uşaq

Uşağınızın ruh yaşı neçədir? – PSİXOLOQ YAZIR

Baxış sayı: 2. 145

“Gencaile.az” “Narınc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmovanın məqaləsini təqdim edir.

Uşağınızın özünü olduğu yaşdan daha çox və ya az yaşlı kimi aparmasını müşahidə edirsiniz. Bəzən elə hallar olur ki, böyük oğlunuz özünü balaca uşaq kimi aparır: şıltaqlıq edir, emosiyalarını qabarıq bildirir, içini çəkə-çəkə ağlayır, ya da durmadan yüksək səslə gülərək tullanır. Ürəyinizdə düşünürsünüz ki, görəsən niyə 10 yaşlı oğlum 6 yaşlı uşaq kimi rəftar edir?! Və ya 7 yaşlı qızınızın yetişkin kimi davranması, elə situasiyalarda məntiqli, özünə hakim fikirləri diqqətinizi çəkmişdir. Şübhələriniz yanlışdır. Bu, nə əqli gerilik, ləngimə, nə də disleksiya dediyimiz irəli zəkalılıqdır.

Bu, sadəcə ,uşağınızın ruh yaşının olduğundan daha çox və ya daha az olmasıdır. Bəs bunun səbəbi nədir? Nədən qaynaqlanır? Cavab çox sadədir: ata obrazı!

Ata obrazı güclü olan uşaqların ruh yaşı öz yaşından yuxarı, ata obrazı zəif olanda isə  aşağı olur. Statistika göstərir ki, bu problem hərbçi, dənizçi, polis, bir sözlə, sistem işində çalışan və natamam ailələrdə daha çox müşahidə olunur. Ataların zamanını doğru bölə bilməməsi, övladları ilə az vaxt keçirməsi, onlarla, xüsusən oğulları ilə zamanı gəldiyində şəxsi söhbətlər aparmaması uşaqda ata obrazının zəifləməsinə gətirib çıxarır. Bu da uşaqlarda ruh yaşı dediyimiz EQ – emosional yaşının IQ – intellekt yaşından daha zəif inkişaf etməsinə gətirib çıxarır. Normativlərə əsasən, uşağın EQ və IQ yaşları bir- birinə paralel inkişaf etməlidir. Bunlardan birinin yuxarı və aşağı olması onları tarazlıqdan çıxarır. Uşaq gah ruh, gah da pasport yaşındakı kimi davranış sərgiləyir. Bu davranışlar ətrafdan – sinif müəlliməsi, yaşıdları, qohumları tərəfindən diqqət çəkir. Xüsusən yaşıdları ilə ünsiyyətdə çətinlik çəkir, şikayətlənir. Bu da zaman keçdikcə uşaqlarda fəsadlarla özünü göstərir. EQ yaşı aşağı olan uşaqlarda qaydaları qəbul etməmə, çox hərəkətli və ya çox passiv olma, fobik əlamətlərə meyllilik daha çox müşahidə olunur.

Atasına hədsiz bağlı olan uşaqlarda isə ata obrazı güclü olur. Bu da onların ruh yaşlarının yüksək olmasına gətirib çıxarır. Cəmiyyətimizdə bu uşaqlara rəğbət daha böyükdür. Amma əslində uşağımızın özünü yaşından yuxarı aparması onlarda həssaslığı gücləndirir ki, bu da gələcəkdə onlarda emosional pozuntulara gətirib çıxarır. Uşaq yaşından daha tez böyüyür, problemlərə qarşı daha həssas olur, bu da onlarda təhsilə qarşı marağın azalaraq, özündən böyüklərlə ünsiyyətə qarşı meyli artırır.

Sonda isə onu qeyd etmək istəyirəm ki, atalar, uşağın tərbiyəsini əsasən analar öz çiyinləri üzərinə alsalar da, davranışlarını tənzimləyən ruh yaşı yalnız sizdən asılıdır. İş həmişə var, heç vaxt bitməyəcək. İllər isə ötür, hədəflər artır, işlər formasını dəyişir və sizin övladınız böyüyür. Zamanınızı doğru bölün, özünüz ailəniz üçün çalışdığınızı unutmayın! Analarımız, siz isə öz növbənizdə həyat yoldaşınızın evə gəlişini, ailə ilə zaman keçirmə saatlarını tənzimləməkdə onlara yardımçı olun. Həyat yoldaşınızın övladlarınıza münasibəti sizin şəxsi münasibətlərə görə tənzimlənir. Çalışın mükəmməlliyyətçi rəftarınızı kənara qoyub yükünüzü həyat yoldaşınızla paylaşın. Əks halda atalarda olan arxayınlıq duyğusu zamanla diqqətin azalmasına gətirib çıxarar. Uğurlar!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir