Qumru Eyvazova

Uşağı anadan ayırmaq mümkündürmü? – “VƏKİL BÜROSU”

Baxış sayı: 1. 274

Ölkəmizdə həm mövcud qanunvericiliyə, həm də ölkənin milli mentalitetinə uyğun olaraq, əgər buna istisna hallar yol vermirsə, valideynlərin nikahı pozulduğu təqdirdə, uşaq ananın yanında saxlanılır. Belə olan halda, ataya yalnız alimentin ödənilməsi öhdəlikləri qoyulur və uşaqla həftənin müəyyən günləri görüş vaxtı təyin edilir. Lakin çox vaxt buna qarşı gedən atalar, uşağın ananın deyil, atanın yanında saxlanılmasına israrlı olurlar və məhkəmə qaydasında bunun səbəblərini göstərməyə çalışırlar.

 

Azərbaycan Respublikasının qanunvericiliyi bu barədə nə deyir?

Əgər Azərbaycan Respublikasının Ailə Məcəlləsinə nəzər yetirsək görə bilərik ki, uşağın tərbiyə olunmasında və onun böyüdülməsində həm ananın, həm də atanın rolu olmalıdır, demək ki, bu öhdəliyi hər iki valideyn daşıyır. Belə ki, Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Digər bəndlərdə deyilir ki, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar, valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Bu məsələ təkcə Ailə Məcəlləsində deyil, ilk öncə ölkənin Ali Qanunu olan Konstitusiyada da öz əksini tapmışdır.

 

Tərəflər arasında anlaşma yoxdursa, uşağın kimdə qalması məsələsi hansı şəkildə həll edilir?

Tərəflər arasında uşaqla bağlı yaranmış hüquq münasibətləri “valideynlərin razılığı olmadıqda uşağın yaşayış yerinin məhkəmə qaydasında müəyyən olunması” ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin, habelə ölkəmizin tərəfdar çıxdığı beynəlxalq Konvensiyaların aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Bu iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsidir. Həmin maddəyə əsasən, valideynlər ayrı yaşadıqda uşağın yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşağın hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

 

Bu məsələyə dair Ali Məhkəmənin mövqeyi nə cürdür?

Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il  tarixli Qərarında nikah pozularkən uşağın hansı valideynin yanında saxlanılması məsələsinə münasibət bildirilmişdir. Həmin Qərarda qeyd edilir ki, “Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır:

1) uşağın yaşı;

2) onun fikri;

3) uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı;

4) valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri;

5) valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər;

6) uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla);

7) ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar.

 

Həmçinin qərarda göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq uşaq yanında olan tərəfə digər tərəfin uşağı (uşaqları) ilə məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən uşağı tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir. Plenum həmçinin qeyd etmişdir ki, valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Əlavə olaraq Plenum qeyd etmişdir ki, nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, Mülki Prosessual Məcəllənin 97-ci maddəsinin tələbinə  müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər  məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi  ilə müəyyən edilmiş qaydada qiymətləndirilir.

Həmçinin Plenum qeyd etmişdir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında  dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci   və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına  toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış  uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

 

Ölkə qanunvericilindən başqa, bu məsələnin həll edilməsində uşaq hüquqları üzrə beynəlxalq konvensiyalar hansılardır?

Həm Ailə Məcəlləsinin 60.1 və 60.2-ci maddələri, həm də Azərbaycan Respublikası «Uşaq hüquqları» haqqında Qanunun 5-ci maddəsində başqa uşaq hüquqlarını tənzimləyən digər beynəlxalq qanunvericik də mövcuddur. Belə ki, «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 9-cu maddələrinə əsasən işin həllində ilk növbədə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməlidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Hər bir halda başlanğıc prinsipin uşağın üstün mənafeyi olduğu unudulmamalıdır. Uşaqların «üstün maraqları» konsepsiyası Uşaq hüquqları haqqında Bəyannamənin 2-ci maddəsindən, Uşaq hüquqları haqqında Konvensiyanın 3-cü maddəsinin birinci bəndindən irəli gəlir. 2008-ci ildə BMT-nin Qaçqınlar və Ailə Komissarlığı tərəfindən qəbul edilmiş «Uşaq mənafelərinin daha yaxşı təmin edilməsi Qaydaları»nda göstərilir ki, «üstün maraqlar» termini uşağın rifahını izah edir. Belə rifah yaşı, yetkinlik səviyyəsi, valideynin olub-olmaması, uşağın ətraf mühiti və təcrübəsi kimi fərdi hallarla müəyyən edilir».

BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. Azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır.

 

Bəs praktikada məhkəmələr tərəfindən bu məsələ hansı şəkildə öz həllini tapir?

Həm ananın, həm də atanın mövcud vəziyyəti məhkəmə tərəfindən araşdırılmalı və müəyyən edilməlidir ki, uşaq hansı valideynin yanında saxlanılsa onun bu mənafeləri qorunub saxlanılacaqdır. Demək olar ki, məhkəmələrdə baxılan çox sayda işlər, konkret halda uşağın atanın yanında qalması faktları istisna olmaqla, uşağın ananın yanında saxlanılması onun mənafeləri naminə təqdirəlayiqdir, uşağın anasından ayrılmasına əsas verən müstəsna şərait yoxdursa, uşaq anada saxlanılmalıdır. Bundan başqa, xüsusən də azyaşlı uşaqların yaş xüsusiyyətlərini nəzərə alsaq müəyyən etmək olar ki, bu yaşda uşaqların ana nəvazişinə əvəzolunmaz ehtiyacları vardır və baxımından ananın yanında saxlanmasını məsləhət görülür.

Həmçinin, çox hallarda və tərəflər arasında valideynlərin psixoloji problemlərinin olması faktı mübahisə mövzusu olduğu təqdirdə, həm tərəflərin vəsatəti ilə, həm də məhkəmənin öz mülahizəsinə əsasən məhkəmə psixoloji ekspertizasının keçirilməsi qərara alınır və nəticədə tərəflər müayinə olunaraq, onların psixoloji vəziyyəti müəyyən edilir.

Əgər bir valideyn, məsələn ata, uşağın anada qalmasına etiraz edirsə və ananın psixoloji problemli şəxs olmasına iddia edərək, uşağın anada qalmasını istəmirsə, bu zaman keçirilmiş psixoloji ekspertizanın nəticəsi olaraq “azyaşlı uşağın emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqresivlik əlamətlərinin müəyyən edilib edilməməsi” faktı ekspertizanın rəyində öz əksini tapmalıdır. Rəydə neqativ hallar aşkar olunmadığı təqdirdə, uşağın anada qalmasında heç bir problemin olmaması və ata tərəfindən edilmiş bu tip iddialar yalnız formal xarakter daşıdığından və heç bir sübutlara əsaslanmadığından bu iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qərar verilə bilər.

Hər bir halda, hər iki valideyn elə etməlidirlər ki, aralarında olan soyuq münasibət və bir-birlərinə qarşı bəslədikləri kin hansı dərəcədə olmasından asılı olmayaraq, uşağın nə tərbiyəsinə, nə də psixoloji durumuna təsir göstərməsin.

 

Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir