Aynise Celilova

“Tibdə tamamilə təhlükəsiz deyə bir termin yoxdur” – Anestezioloqla MÜSAHİBƏ

Baxış sayı: 2. 568

Tibdə bir deyim var: “Xəstə cərraha bir orqanını etibar edirsə, anestezioloqa bütün həyatını, sağlamlığını etibar edir”. Cərrahın gördüyü işlər göz önündədir, anestezioloqlar isə gizli qəhrəmandır. Çünki bütün əməliyyat zamanı cərrahın öz işini rahat başa vurması da, xəstənin əməliyyat zamanı bütün sağlamlığından, əməliyyat sonrası ayılacağı müddətə qədər bütün məsuliyyəti anestezioloq daşıyır. Buna görə də anestezioloq seçərkən diqqətli olmaq lazımdır. Bir orqanın əməliyyatına girib, digər orqan itkisiylə çıxmaq istəmiriksə, seçimimizdə diqqətli olmaq vacibdir.

Mövzunun aktuallığını nəzərə alaraq, çalışdıq ki, peşəkar bir anestezioloqla bu gün xanımlarımızı daha çox narahat edən mövzulardan olan qeysəriyyə əməliyyatları zamanı ümumi narkoz, yaxud spinal anesteziyanın üstün və zərərli tərəflərini aydınlaşdıraq. Müsahibimiz Sumqayıt şəhər 1 saylı Doğum Evində anestezioloq-reanimatoloq kimi fəaliyyət göstən Aynisə Cəlilovadır.

HAŞİYƏ: 1985-ci ildə Sumqayıt şəhərində ziyalı ailəsində anadan olub və elə həmin şəhərdə 11 saylı tam orta məktəbdə təhsil alıb. Məktəbi əla qiymətlərlə başa vuraraq yüksək balla Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsinə daxil olub. Universitetdə təhsil aldığı illərdə təhsil ocağının ictimai işlərində hər zaman iştirak edib, tələbə elmi cəmiyyətinin fəal üzvlərindən olub. Elmi işlər üzərində işləyən Aynisə Cəlilovanın bu fəaliyyəti iki il ardıcıl olaraq bəyənilib və Türkiyənin İstanbul şəhərində fərqli universitetlərdə kurslar keçib. Daha sonra isə Litva Azərbaycan əməkdaşlığı üzrə Bakı şəhərində mamalıqda anesteziologiya və reanimatologiya üzrə ixtisaslaşma kursunda iştirak edib. 2011-ci ildə Sumqayıt şəhər 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasında interna kursunu bitirib. 2012-ci ildən isə Sumqayıt şəhər 1 saylı Doğum Evində anestezioloq reanimatoloq vəzifəsində çalışır. Ailəlidir, 3 övladı var.

Aynise Celilova 2

– Aynisə xanım, peşənizin əlifbasından başlayaq, ümumilikdə əməliyyat zamanı anestezoloqun işi nədən ibarətdir və nələrə məsuliyyətlidir?

-Anestezoloqun əsas vəzifəsi xəstəni cərrahi müdaxiləyə hazırlamaq, əməliyyatı tam ağrısız keçməsi üçün şərait yaratmaq, həyati vacib orqanların fəaliyyətini tənzimləmək və cərrahın əməliyyatı tam həcmdə optimal bir şəraitdə icra etməsini təmin etməkdən ibarətdir.

 

– Bu gün daha çox hamilə xanımları narahat edən suallardan biri qeysəriyyə əməliyyatları zamanı ümumi narkoz, yaxud spinal anesteziyanın seçimi məsələsidir. Hazırda doğum evlərimizdə narkozun hansı növündən daha çox istifadə olunur?

– Günümüzdə doğum evlərində narkozun hər iki növündən – həm ümümi, həm endotraxeal narkozla aparılan ümumi anesteziya, həm də ki, regional anesteziyadan istifadə olunur. Lakin doğum evlərində qeysəriyyə əməliyyatları zamanı ana və ən əsası döl üçün təhlükəsiz olduğu üçün biz regional anesteziyadan geniş istifadə edirik. Ancaq çox təcili və təxirəsalınmaz vəziyyətlər yarandıqda (qanaxmalar, həddən artıq yüksək arterial təzyiq, ciftin vaxtından əvvəl soyulması, cift gəlişi və s.) ümumi vaxtlazımdır. Bu vəziyyətlər olmazsa, biz regional anesteziyaya üstünlük veririk. Lakin bu baxımdan da əziyyətlərimiz çox olub. Qadınlarımız bu barədə maariflənmədikləri üçün regional narkozdan qorxurlar. Onlar düşünür ki, regional anesteziya zamanı belə iynə vurularsa, gəzə bilməyəcək, aşağı ətrafları ağrıyacaq və s. Qadınlarımız bu barədə maarifləndirilsələr, bilərlər ki, regional narkoz zamanı döl üçün heç bir təhlükə yaranmır və həmçinin də ana narkoz dərmanları almır, tam ayıq vəziyyətdə olur, ancaq ağrı hissiyyatı, taktil, temperatur tam blokada olunmuş vəziyyətdə əməliyyat olunur. Ümumi anesteziya zamanı isəanaya psixotrop dərmanlar yeridilir və bu da cift vasitəsi ilə uşağa keçə bilir və bu da uşağın həyatının ilk saniyələrində özünü büruzə verir. Əksəriyyət hallarda uşaqda yuxululuq, ani olaraq nəfəsin dayanması halları ola bilir, lakin regional anesteziyada belə hallar olmur. Düzgün və peşəkarlıqla həyata keçirilmiş regional anesteziyada nə anada, nədə ki, uşaqda heç bir problem yaranmır.

 

– Hansı narkoz növü ana və uşaq üçün daha az, yaxud tamamən təhlükəsizdir?

– Tibdə tamamilə təhlükəsiz deyə bir termin yoxdur, çünki hər an hər şey baş verə bilər. Əməliyyat zamanı hər hadisənin olması mümkündür, nə həkim, nə də ki, xəstə baş verə biləcək təhlükələrdən sığortalanmayıb. Bəzən xəstələr də əməliyyat öncəsi hər şeyin mükəmməl olacağı barədə bizdən zəmanət verməyimizi istəyir, lakin tam zəmanət vermək mümkünsüzdür, nə zaman nə baş verə biləcəyini öncədən bilmək olmur. Hər şeyin çox yaxşı getdiyi bir uğurlu əməliyyat zamanı belə “surprizlər” qaçılmazdır.

 

– Əməliyyat olunacaq xəstələr üçün anesteziya növünü siz seçirsiniz, yoxsa xəstənin də seçimləri nəzərə alınır?

 

– Ümumiyyətlə xəstə üçün anesteziya növünü seçmək birbaşa olaraq anestezioloqun səlahiyyətindədir. Xəstədə bütün lazımi müayinələr aparıldıqdan sonra ümumi vəziyyəti qiymətləndirilərək anesteziya növünü təyin edəcəyimizə qərar veririk. Xəstenin vəziyyətinə görə, yuxarıda da sadaladığım vəziyyətlərdən biri aşkar olunarsa, idarə oluna bilən narkoz (ümumi narkoz) növü düzgün seçimdir.

 

– Cərrahlar üçün hansı narkozun təsirində olan xəstə üzərində işləmək daha rahatdır?

– Cərrahlar üçün ən rahatı ümumi anesteziyadır. Çünki ümimi narkoz zamanı xəstəyə vurulan bəzi preparatlar var ki, bu zaman onun bütün əzələləri, əsasən də qarın əzələ qrupları tamamən boşalmış vəziyyətdə olur. Bu isə öz növbəsində cərrahın işi üçün əlverişli bir şərait deməkdir. Gərgin qarın divarında işləməkdənsə, əzələləri tam boşalmış qarın divarında işləmək cərrah üçün rahatdır, ona görə də cərrahların ən sevdiyi ümumi narkozdur.

 

– Anestezioloq üçün hansı narkoz növünü işləmək daha rahat olur?

– Peşəkar anestezioloq üçün heç bir fərqi yoxdur. Bütün növ narkozları işləmək mümkün olur. Lakin əks göstərişlər olan zaman artıq biz məcburuq xəstənin səhhətinə görə seçimimizi edək.

 

– Anesteziya müddəti ən çox nə qədərdir?

– Narkozun müddəti əməliyyatın ağırlıq dərəcəsindən və hansı nahiyədə icra olunmasından asılıdır. Qeysəriyyə əməliyyatları əsasənn 20-30 dəqiqə müddətində icra olunur, lakin digər əməliyyatlar zamanı bu müddət dəyişə bilir. Ümumilikdə isə hər bir xəstə individualdır və hər cərrahın özünə görə işləmə tembri və taktikası var.

 

– Anesteziya öncəsi hansı müayinələr tələb olunur?

– Bu da yenə də hansı orqanın əməliyyat ediləcəyi və xəstəliyin ağırlığına görə müəyyən edilir. Lakin bizdə doğum evində əsasən qeysəriyyə əməliyyatları olduğu üçün qanın ümumi analizi tələb edilir. Spinal anesteziya zamanı isə koaquloqramma edilir, sidiyin ümumi analizi, EKQ tələb olunur. Hamilələrimiz 9 ay müddətində qeydiyyatları üzrə qadın məsləhətxanalarında qeydiyyatda olurlar və onların əvəzləmə vərəqəsi olur və burada qadının bütün hamiləlik müddətində keçdiyi müayinələr qeyd olunur. Xəstəyə bu vərəqə əsasında yanaşılır. Digər problemlər varsa, onlara uyğun əlavə müayinələr təyin edirik.

aynise Celilova 3

– Mümkünsə, spinal anesteziyanın üstünlükləri və fəsadları barədə də söz açardınız.

– Fəsadları ilə yanaşı, spinal anesteziyanın üstünlükləri daha çoxdur. Məsələn, cərrahi müdaxilədən sonra ağ ciyər infeksiyası riski az olur, ürəyə və ağ ciyərlərə təsiri çox azdır, əməliyyatdan sonra yara yerində ağrının təmizlənməsi daha yaxşı təmin edilir, spinal blokdan sonra güclü analgetiklərə ehtiyac olmur, ürəkbulanma və qusma halları çox az olur, əməliyyatdan sonra qida və maye qəbuluna tez icazə verilir, ahıl xəstlərdə keyləşmə – dilerium halları daha az baş verir və ən əsası digər narkozlarda olduğu kimi, qeysəriyyə kəsiklərində dölə çox təsir etmir. Uşaq ana döşünə daha tez verilir. Təbii ki, fəsadlar da qaçılmazdır, punksiya yerinin infeksiyalaşması, hemodinamik problemlər meydana çıxa bilər- ürəkbulanma, başağrıları, radikardiya, onurğa beyin zədələnməsi kimi ağırlaşmalar ən ağır fəsad isə allergik şoklar ola bilməsidir. Doğum evlərində son dövrlərində ən çox spinal anesteziyadan istifadə olunur. Çünki bu həm anaya, həm də dölə çox az fəsad verən anesteziya növüdür.

 

– Xəstələrdə çox zaman əməliyyat öncəsi narkozdan ayılmamaq, yaxud da əməliyyat zamanı oyanıb ağrıları hiss etmək kimi qorxuları olur, bu barədə fikirləriniz necədir?

– Bəli, xəstələri çox zaman keçirəcəyi əməliyyatın ağırlıq dərəcəsi, onda icra olunacaq hər hansı bir manupulyasiya deyil, məhz narkozdan ayılıb ayılmayacağı, əməliyyat zamanı ağrıları hiss edəcəyi narahat edir. Sözsüz ki, narkoz beyin funksiyalarını zəiflədir, ürək, ağ ciyər və ümumilikdə bütün həyati vacib orqanların fəaliyyətini dəyişir. Ona görə də əməliyyat zamanı həkimlər bütün sürprizlərə hazır olmalıdır. Lakin son 30 ildə məhz narkozdan ölüm halları müşahidə olunmur. Narkoz verilmənin son dərəcə peşəkar şəkildə icra edilməsi üçün şərait var.Yüksək səviyyədə narkoz aparatları və yaxşı efffektləri olan preparatlar icad olunub. Əməliyyat zamanı monitorinqə çox ciddi nəzarət olunur.

 

– Birbaşa insan həyatından məsuliyyətindən cavabdeh olan gizli qəhrəmanlarsınız. Olubmu ki, işinizin çətinliyi sizi qorxutsun, yaxud da çətinə düşdüyünüz məqamlarda bu sahəni seçməyinizə peşman olasınız?

– Bütün əməliyyatlar öncəsi və sonrası xəstələrlə işləyən həkim-revmatoloq, əməliyyat zamanı isə, həkim-anestezioloqdur. Bizim sahəmiz həqiqətən çox çətindir və iki sahənin birləşməsidir. Xəstənin əməliyyat zamanı həyatı anestezioloqdan asılı olur, lakin düz buyurdunuz. Anestezoloqların işi hər zaman kölgədə qalır.Əslində ən böyük işi icra edən məhz anestezioloqlardır. Bəli, ağır əməliyyatlar zamanı həkim də həyəcanlı olur. Elə bir həkim ola bilməz ki, desin çətin əməliyyatlar zamanı qorxmuram. Əksinə, çox bilən həkim daha çox qorxur. Lakin heç vaxt bu peşəni və məhz bu ixtisası seçməyimə peşman olmamışam və olmaram da.

 

– Savadınız da, aldığınız təhsil də, potensialınız da adlı-sanlı bir cərrah olmağa imkan verdiyi halda, niyə məhz anestezoloq oldunuz?

– Mən ümumilikdə monoton həyatı xoşlamayan biriyəm və adrenalini sevirəm. Daim qaça-qaçda hərəkətdə olmağa üstünlük verirəm və mənə elə gəlir ki, tibbin ən adrenalinli sahəsi də məhz reanimasiyadır. Anestezioloq-revmotoloq olmağı heç kəsin müdaxiləsi olmadan özüm şəxsən istəmişəm və ixtisasımı da sevirəm. Təəssüflər olsun ki, çox pis dövrə gəlib çıxmışıq. Biz uşaq olanda həkimlərə ilahi bir varlıq gözüylə baxılırdısa, artıq həkimlər də adiləşib. Sözsüz ki, öz savadı və peşəkarlığı ilə seçilən, tanınan həkimlərimiz də az deyil.

 

Söhbətləşdi: Xədicə Səxavət




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir