AILE HEKIMI

Tibbi sığorta ilə bağlı vətəndaşları narahat edən məqamlar

Baxış sayı: 564

“Artıq üç aydır ki, İcbari Tibbi Sığorta üçün 30 manat pul ödəyirəm. Yəni aldığım məvacibdən  tutulur. Bu aydan tətbiq edilir, amma nə etmək lazım olduğunu hələ ki bilmirəm. Deyirlər, bu imkanlardan yararlana bilərsiz, amma konkret olaraq göstərilmir ki, ilk olaraq nə etmək lazımdır”.

Bunu deyən İsayeva Aygündür. O, qəzetimizə müraciət edərək icbari tibbi sığorta ilə bağlı daha çox məlumat almaq istədiyini bildirib.

Yada salaq ki, aprelin 1-dən etibarən bütün  bölgələrdə, o cümlədən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində icbari tibbi xidmətin tətbiqinə başlanılıb. Rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edə bilər.

Bu arada bəzi həkimlərin az maaşa görə  dövlət xəstəxanalarından çıxıb özəl xəstəxanalarda işə başlaması barədə  xəbərlər də var.  Bəs görəsən, icbari tibbi sığortanın tətbiqi həm əhali, həm də həkimlər üçün nə dərəcədə təminatlıdır? Tətbiq olunan bu yenilik özünü doğrulda bilirmi?

Turanə Rəsulova: "Xəstəliklə bağlı 2 vaksin sınağa buraxılacaq" (VİDEO)

Turanə Rəsulova: “Önəmli olan odur ki, başladıq, qalan məsələlər zamanla düzələcək”

Həkim Turanə Rəsulova mövzu ilə bağlı aşağıdakıları dedi:İlk olaraq onu deyim ki, İcbari Tibbi Sığorta Azərbaycan Səhiyyəsi adına bir inqilabdır və əhalimizi təbrik edirəm. Sığortadan zərər görən tərəf yoxdur – həm səhiyyə sistemi və həkimlər, həm əhali, həm tibb təhsili alan tələbələr üçün müsbət mənada köklü dəyişikliklərə səbəb olacaq. İzah edim necə? İcbari tibbi sığorta sayəsində əhalinin bütün müayinə və müalicə xərcləri, əməliyyat, reanimasiya xərcləri, apteklərdən alacaqları dərmanlar da daxil olmaqla, hamısı sığorta hesabına qarşılanacaq, səhiyyə hər kəs üçün əlçatan olacaq.

Zənnimcə, həkimlərin bu günə qədər dövlət xəstəxanalarında çalışmaq istəməmələri anlaşılan idi. Amma sığorta sistemi oturduqca, dövlət xəstəxanalarındakı infrastruktur düzəldikcə, həkimlərin rahat çalışması üçün bütün imkanlar olduqca, dövlət xəstəxanalarında keyfiyyətli xidmət göstərə biləcəklər. Və dövlət xəstəxanasında keyfiyyətli tibbi xidmət ala bilən xəstə özəl tibb müəssisələrinə yüksək məbləğdə pul ödəmək istəməyəcək.

Eyni zamanda müayinə, müalicə, əməliyyat etdiyi, reanimasiyada izlədiyi hər bir xəstə üçün həkimin maaşına müəyyən məbləğ əlavə olunacaq. Sığortanın işlədiyi xəstəxanalarda xəstə sayı çox olacaq, iş yükü ağır olacaq, amma çalışan həkimin maaşına bu öz müsbət təsirini göstərəcək. Dolayısı ilə həkimlərin maddi mənada minimal tələbləri qarşılanacaq və xəstə-həkim arasında maddiyyat söhbəti olmadığı üçün bu, həkimə olan sayğını da artıracaq”.

Həkim qeyd edir ki,  bu yeniliyin tibb təhsilinə də çox böyük töhfəsi olacaq: “Çünki tələbələrə rezidentlərin çalışdığı xəstəxanalarda dərs deyən həkimlər öz iş yüklərini azaltmaq üçün tələbələrin, rezidentlərin də öyrənməyində maraqlı olacaqlar. Xəstə ilə birbaşa maddi bağlantı olmadığı üçün ”xəstəsini itirmək” kimi bir qorxusu, narahatlığı olmayacaq. Biz hər birimiz sığorta sisteminin mükəmməl çalışdığı ölkələrdə və məhz onun sayəsində öyrənə, ixtisasın dərinliklərinə yiyələnə bilmişik”.

T.Rəsulova vurğulayır ki, icbari tibbi sığorta səhiyyə sistemi üçün dirçəliş olacaq: “Amma onu da bilmək lazımdır ki, bizim də ölkəmizdə tətbiqinə başladığımız sığorta sistemi heç bir ölkədə bir gün ərzində qurulub, elə dərhal da möhtəşəm olmayıb. Bu çox böyük bir islahatdır. Mütləq başlanğıcda müəyyən çatışmazlıqlar, əskikliklər olacaq. Önəmli olan odur ki, başladıq və işin ən çətini başlamaqdır, qalan məsələlər zamanla düzələcək”.

Adil Qeybulla: "İnsanların qaydalara əməl etməməyi yoluxmanı artırır" | Report.az

Adil Qeybulla: “Maarifləndirmə işi çox zəifdir”

Tibb elmləri doktoru Adil Qeybulla isə narahat olduğu məqamlara toxundu: “Hələ bir ay yoxdur, bir söz demək olmur. Bir-iki ay keçəndən sonra qiymət verilə bilər. Sadəcə, onu deyə bilərəm ki, maarifləndirmə işi çox zəifdir. Əhaliyə məlumat verilməsi, icbari tibbi sığortadan necə istifadə etmək, yararlanmaq, hara müraciət etməklə bağlı vətəndaşlar dəqiq məlumata malik deyil. Bu iş çox zəifdir.

Əvvəldən deyilirdi ki, kimin pasiyenti çox olacaqsa, o daha çox maaş alacaq, bu, icbari tibbi sığorta üçün xas deyil. İcbari tibbi sığorta üçün fiksə olunmuş maaş olmalıdır. Yəni bizim model dünya modelinə uyğun deyil, Azərbaycan variantıdır. Vaxt lazımdır ki, bununla bağlı dəyərləndirmə aparılsın”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə bildirilir ki, Xidmətlər Zərfinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətlər daxildir. Vətəndaşlara Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində, həmin tibb müəssisələrində xidmətin göstərilməsi mümkün olmadıqda isə müqaviləli tibb müəssisələrdə göndəriş əsasında göstərilir.

Vətəndaşlar Xidmətlər Zərfindən yararlanmaq üçün səhhətində yaranan narahatlıqla bağlı təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, ilk növbədə ailə həkiminə müraciət etməlidir. Bunun üçün vətəndaşlar ilkin səhiyyə xidməti göstərən dövlət tibb müəssisəsinə müraciət edərək ailə həkimini seçməlidir. Ailə həkimi vətəndaşı müayinə və ya müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir. Göndəriş əsasında tibb müəssisəsinə müraciət edərkən şəxsiyyət vəsiqəsi qeydiyyatçıya təqdim edilməlidir.

Ölkədəki  pandemiya ilə əlaqədar bəzi dövlət səhiyyə müəssisələri koronavirusla mübarizəyə ayrılıb. Belə ki, həmin tibb müəssisələri hazırda digər tibbi xidmətləri göstərmirlər. Bunu nəzərə alaraq, agentlik müştərək maliyyələşmə məbləğinin toplanılmasının 2022-ci ilin 1 yanvar tarixinədək təxirə salınması barədə müvafiq dövlət qurumuna müraciət edib. 

Qeyd edək ki, bütün vətəndaşlar üçün dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığorta haqqı ayrılır. Həmçinin dövlət və neft sektorunda çalışan işəgötürən və işçilər, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 2021-ci il 1 yanvar tarixindən etibarən icbari tibbi sığorta haqqı toplanılır. Vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) rəsmi internet səhifəsində yerləşdirilən kalkulyatordan istifadə etməklə əməkhaqlarından və ya gəlirlərindən tutulan icbari tibbi sığorta haqqının məbləğini hesablaya bilərlər.

İcbari tibbi sığorta ilə bağlı ətraflı məlumatla agentliyin rəsmi internet səhifəsindən (https://its.gov.az/) və qurumun sosial şəbəkələrdəki səhifələrindən tanış olmaq olar. Həmçinin vətəndaşlar icbari tibbi sığorta ilə bağlı müraciətlərini agentliyin “1542″ nömrəli Çağrı mərkəzinə, info@its.gov.az  elektron poçt ünvanına, qurumun sosial şəbəkələrdəki səhifələrinə və ya TƏBİB-ə (info@tabib.gov.az) ünvanlaya bilərlər.

 

Afaq MİRAYİQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir