son zeng

Tarixə düşəcək 11-cilər – ARAŞDIRMA

Baxış sayı: 943

“Müəllimlərimiz, valideynlərimiz üçün xüsusi çıxışlar hazırlayıb, mahnı sözləri yazmışdıq. Sinif olaraq studiyaya gedib mahnı səsləndirməyi düşünürdük. Həmçinin, müxtəlif rəqs kompozisiyaları təqdim edəcəkdik. Heyf ki, heç birini edə bilməyəcəyik”.

Bu sözləri bizimlə söhbətində 11-ci sinif şagirdi Mərziyyə Aslanova dedi. Bəli, artıq bir müddətdir ki, bütün dünyanı cənginə alan koronavirus pandemiyası Mərziyyə kimi bütün 11-ci sinif şagirdlərinin son zəng sevincini, qurduqları xəyalları ürəklərində qoydu.

Həmsöhbətim son zəngi böyük həvəslə gözlədiklərini deyir: “Nəinki bütün sinif, hətta, məktəb olaraq son zəngə hazırlaşırdıq. Amma son zənglə bağlı arzularımız heyf ki, həyata keçməyəcək. Heyf ki, düşündüklərimizin heç birini edə bilməyəcəyik. Ən çox ona görə pis oluruq ki, 11-ci sinfin son aylarını evdə keçirdik. Bunu yaşayan hər kəs bilir ki, məktəbin son sinfinin son ayları bir ömür unudulmayacaq xatirələrlə dolu olur. Şagirdlər bir neçə ay sonra ayrılacaqlarını bilərək doğmalaşırlar, müəllimlər şagirdlərlə daha çox vaxt keçirir. Lakin biz bunları yaşaya bilmədik”.

Danışılacaq ki, 2020-ci ilin 11-cilərinin son zəngi olmadı

Məziyyə son zəngləri olmayacaq deyə, çox üzülsə də, məsələnin müsbət tərəfinə də baxır: “Düşünmək olar ki, bu vaxta qədər belə bir situasiya heç vaxt olmayıb və bunu ilk biz yaşadığımız üçün tarixə düşəcəyik, əsrlər boyu danışılacaq ki, 2020-ci ilin 11-cilərinin son zəngi olmadı. Karantin bitdikdən sonra son zəng olmasa belə, sinif yoldaşlarımızla görüşüb məktəbimizlə vidalaşmağı düşünürük. Təbii ki, bu, son zəngin yerini verməz. Həyat kitab kimidir və onun ən maraqlı, xatirələrlə dolu olan səhifələri məktəb illərinə düşür. Məktəb illərinin möhtəşəm sonluğu isə son zənglə olur. Təəssüf ki, builki məzunlar bu duyğunu yaşa bilməyəcəklər. Düzdür, pis təsir edir, üzülürük, amma nə etmək olar, ən əsası sağlamlıqdır”.

 

İmtahan vaxtının bilinməməyi stress yaradır

Qəbul imtahanı ilə bağlı konkret bir tarixin açıqlanmamağının onları daha da stress altında saxladığını deyən Mərziyyə müəllim yanına getmədiyi günlər də belə dərsləri ilə ciddi məşğul olduğunu bildirir: “Qəbul imtahanına hazırlığımız bir müddətdir ki, onlayn şəkildə davam edirdi. Müəllimlərimiz çox sağ olsunlar, hər şeyin yaxşı olması üçün çalışırdılar. Amma istənilən halda bu, real dərsin yerini vermir. Mən evdə olduğum günlərdə dərslərimi oxuyur, qəbul imtahanına hazırlaşırdım. Amma imtahan vaxtının bilinməməyi bizim üçün stress yaradır. Dəqiq vaxt bilinsə, hazırlaşmaq daha rahat olar. Çünki iki ilə yaxındır o tarixi gözləyirik”.

Təbii ki, bu gün ölkəmizdə məzun olacaq yüzlərlə şagird var və biz onların hamısı ilə danışa bilmərik. Mərziyyə bizimlə bütün 11-ci siniflərin adından danışdı. Başqa sözlə desək, bütün məzunların problemi eynidir. Son zəngləri təxirə salınıb, qəbul imtahanın vaxtı bilinmir, imtahana az bir müddət qala günlərini karantin şəraitində keçirirlər. Maraqlıdır, bu məqamda biz gənclərimizə necə dəstək ola, onları necə motivasiya edə bilərik?

 

Ağlayanlar, dərs oxuya bilməyənlər, stress altında olanlar

Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərəmmov məzunlara son zəngləri təxirə salınmasından dolayı üzülməməyi məsləhət görür və qarşıda hələ yaşanacaq gözəl anların çox olduğunu deyir: “Pandemiya dövrünün sahibkarlardan sonra ən çox zərər çəkəni 11-cilərdir” desək, yanılmarıq. Çünki aşağı siniflərdə oxuyan digər şagirdlər onlayn da olsa, dərslərə qatılır, müəllimlər onlayn dərslərini keçib yenə də maaşlarını alırlar. Amma emosional olaraq ən böyük sarsıntını 11-ci sinif şagirdləri keçirdi. Universitetə hazırlaşdıqları dönəmdə belə bir hadisənin yaşanmağı onların qarşısında qeyri-müəyyənlik doğurur. Bu qeyri-müəyyənlik isə zamanla stress qaynağına çevrilir. Şəxsən bu yaxınlarda 419 nəfər 11-ci sinif şagirdinə onlayn seminar keçmişəm. Onların içərisində gecələr ağlayanlar, gündüzlər fikrini toparlayıb dərs oxuya bilməyənlər, çox dəhşətli şəkildə stress altında olanlar, depressiyaya düşənlər var. Bunun səbəbi bayaq da qeyd etdiyim kimi onlarla bağlı məsələlərin qeyri-müəyyən olmağıdır. Həmçinin karantin şəraitində lazımı səviyyədə hazırlaşa bilməmələri onlara psixoloji olaraq təsir edir. Digər tərəfdən, son zəngin olmamağı bəlkə də bir qrup şagirdi təsir altına alır, romantik hisslərinə toxunur. Müəyyən qədər də olsa, ruh düşkünlüyü, təəssüf hissi yaşayırlar. Bu məqamda müəllimlərdən şagirdlərə dəstək olmalarını xahiş edirik. Həmçinin internetdə motivasiyaedici videoları izləməyi, heç nəyə baxmayaraq dik durmağı məsləhət görürük. Çünki bunlar ötəri hisslərdir, hələ qarşıda yaşanılacaq daha gözəl anlar, məqamlar olacaq. Gələcəkləri, rifahları naminə hadisələrin təsirindən çıxmağı bacarmalıdırlar. Çünki hadisələrin təsirində qalanlar hadisələrə təsir edə bilməzlər. Son zəngi indi keçirə bilməsələr belə, karantin bitdikdən bir müddət sonra sinif yoldaşları ilə görüşüb şənlənə bilərlər”.

Önəmli olan sağlamlıqları və qəbul imtahanlarıdır

Təhsil psixoloqu Hüseyn Həsənov isə şagirdlərə təşvişə düşməməyi və daha intensiv şəkildə qəbul imtahanına hazırlaşmağı məsləhət gördü: “Həyatda öncəliklər deyə bir qayda var. Yəni məzunlar başa düşməlidirlər ki, son zəng onlar üçün bu məqamda elə də öndə dayanan, prioritet məqsəd olmamalıdır. Öncəliklərin ən birincisi isə sağlamlıqdır. Düşünsünlər ki, sadəcə, son zəngin tarixi dəyişib. Karantin bitdikdən sonra, avqust və ya sentyabr ayında da son zəng keçirmək olar. Əsas olan insanların bir araya gəlmək istəməsidir, tarixin elə də bir önəmi yoxdur. Əslində, hər sıxıntılı dövr insana yeni nələrsə öyrədir və pandemiya da məncə, məzunlarımıza onlar üçün əsas olan şeylərin sıralamasını göstərmiş oldu. Onlar üçün önəmli olan sağlamlıqları və qəbul imtahanlarıdır. Məsləhət görərdim ki, qəbul imtahanına köklənsinlər. Aprel ayının 27-dən karantin qaydaları yumşaldılıb və abituriyentlər yenidən hazırlıqlarına davam etsinlər. Bu dönəmdə daha çox oxuyub aradakı boşluqları aradan qaldırmağa çalışsınlar. Dərslərin oxunma intensivliyini yüksəltməlidirlər. Məsələn, əvvəllər dərsə həftədə 10 saat vaxt ayırırdılarsa, indi 13 saat oxumalıdırlar. Panikaya düşməsinlər. Fikirləşməsinlər ki, kimlərsə onlardan daha yaxşı səviyyədədir. Çünki karantin şəraiti hər kəsə eyni dərəcədə təsir edib. Sakit və normal şəkildə dərslərini oxumağa davam etsinlər”.

“Heç bir üzrlü səbəb uğurun yerini tuta bilməz”

Qəbul imtahanına hazırlaşmaqdan söz düşmüşkən, Qoşqar Məhərrəmov bildirir ki, heç bir səbəb uğura gedən yolda bizə maneə olmamalıdır: “Şagirdlər başa düşməlidirlər ki, dərs oxumaq, imtahana hazırlaşmaq onların məsuliyyətidir. Tədqiqatlar göstərir ki, bu mərhələdə müəllimin rolu 30 faizi keçmir. Daxili motivasiyası yüksək, idmanla məşğul olan, stressi özündən uzaq edən, depressiyaya düşməyən şagirdlər pandemiya dövrünü üstünlüyə çevirdi. Evdə olduqları dönəmi fürsət bilib fərdi olaraq dərslərini oxuyub, bilmədiklərini müəllimlərindən soruşdular. Həmçinin də onlayn dərslərə qoşulmaqla bu dönəmi ən az zərərlə keçirdilər. Amma əksinə, özlərini stressə saldılarsa, “müəllim yanına gedə bilmirəm”, “onlayn dərslər də keyfiyyətsizdir” və s. kimi bəhanələr gətirib dərs oxumaqdan yayındırlarsa, bilsinlər ki, bunlar uğurun yerini tutmur. Atatürkün çox gözəl bir sözü var, deyir ki, “heç bir üzrlü səbəb uğurun yerini tuta bilməz”. Yəni pandemiya dönəmini bəhanə gətirməməlidirlər. Ona görə şagirdlərə tövsiyəm budur ki, stressi tamamilə uzaq tutsunlar, heç nəyi bəhanə etməsinlər, dərslərinə fokuslanıb uğura doğru addımlasınlar. İnsanlar bilməlidirlər ki, öhdələrinə düşəni edirlərsə, onlardan asılı olmayanları boş verməli, nəticəyə qarışmamalıdırlar. Nəcib Fazil Qısakürəyin belə bir şeiri var:

 

Toxum səp bitməzsə, torpaq utansın.

Hədəfə çatmayan mizraq utansın.

Hey gidi köhlən at, qaçmağına bax,

Çatlasan, doğuran qısraq utansın.

 

Düşünürəm ki, bu şeir şagirdlərimiz üçün əsl motivasiya mənbəyi olacaq. Yəni öz üzərlərinə düşəni etsinlər, qalanını isə həyatın öhdəsinə buraxsınlar”.

Ekspertlərin də fikirlərindən aydın olur ki, son zəngin olmamağı elə də ciddi məsələ deyil. Bir müddət sonra ilin istənilən vaxtında yenidən bir araya gələrək kiçik yığıncaqla bunu həll etmək olar. Amma qəbul imtahanı sadəcə bir gün olacaq və növbəti illərinin aqibətini müəyyən edəcək. Ona görə də hazırda 11-cilərimizin qarşısında duran əsas hədəf qəbul imtahanı olmalıdır. Bütün mənfi fikirləri, emosiyaları bir kənara qoyub imtahana hazırlaşmalı və uğura gedən yolda qətiyyətlə addımlamalıdırlar.

 

Günel Azadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir