komputer

Uşaqlar hansı yaşda sosial şəbəkələrdən istifadə etməlidir? – PSİXOLOQ YANAŞMASI

Baxış sayı: 772

Müasir həyatın bir parçası halına gələn internetin mənfi təsirləri uşaqlardan da yan keçmir. Günümüzdə böyüklərlə yanaşı azyaşlılar da internetin aludəçisinə çevrilirlər. Araşdırmalar göstərir ki, gün keçdikcə sosial şəbəkələrdən (Facebook, Twitter, İnstagram və s.) istifadə edən uşaqların sayında artım müşahidə olunur. Bəs azyaşlıların sosial şəbəkələrdən istifadə etmələri nə dərəcədə doğrudur? Onların uşaqlara hansı müsbət və mənfi təsirləri ola bilər? Uşaqların hansı yaşda sosial mediadan istifadə etməsi düzgündür?

Mövzu ilə bağlı suallarımıza cavab tapmaq üçün psixoloq Sevinc Baxışovaya müracitə etdik. S.Baxışova bildirdi ki, uşaqlara internetdən istifadənin təhlükəli olması kiçik yaşlarda aşılanmalıdır:

Sevinc Baxisova

“Günümüzün uşaqlarının 20-30 il qabaqkı uşaqlarla müqayisəsini aparmaq, onların düşüncə tərzinin eyni olmasını fikirləşmək düzgün olmazdı. İnsan artıq virtual aləmin sakininə çevrilir, reallığını itirir və ailə ilə təmasda ola bilmir. Artıq onun öz dünyası yaranır. Sosial biliklər vasitəsi ilə uşaqlarımız lazımsız informasiyalara sahib olurlar. Mənəviyyatsızlıq, əxlaqsızlıq məsələləri ortaya çıxır, uşaqların tərbiyəsi pozulur. Günümüzdə sosial şəbəkələrin istifadəsi çox dəbdədir. Ancaq istifadə vaxtımıza və məqsədimizə diqqət etmək, uşaqların internetdən isitfadəsinə məhdudiyyət gətirmək lazımdır. Çünki 15 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadə etmələrinə qadağalar qoyulmalıdır. Uşaqlar (qız və ya oğlan fərq etməz) hər cür təhlükə altındadırlar. Xüsusilə kiçik yaşdakı uşaqların doğru qərar vermə mexanizmi inkişaf etməmiş olduğundan bu vəziyyət pis niyyətli insanlar tərəfindən istifadə edilə bilər. Bir çox ailə övladının həddindən artıq internet istifadə etməsindən və orada oyun oynamasından şikayətçidir. Bunun qarşısı kiçik yaşlarında alınmalıdır. Ona görə ki, yetkinlik dövründə problemi həll etmək bir az daha güclü iradə tələb edəcək. Heç bir şeyə ondan asılı olacaq qədər bağlanmayın. Çünki sağlam duyğuların ifadəsi asılılıq deyil”.

 

Elnarə Salamova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir