muharibe

Tarixin ən axmaq savaşları…

Baxış sayı: 217

Bəşəriyyətin  mövcud olduğu dövrdən bu günə qədər planetdə 14500-dən artıq müharibə qeydə alınıb. Bütövlükdə bu müharibələr nəticəsində 3 milyard 500 milyona yaxın insan həyatını itirib. Bu  müharibələrin vurduğu zərərin məbləğini isə hesablamaq mümkün olmayıb. Bu yazıda isə əsasən  tarixdə baş verən ən ağılsız savaşlar haqqında bəhs edəcəyik.

 

Ən gülməli müharibə ( Böyük dəvəquşu savaşı)

Emu Avstraliyada yaşayan və uça bilməyən bir quş növüdür. Avstraliyanın qərbində yaşayan  emular fermerlərin təsərrüfat sahələrinə ciddi ziyan vururdular.  Ərzaq və su qıtlığına səbəb olan emulara qarşı Avstraliya  hökuməti müharibə elan edir. 1932-ci ildə başlayan  bu mənasız müharibə bir həftə davam etdi. Bir həftə ərzində əli avtomatlı dəstələr bu quşları ovlayırdılar. Bu zaman ərzində 2500 Emu quşu öldürülmüşdü. Bundan sonra əsgərlər demək olar ki, müdafiəsiz olan quşları öldürməkdən imtina etdilər.

devequsu

Ən qısamüddətli savaş

Müharibələrin davamlılıq müddətləri fərqlidir.  Qısa müddətinə görə “Ginnesin Rekordalar Kitabı” na düşən bu  müharibə cəmi 38 dəqiqə davam edib. 1896-cı ilin avqustun 27-də İngiltərə ilə Zənzibar sultanlığı arasında başlanan müharibə məhz 38 dəqiqə davam edib və tarixə ən qısamüddətli müharibə kimi düşüb. Müharibənin başlamasına səbəb isə Sultan Hamad bin Tuvainin öldürülməsi və Sultan Xalid bin Barqhaşın hakimiyyəti ələ keçirməsi idi. Bu müharibədə Sultan  Xalidin 500 tərəfdarı öldürülmüşdü və bir britaniyalı dənizçi yaralanmışdı.

Belə ki, uzun mübarizələrdən sonra 1890-cı ildə ada ingilislərin nəzarətinə keçib və Zənzibar sultanlığı Britaniya hökuməti tərəfindən idarə olunub.

 

Bir güllə belə atılmasa da…

335 il davam edən itkisiz müharibə  Niderland və İngiltərə  Siliya adası uğrunda baş verib. 335 il davam edən müharibədə bir dəfə də olsun güllə atılmamış və heç bir itki haqqında məlumat verilməmişdi. Müharibə 1986-cı ildə imzalanan sülh sazişindən sonra sona çatmışdı.

 

Donuz  öldürüldü və…

Müharibə 1859-cu ildə  ABŞ və Britaniya hakimiyyətinin sərhədində yerləşən San Xuan adalarında bir donuzun öldürülməsi səbəbindən başlamışdı. Müharibə zamanı yeganə itki donuzun ölümü idi  və  bu müharibə ABŞ-ın  tarixinə qansız müharibə kimi daxil olub. ABŞ və Böyük Britaniya sərhədləri müəyyən edə bilmirdilər. 1846-cı ilin  iyun ayında  Oreqan müqaviləsi sərhədləri təyin etmişdir. 1856-cu ildə Oreqan müqaviləsinin şərtlərinə uyğun olaraq amerikalı fermerlər San-Xuan adasında yaşayırdılar. Bir dəfə fermerlərdən biri bostanında bir qara donuzun eşələndiyini və kartof sahəsinə girdiyini görür. Bu hadisə bir neçə dəfə təkrarlarlandığına görə, fermer donuzu öldürür. Donuz isə irlandiyalı fermerə məxsus imiş. Bununla da  iki fermer arasında mübahisə yaranır. Amerikalı fermer vurduğu donuza görə irlandiyalı fermerə kompensasiya üçün 10 dollar təklif edir, amma irlandiyalı fermer bununla razılaşmır  və ondan  100 dollar tələb etsə də amerikalı fermer kompensasiya verməkdən imtina edir. Hadisəyə görə Britaniya nümayəndələri onu həbs etməklə hədələyirlər. Amerikalı fermer isə bu mübahisəyə görə öz dövlətinə müraciət edir. Beləliklə, iki dövlət arasında konflikt yaşanır.  1872-ci ildə müharibə Amerikanın xeyrinə həll edilir.

 

Oğurlanmış vedrə üstündə savaş

Bildiyimiz kimi ,əvvəllər İtaliya  müxtəlif  xırda şəhər-dövlətlərdən ibarət idi. 1325-ci ildə Modena əsgərləri Bolonyaya etdiyi hücum zamanı oradakı quyulardan birinə aid olan taxta vedrəni oğurlayırlar. Adi bir vedrə iki şəhər-dövlət arasında 12 il davam edən müharibəyə səbəb olur. Həmin o “vedrə” bu gün də Modenadakı muzeydə saxlanılır.

 

Futbol matçı savaşa səbəb oldu

1969-cu ildə Honduras və Salvador arasında futbol matçı baş tutdu. Salvador komandası Hondurasa məğlub oldu. Bu məğlubiyyət iki ölkə arasındakı gərgin münasibətlərə səbəb oldu. İyun ayının 14-ü məğlub olan tərəf  Honduras ərazisinə soxuldu. Müharibə 4 gün davam etdi və   Amerika Dövlətləri Təşkilatının məsələyə qarışması ilə sona çatdı. Cəmi 4 gün  davam edən müharibədə  3 min nəfər həlak oldu. Ölən insanların əksəriyyəti Hondurasın dinc sakinləri idi.

 

Eyni anda üç dövlətlə savaş

Paraqvay Prezidenti  Fransisko Solano Lopes özünü çox bacarıqlı sərkərdə hesab edirdi və şəxsini Napoleondan da üstün tuturdu. Lopes gücünü  nümayiş etdirmək üçün 1864-cü ildə eyni anda Argentina, Braziliya və Uruqvaya müharibə elan etdi. 6 il davam etmiş dünyanın ən mənasız müharibəsində 400 mindən çox insan həyatını itirdi. Paraqvay demək olar ki, 90% kişi əhalisini   itirmişdi.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir