baxca

Uşaq bağçası, yoxsa şiddət məkanı?

Baxış sayı: 1. 444

“Kids Studio” özəl bağçasında uşaqların döyülmə hadisəsi ilə bağlı yayılan videolar sosial şəbəkə istifadəçiləri tərəfindən təkcə şiddətlə qınanmadı, həmçinin məsələyə aidiyyatı orqanların münasibətini üzə çıxardı. Təhsil Nazirliyinin rəsmiləri “özəl bağçanın lisenziyası yoxdur, qeyri-qanuni fəaliyyət göstərir” – deyə açıqlama verdi. Yasamal rayon İH başçısı hadisənin bağçaya baş çəkdikdən sonra onun fəaliyyətinə son qoyuldu. Millət vəkillərindən “parlamentin plenar iclasında mövzu barədə müzakirə açacağam” – deyənlər də oldu.

Hadisə uşaqların təlim-tərbiyəsi ilə məşğul olan müəssisədə təkcə peşəkarlığın çatışmaması məsələsini deyil, ümumilikdə bu sektorda uşaqlarla necə davranmağın lazımlılığını gündəmə gətirir. Həmçinin olay uşaq bağçalarına əlaqədar qurumların nəzarətini bir daha aktuallaşdırır. Bundan əvvəl də orta təhsil müəssisələrində, eləcə də uşaq bağçalarında şagirdlərin müəllimlər tərəfindən fiziki zorakılığa məruz qalması halları baş verib. Olaylar ictimailəşdikdən sonra əlaqədar qurumlar tərəfindən reaksiya da verilib, problemə əncam çəkilməsinə də çalışılıb. Amma görünür, bu tip problemləri köklü həll etmək hələ tam mümkün deyil. Son olay buna misaldır…

Təbii ki, heç bir valideyn övladını təhsil müəssisəsinə və ya uşaq bağçasına fiziki zorakılığa və ya təhqirə məruz qalmağa göndərmir. Heç bir qanunda və ya kodeksdə də uşağı tərbiyə etməyin metodu kimi ona işgəncə verilməsi göstərilmir. “Nizam-intizamından asılı olmayaraq, uşaqla davranmağın qaydalarında onlara qarşı şiddət qadağandır” deyə müvafiq sənədlərdə qeyd olunur.

“Uşaq bağçasında baş verən son olayla bağlı yayımlanan videolarda müəllimin azyaşlı ilə elə davranmasının səbəbi nədir: Kadrların peşəkarlığının çatışmaması? Nəzarətin zəifliyi?” – hazırda sosial şəbəkələrdə valideynlər də, media işçiləri də bu suallara cavab axtarırlar.

Professor Şahlar Əsgərov  “uşağı nə bağçada, nə də məktəbdə vurmazlar” deyə narazılığını bildirir: “Cəmiyyətimizdə zorakılıq yolverilməzdir. Bağçadakı uşaq da cəmiyyətin bir parçasıdır. Keçən il də orta məktəbdə belə bir hadisə olmuşdu: müəllim bir uşağı cəzalandırmışdı. Uşağa fiziki təzyiq göstərən müəllim pedaqoji təlim görməmiş adamdır. Uşağı onun mənafeyi xətrinə cəzalandırmaq olar, amma heç bir halda müəllimin uşağa fiziki təzyiq göstərməyə ixtiyarı yoxdur”.

 

 

Ölçü götürülməlidir

Hüquqşünas Ceyhun Cəfərli də bağçada və ya məktəbdə uşaqlarla belə davranmağın əleyhinədir. Xüsusilə məktəbəqədər yaşda olan uşaqlarla: “Bu, qanunvericiliyin tələbinə də, təhsil metodikasına da ziddir. Hesab edirəm ki, bu metoda əl atan tərbiyəçi cəzalanmalıdır. Əgər bu zaman uşaqlar xəsarət alıblarsa, hər hansı formada bunu da hüquq-mühafizə orqanları araşdırmalı, müvafiq tibbi ekspertiza keçirilməlidir. Xəsarətin dərəcəsi müəyyən olunmalı və uşağa dəyən zərərə uyğun olaraq addımlar atılmalıdır. Zorakılığı tərbiyə metodu kimi bizim qanunvericilik qəbul etmir. İstər məktəbli yaşda, istər məktəbəqədər yaşda olan uşaqla bu cür davranış yolverilməzdir”.

Hüquqşünas hesab edir ki, uşaq bağçalarına, təlim-tərbiyə müəssisələrinə işçiləri işə götürən zaman xüsusi diqqət yetirilməlidir. Belə ki, işə götürülən şəxslərin təhsili, onların psixologiyası, davranışları yoxlanılmalıdır: “İşə götürülənlər xüsusi qabiliyyət imtahanı verməlidirlər. Onların davranışlarına önəm vermək, biliklərinə, peşə vərdişlərinə, təcrübələrinə diqqət yetirmək lazımdır. Təsadüfi adamların tərbiyəçi və yaxud müəllimə kimi uşaq bağçalarına, məktəblərə, təhsil müəssisələrinə işə götürülməsi, əlbəttə, belə neqativ halların yaranmasına səbəb olur. Onlar uşaqla, xüsusilə də azyaşlı uşaqlarla davranış, tərbiyə etmə qaydalarını bilmirlər. Çünki bu  qaydaları mənimsəməyiblər. Əgər bir tərbiyəçinin bu sahədə təhsili, bilik və vərdişləri, təcrübəsi yoxdursa, o, uşağı necə tərbiyə edə bilər?” Hüquqşünas qeyd edir ki, azyaşlı uşaqların davranışları daha böyük yaşlı uşaqların davranışından fərqləndiyindən onlarla xüsusi pedaqoji üsulla davranmaq lazımdır: “Uşaqların psixologiyasını bilmək, onlarla uşaq psixologiyasına uyğun davranmaq lazımdır. Uşağa qarşı şiddətə əl atmaq yolverilməzdir. Baş verən bu cür hadisələr peşə hazırlığı olmayan şəxslərin işə götürülməsinin nəticəsidir. Əlbəttə ki, həmin tərbiyə müəssisələri, onların rəhbərləri bu istiqamətdə məsuliyyət daşıyırlar”.

 

Psixoloji travma

Psixoloq Elnur Rüstəmov hesab edir ki, hər bir uşağa münasibətdə psixoloji məqamlar nəzərə alınmalıdır. Mütəmadi olaraq da psixoloji qiymətləndirilmə aparılmalıdır: “Kadr seçimində  yaxşı kadr vacib məqamdır. Xüsusən uşaq bağçalarında. Mütəxəssis seçimlərində bu məqamlar diqqətə alınmalıdır. Əgər uşaq çətin tərbiyə olunandırsa, hiperaktivdirsə, onun hər hansı bir narahatlığı varsa, uşaq bağçaya götürülərkən bu məqamlar yoxlanılmalı və bu barədə ailəyə də məlumat verilməlidir. Uşağa kimin təhkim olunacağı da vacib məqamdır”.

Psixoloq deyir ki, bizdə uşağı bağçaya apararkən valideynlər əsasən qiymətə, yeməyin keyfiyyətinə və çeşidinə önəm verilər: “Bu yanaşmadan uzaqlaşmaq lazımdır. Sadəcə, bağçanın potensialına baxmaq lazımdır. Günlük hansı işləri görürlər, nə formada dərs keçirlər və s. məsələlərlə maraqlanmaq lazımdır”. E.Rüstəmov qeyd edir ki, ölkəmizdə yaxşı dövlət bağçaları var və bir hadisəyə görə hamısını gözdən salmaq olmaz: “Özəl bağçalar digər bağçalardan daha məsuliyyətli olmalı, kadr potensialına xüsusi diqqət ayırmalıdırlar. İşçiləri işə qəbul edərkən onların psixoloji durumları, bacarıqları mütləq şəkildə nəzərə alınmalıdır. Təsadüfi adamları işə qəbul etmək olmaz”. Psixoloq baş verən olayın digər valideynlərə də təsirsiz ötüşməyəcəyi fikrindədir: “Nəzərə alın ki, baş verən hadisədən nə qədər valideyn psixoloji sarsıntı keçirib. Valideynlər var ki, uşağını bağçaya aparıb-aparmamağı götür-qoy edir. Bir hadisənin fonunda nə qədər valideyn psixoloji travma aldı. Bu kimi hallar gələcəkdə təkrar olunmasın deyə, mütləq şəkildə nəzarət olunmalıdır”.

E.Rüstəmov hesab edir ki, bağçalar rayon icra hakimiyyətlərinin nəzdindən çıxarılıb Təhsil Nazirliyinə verilsə, bu sahədə daha yaxşı nəzarət yarana bilər: “Çünki pedaqoji kadrların hazırlanmasına cavabdeh olan Təhsil Nazirliyidir. Bu sahədə Təhsil Nazirliyinin nəzarət mexanizmi daha genişdir. Çox yaxşı olardı ki, bu əməkdaşlıq olsun və ora nəzarət edilsin. Əksər özəl bağçalarda onlayn izləmə prosesi var. Bunu tərbiyəçi də, müdir də, valideyn də bilir. Onlayn izləmə prosesi zamanı valideyn harada olmasından asılı olmayaraq, uşağına nəzarət edə bilir. Kadr da insandır, bəlkə evində problem yaşayır və yaxud nəsə bir narahatlığı var. Ancaq o gəlib aqressiyasını uşaöın üstünə tökə bilməz. Bu baxımdan, bu məsələyə heç cür haqq qazandırmaq olmaz. Son dərəcə diqqətli olmaq lazımdır. Düzdür, problemli uşaqlar da var. Ancaq bağçada bu hadisənin baş verməsi xoşagəlməz haldır”.

Baş verən olayla bağlı “belə tərbiyəçilərə bağçada yer verilməməlidir. İnsanlar övladlarını onlara əmanət edir və buna görə pul ödəyirsə, həmin şəxslər körpələrə qarşı zorakı davranmamalıdırlar. Bu, ciddi qanun pozuntusudur” kimi fikirlər hadisənin baş verdiyi özəl bağçanın bağlanması ilə nəticələndi. Ancaq bu sonluq məktəbəqədər müəssisələrdə peşəkarlığın artacağından xəbər vermir…

Uşaq bağçalarını şiddət məkanlarına deyil, tərbiyə müəssisələrinə çevirmək üçün bu sahədə islahatların aparılmasına ehtiyac var. Ekspertlər müəllim və tərbiyəçilərə psixoloji seminarlar keçməyin lazımlılığını da bildirirlər. Bundan əlavə, bu tip müəssisələrdə xüsusi yoxlamalara, nizam-intizama və ümumiyyətlə bu sahədə qaydalar yaratmağa ehtiyacın olduğunu da. Yəni, nə məsuliyyət “bağçanın lisenziyası yoxdur” deyib yaxanı kənara çəkməklə bitir, nə də problem həll olunur.

 

Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir