qəbul modelimiz bu məntiqə əsaslanır ki, bir yer üçün 2 nəfər mübarizə aparır. Ona görə də şagirdlərdə qəbul imtahanına daha yaxşı hazırlaşmaq üçün əlavə olaraq nəsə bilik almaq marağı olacaq. Loru dildə izah etsək, dövlət həmişə hamı üçün sabit məşq yeri yaradır. İnsanlar belə başa düşür ki, məktəbdən kənarda məşğul olsalar, digərlərinə nisbətən daha yüksək bal toplaya biləcəklər”.

Emin Əmrullayevin dediyinə görə, repetitorluq vacib ictimai müzakirə mövzusudur: “Bunu qadağan etmək olarmı? Məktəblərdə təhsilin keyfiyyətini artırmaq və repetitorluğun qarşısını almaq üçün bir neçə addımlar atılıb. Misal olaraq, təmayül sinif və məktəblərin yaradılması buna nümunədir. Ümumilikdə isə bu məsələnin dərin köklü problemləri var. Repetitorluq əslində təzahürdür, nəinki problem. Nələrisə dəyişsək, repetitor öz-özünə əhəmiyyətsizləşəcək, amma bunun üçün birmənalı olaraq biz təhsildə rəqabət və əməkdaşıq prinsiplərini bir daha müzakirə etməliyik”.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, repetitorluq dünyanın inkişaf etmiş ölkələrində də mövcuddur: “Cəmiyyətdə bəzən haqlı fikirlərə qarşı belə aqressiya olur. İnanıram ki, bu sağlam fikir olsa belə, buna da fərqli düşüncə və prizmadan münasibət bildirənlər olacaq. Biz repetitorluğun yaranma və yayılma arealına baxsaq, görərik ki, bu, heç də təhsili geri olan dövlətlərlə bağlı deyil. Repetitorluğun yayılma arealı daha çox təhsil tutumlu, inkişaf etmiş ölkələrdədir. Məsələn, Yaponiya kimi təhsil tutumlu ölkədə belə, repetitorluq çox geniş yayılıb. Cənubi Koreya kimi sürətlə inkişaf edən ölkədə də kifayət qədər repetitorluq fəaliyyəti var. Bu, onu göstərir ki, insanlar hər zaman öyrənməyə meyilli və öz övladlarının daha yaxşı təhsil almasına maraqlı olublar. Düşünürəm ki, insanlar hər zaman övladlarının daha çox öyrənməyində maraqlı olacaqlar. Azərbaycanda təhsil nə qədər yüksək olsa da, bütün hallarda şagirdlər repetitor yanına gedəcəklər”.

İ.Orucov hesab edir ki, xaricdə və bizim  ölkədə repetitorluq anlayışı və məqsədi fərqlidir: “Bizdə insanlar əsasən ali məktəbə qəbul olmaq üçün repetitor yanına gedirlər. Xarici ölkələrdə bu, bir qədər fərqlidir. Orada insanlar əlavə bilik almaq məqsədilə bu addımı atırlar. Güman edirəm ki, nazir də bu baxımdan həmin sözləri deyib. Repetitorlar hər zaman olub və olacaq . Cəmiyyətimiz nə qədər inkişaf etsə, təhsilli olsa, yenə də bu mövcud olacaq”.

 

Sevinc QARAYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir