sevgililer gunu

Tarixə qısa ekskurs və ya sevginin günü varmı? – ARAŞDIRMA

Baxış sayı: 396

Əslində, bir çox ziyalı, mütəfəkkir ayrı cür izah edir sevginin tərifini. Ümumiləşmiş fikir isə odur ki, sevgi insanın başqa bir insana və ya canlıya hiss etdiyi bağlılıq hissidir. Amma sevginin bioloji, sosial və psixoloji faktorlara görə fərqli ölçüsü var. Kimi toxunmaqla, kimi baxmaqla, kimi hiss etməklə sevir. Bu səbəbdən də hər bir insanın sevgini ötürmə və qəbuletmə tərzi fərqlidir. Ümumilikdə bu hiss maddi deyil və heç bir halda qiyməti yoxdur. Eləcə də bu hissi ötürmək üçün vaxt, zaman, gün anlayışı yoxdur.

Məlumdur ki, hər il fevral ayı gələndə bir canlanma olur cəmiyyətdə. Fevralın ilk ongünlüyündən başlayaraq hədiyyə mağazalarında nəzərə çarpan canlanma 14 fevraladək davam edir. Daha çox gənclərin qeyd etdiyi 14 fevral tarixi yaşlı nəsili o qədər də maraqlandırmır. “Valentin günü” dünyanın bir sıra ölkələrində 14 fevralda qeyd edilir. Dünya ölkələrində, bu günün həvəskarlarının bir-biri üçün hədiyyələr aldığı və kütləvi qeyd etdiyi faktları danılmazdır. Valentin gününün atributları da var, bunlar ürək şəkilləri və göyərçin fiqurudur. Bəs indi bir çox müsəlman ölkələrində, türk dünyasında belə qeyd edilən bu xristian gününün əhəmiyyəti nədir?

 

Müqəddəs, ya əxlaqsız?

Katolik xristianların “Müqəddəs Valentin” dedikləri və şəxsiyyəti ilə öyündükləri bu keşiş çox müəmmalı bir şəxsiyyətə sahibdir. Əslində, 14 Fevralın sevgililər günü kimi qeyd edilməsi Valentinin həyatda olduğu dövrdən xeyli öncələrə, təxminən 1500 il əvvələ gedib çıxır. Bunun əsası xristianlığa deyil, əski Roma ənənələrinə dayanır.

Qədim Romada 14 fevral tarixi bütün Roma xalqı üçün isə xüsusi əhəmiyyət kəsb edirdi. Həmin gün inanclarına görə, Roma “Tanrı” və “Tanrıçaları”nın kraliçası olan Junoya duyulan hörmətdən dolayı bayram elan olunurdu. Səhərisi gün isə “Lupercalia bayramı” başlayırdı. Bu “bayram” xalqın gənc kütləsi üçün böyük “əhəmiyyət” daşıyırdı. Səbəbi isə həyatları qəti qanun-qaydalarla müəyyənləşdirilmiş və gəzib-əylənmə şansı çox məhdud olan gənclərin bu “bayram”da bir-birləri ilə iyrənc şəkildə əylənmələri idi. Bu “bayram”da əylənmək üçün hansı gəncin hansı qızı seçməsi də öz istəklərinə bağlı deyildi.

Romalı gənc qızlar adlarını kiçik kağız parçalarına yazaraq, bir çəlləyə atır, həmin kağızlardan birini seçən romalı gənc də seçdiyi kağızda adı yazılan qızla həmin gecə bir yataqda olaraq istənilən cinsi arzusunu həyata keçirməkdə sərbəst idi və onlar bayram boyunca ayrılmırdılar. Dini nöqteyi-nəzərdən yanaşsaq, həmin gün minlərlə kişi və qadın Tanrını danaraq əxlaqsızlıqla məşğul olurdu. Yəni, bir sözlə 14 Fevral tarixi kütləvi əxlaqsızlıq günüdür.

 

Bəs bu Valentin kimdir?

Burada belə bir sual meydana çıxır, əgər bu əxlaqsız hərəkətlər Valentindən öncəyə dayanırsa, o zaman Valentin niyə öldürülüb? Yəni, 1500 il əvvəlki əxlaqsızlıqlarla Valentinin nə əlaqəsi olub? Valentini edam etdirən imperator II Kladius tarix qaynaqlarında bu hallara son qoymaq istəyən əxlaqlı və namuslu bir imerator kimi xarakterizə olunub. Onun hətta ordunun güclənməsi və nizam-intizamın qorunması üçün orduda xidmət edən gənclərə müvəqqəti olaraq evlənməyi qadağan etdiyi də tarixi qaynaqlarda yer tapmaqdadır.

O zamanlar Valentin Romada rahib idi. Onun ölümü barədə müxtəlif fərziyyələr var. Bunlardan ən geniş yayılmış olanı və həqiqətə dayananı budur ki, həmin keşiş imperatorun qadağan etməsinə baxmayaraq, artıq keçmişdə qalmış o iyrənc adəti bərpa edib gizli şəkildə qızlarla oğlanları qeyri-qanuni olaraq görüşdürməkdə davam edirmiş, yəni əxlaqsızılığı yayırmış. İmperator da onun bu hərəkətlərindən xəbər tutaraq zindana atdırır və 14 fevralda – məhz romalıların əxlaqsızlığının tüğyan etdiyi bir gündə döydürərək, təhqiramiz formada öldürtdürür.

Daha sonralar elə bir fikir formalaşdırıblar ki, guya Valentin həbsxana müdirinin qızına aşiq olubmuş, ona görə də edam edilib. Bu arada, katoliklər iddia edir ki, Valentin xristianlığı təbliğ etdiyi üçün öldürülüb. Amma Valentin imperator II Kladiusun əxlaqsızlığa qarşı dözümsüz münasibətinin layiqli qurbanı olub.

Əslində, bu ənənə tarixin bütün dövrlərində keçərli sayılıb – hər hansı bir ideologiyanı, adəti, ənənəni ləğv etmək, kökündən qoparmaq üçün onun banisini aradan götürmək lazımdır. Sözügedən qeyri-əxlaqi davranışı aradan götürmək üçün həmin dövrdə də kütləni yönləndirən şəxsi aradan götürmək kifayət idi ki, bu halın qarşısı alınsın, yəni əxlaqsızlıq dayansın. II Kladius da bunu edir, 14 fevral tarixində Valentini təhqiramiz işgəncə ilə öldürtdürür.

Maraqlıdır ki, onun həbsxanadan öz yoldaşlarına, xüsusən də keşiş dostu Mariusa “Səni sevirəm” başlıqlı məktublar göndərməsi faktı da var. Bu fakt ümumiyyətlə, Valentinin hansısa bir qıza görə öldürüldüyü və yaxud da xristianlığı təbliğ etdiyinə görə edam edildiyi faktlarını şübhə altına alır və onun haqqında söylənən “homoseksualist” ifadəsinin doğruluq dərəcəsini artırır.

 

226 il sonra

Valentinin edamından sonra əxlaqsızlıq səngidi, amma tamamilə dayanmadı. Əvvəllər açıq-aşkarda keçirilən bu “bayram” indi künc-bucaqda gizli şəkildə davam etdirilirdi. Əxlaqsızlıq gününün “Valentin günü”adı altında açıq-aşkar qeyd edilməsi isə onun ölümündən təxminən 226 il sonraya təsadüf edir. Yəni, Papa Gelasius tərəfindən 496-cı ildə “Lupercalia bayramı”nın adı Valentinin şərəfinə dəyişdirilir. Addəyişmənin səbəbinə gəlincə isə, xristian ruhanilər Romadakı bütpərəstlərin “Lupercalia bayramı”na xristian gənclərin də qatıldığından və bütpərəst qızlarla əylənmələrindən narahat olduqlarından buna bir çarə axtarırdılar.

Elə bu zaman vaxtilə xristian qəbristanlığında dəfn olunan Valentin yada düşdü və ruhani xristianlar bununla vəziyyətdən çıxış yolu tapdılar. Onlar bu bayramın sadəcə və sadəcə adını dəyişərək gənclərin xristianlığa bağlı adı olan bir şənlikdə – “Müqəddəs Valentin günü”ndə əylənmələrini, daha doğrusu ənənəvi kütləvi əxlaqsızlığı davam etdirmələrini təmin etdilər. Bununla da həmin bu “Valentin günü” meydana çıxdı. Bir sözlə, Papa Gelasius əxlaqsızlığı rəsmiləşdirdi.

 

Sevginin günü olmur

Sevgi həyatın hər anındadır. Əgər onu görə bilsək, hiss etsək, toxunsaq, qulaq assaq, dinləsək, hamımız içimizdəki və gözümüzün önündəki sevgini görə bilərik. Hər səhər küçədə yemlədiyimiz o qara pişiyi tumarladığımız əldir sevgi. Qapısından keçərkən səs-küylərinə boylanıb gülümsədiyimiz bağça uşaqlarıdır sevgi. Avtobusda yerimizi verdiyimiz o yaşlı insan, hamilə qadındır sevgi. Həqiqi və sağlam sevgi ünvanından asılı olmayaraq ötürülən ən səmimi hisslərdir.

Bəzən düşünürük, biz niyə sevməyə və həyatımızı kiminləsə birləşdirməyə çalışırıq? Fikir vermisinizsə, dilimizdə sevgilini həm də “ruhumun yarısı” deyə xarakterizə edən bir ifadə var. Ruhumuzun yarısını tapana kimi axtarırıq, eşq, sevgi, məhəbbət ovuna çıxırıq bir növ. Təbiidir, çünki öz tayımızı tapmadıqca özümüzü bütöv hiss edə bilmirik, həyatımızı yarımçıq hesab edirik.

Ruhumuzu bötövləşdirən, mənəviyyatımızı gözəlləşdirən, həyatımıza işıq verən Tanrı payımızı tapandan sonra həyat başqa cür görünür gözlərimizə, daha işıqlı, daha nurlu, daha cazibədar. Sevgimizi doya-doya yaşamaq istəyirik, ruhumuzun yarısından mənəvi qida alaraq, eşqdən-sevgidən bihuş olaraq. Doğrudur, bu cür məhəbbət hər kəsə qismət olmur, necə deyərlər, eşq Tanrının lütfüdür sevdiyi bəndələrinə.

Əgər fikir vermisinizsə, dünyanın müxtəlif dillərində “ər” və “arvad” bir cür ifadə edilir və hamısı da bizim dilimizə tərcümədə hərfi olaraq “ər” və ya “arvad” deyə tərcümə edilir. Amma bizim dilimizdə çox gözəl bir ifadə var – “həyat yoldaşı”. Həyatımızı bölüşdüyümüz, ömür-gün yoldaşı olduğumuz insanları isə bir gün deyil, hər gün sevirik. Sevgi, məhəbbət kimi hisslər, insanların öz içində hiss etdiyi sədaqət, sadiqlik, səmimiyyət, adi olmaq kimi bir çox hissi özündə ehtiva edən mücərrəd bir anlayışdır. İnsanın öz daxilində hiss etdiyi o əsl sevginin isə günü olmur, sevməyi bilən, sevgi hissini anlayan insanlar üçün hər gün sevgililər günüdür.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir