valideyn

Uşağımızı küncə qoyaq, ya qoymayaq?

Baxış sayı: 1. 217

Araşdırmalar göstərir ki, fiziki cəza uşaqların mənəvi və emosional (və bəlkə də intellektual) inkişafına mane olur. Lakin, təbii olaraq belə bir sual meydana çıxır: qaydalarımıza riayət etməyə maraq göstərməyən 2, 3 və ya 4 yaşlı uşağı necə idarə etmək olar? Bir çox “mütəxəssislər” valideynlərə uşaqları küncə qoymağı və buna bənzər “taymaut” üsulları tətbiq etməyi tövsiyyə edir. Lakin, istənilən uşaqdan soruşsaq, o bizə bunun cəza olduğunu deyəcək. Öz uşaqlığımızda küncə qoyulduğumuzu xatırlayaq. Hər dəfə uşağımızı cəzalandırdıqda, onun özü barəsində pis düşüncələrə qapılmasına səbəb oluruq. Odur ki, taymautlar heç də uşağın davranışlarını düzəltmir. Bir çox uşaqlar əksinə, müqavimət göstərir və ya üsyan edir.

Səthi cəhətdən taymautlar məntiqli görünür: zorakılıq yoxdur, amma uşağın diqqətini cəlb edir. Üstəlik, bu üsul valideynlə uşağa əsəbi vaxtlarında fasilə verməyə imkan yaradır. Doğrudur, taymaut uşağı döyməkdən və ya ona qışqırmaqdan çox yaxşıdır. Lakin, taymaut uşaqlara yalnış dərs verir və uşaqların tərbiyəsinə müsbət təsir göstərmir. Əksinə, uşağın davranışları daha da pisləşir. Niyə? Çünki, taymautlar uşaqların özü haqqında pis düşüncələrə qapılmasına səbəb olur. Biz onun özü haqqında şübhələrini təsdiqləyirik – o pis uşaqdır. Bu, özünüdəyər hissini azaltmaqla bərabər, pis davranışlara səbəb olur. Çünki, özü haqqında pis fikirdə olan insanlar pis davranışlara yol verir.

 

usaq

“Özü haqqında pis fikirdə olan insanlar pis davranışlara yol verir”.

“Zamanlı valideynlik” kitabının müəllifi Otto Veyningerin dediyi kimi: “Uşaqları öz hisslərinin öhdəsindən gəlmək üçün uzaqlaşdırmaq, onların daxilində “pis olduqları” hissini əbədiləşdirir…çox güman ki, onlar bu “partlayışdan” əvvəl də özləri haqqında yaxşı fikirdə deyildilər və onları təcrid etmək öz fikirlərində haqlı olduqlarını təsdiqləməyə imkan verir”.

Taymautlar uşaqlara öz emosiyalarını nizamlamağa kömək etmir. Uşaqlara özlərini sakitləşdirməyi öyrətməyin ən asan yolu, uşaq üçün “qucaq mühiti” yaratmaq, onun əsəbiləşməyinin məqbul olduğunu və bu hissləri nizamlamağın mümkün olduğunu ona çatdırmaqdır. Doğrudur, siz onu təkbaşına otağına göndərdikdə o tədricən sakitləşəcək – lakin, o növbəti dəfə öz emosiyalarını nizamlamağı qəti şəkildə öyrənməyəcək.

Hədə-qorxu, simvolik tərk yolu ilə taymaut, qanı qaralmış uşağı yanımızdan qovmaq – bizə ən çox ehtiyacı olan zaman onu özümüzdən uzaqlaşdırmaqdır. Ən pisi isə odur ki, ona sakitləşməyə kömək etmək əvəzinə, onun daxilində tərk edilmək qorxusu oyadırıq. Biz bu hərəkətimizlə demək istəyirik ki, onun yalnız “xoş” hisslərini qəbul edə bilərik, kimliyimizin bir hissəsi olan həqiqi, nizamsız, çətin hissləri isə yolverilməzdir və xoşagəlməzdir.

Taymautlar uşağımızın bizi sevindirməsi üçün münasibətlərimizi yaxşılaşdırmaq əvəzinə müqaviməti daha da alovlandırır. Uşaq alçalır və taymauta göndərildikdə, öz beynində qisas planları qurmaq üçün xeyli vaxt əldə edir. (Siz də elə bilirdiniz ki, onu öz otağına taymauta göndərəndə o orada oturub yaxşı uşaq olmaq barədə fikirləşir?!)

“Taymautlardan istifadə edən valideynlər uşağın davranışlarının getdikcə daha da pisləşdiyinin şahidi olurlar”.

Bütün cəza növləri kimi, taymautlar məsələnin həlli yolunu tapmaq üçün uşağımızla əməkdaşlıq etməyə imkan vermir. Çünki, belə olan halda biz problemi ancaq onun üzərinə yükləyirik. Baş verənləri uşağımızın perspektivindən görmə ehtimalı azalır. Uşaqlarımızla bağlarımız zəifləyir. Təəssüflər olsun ki, uşaqlar öz davranışlarını məhz bu bağlara əsasən nümayiş etdirir. Odur ki, taymautlardan istifadə edən valideynlər uşağın davranışlarının getdikcə daha da pisləşdiyinin şahidi olurlar.

Bir sözlə, taymautlar uşağı döyməkdən qat-qat yaxşı olsa da, uşağı qovmaq və alçaltmaq da cəzanın bir başqa növüdür.

Əgər uşağımıza öz emosiyalarının öhdəsindən gəlməyi öyrətmək istəyiriksə, bunu əvvəlcədən etməliyik. Uşağımızda xəbərdarlıq əlamətləri görən kimi, onunla əlaqəyə girməliyik. O zaman uşağımız başa düşəcək ki, onun necə hisslər keçirdiyini anlayırıq və ona dəstək olmağa hazırıq. Bəlkə onun bizim qucağımıza ehtiyacı var və ya bəlkə də birlikdə bir kitab oxumağımız işə yarayar. Emosiyalarını boşaltmaq istədikdə isə, biz ona dəstək olmalıyıq. Sadəcə ona bildiririk ki, biz onun yanındayıq və o təhlükəsizlikdədir.

Lakin, uşağımızın emosiyalara qapılıb içini boşaltmağa başladığı məqamda ona nəyisə öyrətmək üçün çox gecdir. Belə olan halda onunla danışıq aparmağa və ya onu nəyəsə inandırmağa çalışmırıq; o indi “ya mübarizə apar, ya qaç” rejimindədir və onun beynində düşünməyə görə cavabdeh olan hissələr işləmir. Sadəcə onun yanında dayanırıq ki, o özünü tərk edilmiş hiss etməsin. Özümüz isə sakit olmağa çalışırıq. Bu vəziyyətə səbəb olmuş məsələləri xatırlamamağa çalışır, sadəcə ona sevgimizi və diqqətimizi göstəririk. Ona təhlükəsizlikdə olduğunu bildiririk. O sakitləşdikdən sonra da ona sevgimizi göstərməyi unutmuruq.

Onu da deyim ki, taymautlar valideynlərin də öz emosiyalarını nizamlaması üçün əla texnikadır. Əsəbləriniz tarıma çəkiləndə, sakitləşin. Bu sizi daha sonra peşman olacağınız bir hərəkət etməkdən çəkindirəcək. Bu uşaqlarınız üçün də gözəl nümunə olacaq və tərbiyə prosesinizi daha da effektiv edəcək. Çünki, altından çıxa bilməyəcəyiniz vəziyyətlərə səbəb olmayacaqsınız.

Uşaqlarına taymaut tətbiq edən ailələr, uşaqlarını heç vaxt vurmayan, heç vaxt cəzalandırmayan və onlara nadir hallarda səsini qaldıran ailələrin olduğunu eşidəndə təəccüblərini gizləyə bilmirlər. Lakin, bu üsulları tətbiq etməyə ehtiyac yoxdur və əgər siz uşaqlarınızın tərbiyəsində bu üsullara əl atırsınızsa, bu üsullardan əl çəkə biləcəyinizi eşitdikdə inanın ki, yüngüllük hiss edəcəksiniz.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir