usaq

“Tənqidçi”, yoxsa “model”? – VALIDEYNLƏR OXUSUN!

Baxış sayı: 505

4 yaş dövrü insan həyatında ən mühüm dövrlərdən biridir. İnsan əsas vərdişlərini bu dövrdə qazanır və insanın şəxsiyyəti də daha çox bu dövrdə formalaşır. Digər tərəfdən, bu dövrdə uşaqlar tənqidçidən çox nümunə götürə biləcəkləri modelə ehtiyac hiss edirlər.

 

Çox sual verir, hərəkətlidir

Bu yaşda olan uşaqlar təmkinli olmağı və ya bir şeyi başqaları ilə bölüşməyi bacarırlar. Tələblərini yerinə yetirmədikdə əvvəlki kimi hay-küy salmırlar. Mütəmadi olaraq “Niyə?”, “Nə üçün?”, “Necə?” sualları ilə əşyaların və ya sözlərin mənalarını soruşurlar.

Çox hərəkətlidirlər. Hərəkətli və enerji tələb edən şeyləri çox sevirlər. Pilləkənləri böyüklər kimi düşüb qalxa bilirlər. Kiçik əşyaları götürə bilirlər. Hətta bu yaşda olan uşaqlar ipə muncuq düzməyi və ya kublardan qala qurmağı da bacarırlar.

Qələmi böyüklər kimi tuta bilirlər. Ev şəkli çəkə bilirlər. Adam şəkli çəkməyi daha çox sevirlər. Şəkil çəkməzdən əvvəl nə çəkəcəklərini deyirlər. Bəzi rəngləri ayıra və ya müqayisə edə bilirlər. Yaxın keçmişdəki hadisələr arasında əlaqə qurmağı bacarırlar. Adlarını, soyadlarını, yaşlarını və ünvanlarını deyə bilirlər. 20-yə qədər saya bilirlər. Zarafatı və lətifələri xoşlayırlar. Kitablara baxmaqdan, həmçinin nağıl və hekayə dinləməkdən doymurlar. Bəzən həqiqəti xəyallarla qarışdırırlar. Yemək yeyərkən qaşıq və çəngəldən sərbəst istifadə edə bilirlər. Əllərini yuya, qurulaya, dişlərini fırçalaya bilirlər. Paltarlarını geyinib soyuna bilirlər. Ancaq düymələrini və ayaqqabılarının bağlarını bağlamaqda köməyə ehtiyac duyurlar.

Çox inadkardırlar. Əsasən istədikləri kimi hərəkət edirlər. Tələblərini yerinə yetirmədikdə böyüklərlə kobud danışa və ya hərəkət edə bilərlər. Bu yaşda olan uşaqların yaşıdları ilə tez-tez münaqişədə olmaları da normaldır. Təqlid etməyi, müxtəlif paltarlar geyərək rol oynamağı xoşlayırlar. Evdə əllərinə keçən şeylərdən nə isə düzəltməyə çalışırlar. İstər böyüklərlə, istərsə də kiçiklərlə ünsiyyətə ehtiyac duyurlar. Özlərindən kiçik uşaqlara qayğı ilə yanaşırlar. Yoldaşlarının hisslərini anlamağa, bölüşməyə çalışırlar. Nitq qabiliyyətləri bir az da inkişaf edir. Artıq şer əzbərləməyi və ya mahnı oxumağı bacarırlar.

 

Düzgün cümlələr qurun və səbirli olun

Bu yaşda olan uşaqlarla danışarkən tam və düzgün cümlələr qurmağa çalışın. Danışarkən əşyaları “o” və ya “bu” sözləri ilə yox, adları ilə ifadə edin. Məsələn, “Onu ver” əvəzinə “Qələmi ver” və ya “O səninki deyil, bu səninkidir” əvəzinə “O ayaqqabı səninki deyil, bu ayaqqabı səninkidir” kimi… Bütün suallarına səbirlə cavab verin. Çünki o dünyanı sizin köməyinizlə öyrənir. Onunla söhbət etməyi də unutmayın.

 

Birlikdə vaxt keçirin

Uşağınızla vaxt keçirərkən bunu məcbur olduğunuz üçün yox, zövq aldığınız üçün edin. Əks halda, uşağınızı aldada bilməyəcəksiniz. Birlikdə kitaba baxmağa və ya oxumağa çalışın. Unutmayın, uşaqla kitab oxumaq sizin onu daha yaxşı tanımağınıza da kömək edər.

 

Oyuna ehtiyacı olduğunu unutmayın

Bu yaşda olan uşaqlar yaş dövrlərindən asılı olaraq hərəkətli olurlar. Buna görə də, vaxt tapdıqca onlarla oynamağı, parka və ya həyətə çıxarmağı unutmayın.

Uşağınıza sərbəstlik verin

Görəcəyi işləri özbaşına görməsinə icazə verin. Məsələn, yeməyini yemək, paltarını geyinmək və s. kimi. Bir işi düz gördükdə isə mükafatlandırın.

 

Arqo sözlərə qarşı diqqətli olun

Arqo sözlərlə qarşılaşdıqda cəza vermək əvəzinə bunun uşağınızın yaşı ilə bağlı olduğunu xatırlayın. Məsələni bu sözləri tədricən unutduraraq həll etməyə çalışın. Unutmayın ki, uşaq çöldə və ya evdə eşitmədiyi sözləri öyrənə bilməz.

 

İnadkarlığa inadkarlıqla cavab verməyin

Bu yaşda olan uşaqlar üçün ailədə sevgi atmosferinin olması çox vacibdir. Bu, ilk növbədə, onları valideynləri ilə ünsiyyətə məcbur edə, həmçinin, bir çox problemlərin böyüməmiş həll edilməsinə imkan verə bilər. Unutmayın ki, uşaqlar sevdiklərini incitmək istəməzlər.

 

Üzr istəməkdən qorxmayın

Uşağınıza üzr istəməyi öyrətmək istəyirsinizsə, özünüz də üzr istəməyi öyrənin. Bir sözlə, hər səhvinizi görəndə üzr istəyin ki, uşağınız da üzr istəyə bilsin.

 

Təqdim etdi: UĞUR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir