USAQ BAGCASI

Uşaq bağçalarına qəbul niyə dayandırılıb?

Baxış sayı: 575

Məktəb yaşlı uşaqların uşaq bağçalarından xaric olunmasına başlanılsa da, dövlət məktəbəqədər təhsil müəssisələrinə yeni uşaq qəbulu aparılmır. Bu barədə valideynlər məlumat veriblər. Valideynlərin sözlərinə görə, bağçalardan onlara bildirilir ki, uşaq qəbulu dayandırılıb. Bəzi bağçalardan isə ancaq şəhid və qazi ailələrinin uşaqlarının bağçaya qəbul edildiyini söylədilər.

Binəqədi qəsəbə sakini Gülyaz Məmmədova işlədiyi üçün uşağını qəsəbədəki 86 saylı bağçaya qoymaq istəsə də, bağçadan qəbul aparılmadığını, ancaq imtiyazlı ailələrin uşaqlarının məktəbəqədər təhsil müəssisəsinə qəbul edildiyini bildiriblər: “Bizə dedilər ki, bağçaya uşaq qəbul edilmir. Ancaq şəhid və qazi ailələrinin uşaqlarının qəbulu aparılır”.

Abşeron rayonu, Mehdiabad qəsəbə sakini Esmira Dadaşova da nəvəsini qəsəbədəki 18 saylı uşaq bağçasına qoymaq istəsə də, məktəbəqədər təhsil müəssisəsindən onlara pandemiya səbəbindən uşaq qəbulunun dayandırıldığını bildiriblər: “Nəvəmin 4 yaşı var, bağçaya qoymaq istədik. Lakin bizə bildirdilər ki, pandemiyaya görə bağçaya uşaq qəbul etmirlər. İndi bilmirik uşağı hara qoyaq, özəl bağçalar isə bahadır”.

Uşaq bağçası, arxiv şəkli

Binəqədi qəsəbəsində yerləşən 86 saylı uşaq bildirildi ki, bağçaya uşaq qəbulu dayandırılıb: “Bizim bağçaya ancaq imtiyazlı ailələrin, yəni şəhid və qazi ailələrinin uşaqları qəbul edilir”.

Bağçadan qərarın belə olduğunu, ətraflı açıqlama verilmədiyini söylədilər.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən də faktı təsdiqlədilər. Qurumdan bildirdilər ki, məktəbəqədər təhsil müəssisələrində uşaq qəbulu müvəqqəti dayandırılıb. Bağçaların işçi heyyətinin vaksinasiyası başa çatana qədər məktəbəqədər təhsil müəssisələrində yeni uşaqlar qəbul edilməyəcək. Daha sonra epidemioloji vəziyyətdən asılı olaraq məsələyə baxılacaq.

usaqlar

O ki qaldı bağçalara ancaq imtiyazlı ailələrin uşaqlarının qəbuluna, İdarədən hər zaman şəhid və qazi ailələrinin övladlarına bağçalara qəbulda üstünlük verildiyini söylədilər.

Qeyd edək ki, bu günlərdə məsələ Milli Məclisdə də müzakirə edilib. “Məktəbəqədər təhsil haqqında” qanuna dövlət məktəbəqədər təhsil müəssisəsinə qəbulla bağlı dəyişikliklər edilməsi təklif edilir. Qanunun 8.9-cu maddəsinə əsasən Vətən Müharibəsi iştirakçılarıyla bağlı bənd əlavə edilir. Belə ki, yeni dəyişikliyə görə, dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə, şəhid ailələrinin, Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçılarının, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, tək işləyən valideynlərin, orqanizmin funksiyalarının 61-100 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş, hərbi xidmətdə olan valideynlərin, təhsilalan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər. Bu dəyişiklik parlamentin növbədənkənar iclasında müzakirə ediləcək.

Qeyd edək ki, Bakıda dövlət bağçalarının sayı 346-dır. Xatırladaq ki, pandemiya dövründə uşaq bağçaları fevralın 15-dən fəaliyyətini yenidən bərpa edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir