imtahan

Universitetə qəbul olunmayan abituriyentlərin nəzərinə: Hansı qrupda nə qədər boş yer var?

Baxış sayı: 496

Ali təhsil müəssisələrin boş qalan yerlərinə və 11 illik kollec üzrə ixtisas seçimi 4-9 sentyabrda aparılacaq. Təhsil eksperti Kamran Əsədov boş qalmış yerlərlə bağlı öz Facebook* sosial şəbəkə hesabında paylaşım edib. O, bildirib ki, II tur üçün ixtisas qrupları üzrə qalmış boş yerlər aşağıdakı kimidir:

I ixtisas qrupu üzrə: 1753 yer.

II ixtisas qrupu üzrə: 357 yer.

III ixtisas qrupu üzrə: 1174 yer.

IV ixtisas qrupu üzrə: 234 yer.

V ixtisas qrupu üzrə: 383 yer.

Dünən axşam saatlarında Dövlət İmtahan Mərkəzi 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib.

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər 5 sentyabr saat 11:00-dan 14 sentyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Abituriyentlər qeydiyyat prosesi ilə bağlı məsələləri portal vasitəsilə dəqiqləşdirə bilərlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 70301 nəfər iştirak edib. Onlardan 51941 nəfəri (o cümlədən 6592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 24594 (o cümlədən 1389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27347 (o cümlədən 5203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Xatırladaq ki, bu il 2 nəfər beynəlxalq fənn olimpiadası, 50 nəfər respublika fənn olimpiadası, 98 nəfər beynəlxalq idman yarışlarının qalibi olduğu, 31 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB və A-Level) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.

Bundan əlavə, 313 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 124 abituriyent isə ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub.

Həmçinin, I ixtisas qrupu üzrə 160 abituriyent Azərbaycan – Fransız Universitetinə (UFAZ), IV ixtisas qrupu üzrə 125 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 76 abituriyent (I-IV ixtisas qrupları üzrə) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı həftə sonunadək “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq. Həmin yerlərə ixtisas seçimi sentyabrın 4-dən 9-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları bu günün ikinci yarısı “Abituriyent” jurnalının 5-ci sayında dərc olunacaq.

Onu da əlavə edək ki, bu il Azərbaycan universitetləri üzrə ən yüksək keçid balı Bakı Ali Neft Məktəbində olub. Bu universitetin informasiya təhlükəsizliyi ixtisasına (dövlət sifarişli) keçid balı 673 bal olub.

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir