Uşaq “pis davrandı” dedikdə, əslində onun içində baş verən duyğusal bir çatışmazlıqdan danışırıq.
Qəzəb, inad, aqressiya, itaətsizlik və ya diqqət çəkmə davranışları çox vaxt daxili emosional ehtiyacların ifadəsidir.
Davranışın arxasında hər zaman bir mesaj dayanır – sadəcə bu mesaj sözlə deyil, davranışla ifadə olunur.
1) Emosional tənzimləmə bacarığının zəifliyi
Uşaqlar emosiyalarını idarə etməyi anadangəlmə bacarmırlar.
Əgər uşaq özünü sakitləşdirməyi öyrənməyibsə, o zaman qəzəbi və narahatlığı davranışla boşaldır – qışqırır, ağlayır, vurur və ya qapını çırpır.
Bu, “pislik” deyil, sadəcə emosional tənzimləmənin çatışmazlığıdır.
Valideynin və psixoloqun məqsədi: uşağa hisslərini tanımaq, adlandırmaq və onları ifadə etməyi öyrətməkdir.
2) Diqqət və sevgi ehtiyacı
Bəzən uşaq sadəcə “məni gör” mesajını verir.
Əgər uşağın diqqətə, qayğıya və emosional yaxınlığa ehtiyacı ödənilmirsə, o, bunu davranışla tələb edir.
Pis davranışla diqqət çəkmək də uşağın “görülmək” üsuludur.
“Mənə baxmasan, heç olmasa əsəbləş, amma mən varam.”

3) Ailədaxili münasibətlərin gərginliyi
Ailədə münaqişə, soyuqluq və ya emosional məsafə olduqda, uşaq bunu hiss edir və davranışı ilə reaksiyasını göstərir.
Uşaqlar valideyn münasibətlərini “emosional hava kimi” qəbul edirlər.
Ev mühitində gərginlik varsa, uşaq da gərgin olur – çox vaxt bunu aqressiya və ya narahatlıq davranışı ilə ifadə edir.
4) Qayda və sərhədlərin qeyri-müəyyənliyi
Uşaqlar sərhədləri biləndə özlərini daha güvənli hiss edirlər.
Əgər valideynin münasibəti gah sərt, gah yumşaqdırsa, uşaq qarışıqlıq və nəzarət itkisi yaşayır.
Bu da “sınaq davranışlarına” gətirib çıxarır – uşaq nə qədər irəli gedə biləcəyini yoxlayır.
5) İnkişaf və ya nevroloji səbəblər
Bəzən davranış problemi emosional yox, neyroinkişaf mənşəli olur.
Məsələn: diqqət çatışmazlığı, autizm spektri, sensor həssaslıq və ya nitq gecikməsi uşağın özünü ifadə etməsini çətinləşdirir.
Bu hallarda davranış ünsiyyət forması kimi meydana çıxır.

Nəticə:
Uşağın davranışına yalnız “problemlə” deyil, mesajla baxmaq lazımdır.
Hər inad, hər qışqırıq, hər aqressiya arxasında “məni anla” deyən bir duyğu dayanır.
Uşaq davranışı ilə danışır – böyüklərin və psixoloqların işi bu dili dinləmək, başa düşmək və yönləndirməkdir.
Psixoloqdan tövsiyə:
Uşağın davranışını deyil, duyğusunu müşahidə edin.
“Niyə belə etdin?” yox, “Nə hiss etdin ki, belə etdin?” sualını verin.
Davranış dəyişmədən öncə münasibət dəyişməlidir.
Uşaq anlaşıldığını hiss etdikcə sakitləşir. Unutmayın ki, uşağın hər davranışı bir kömək çağırışıdır.
Gülnarə İmanova
Kliniki psixoloq











































































































































































Uşaqların davranışlarına fərqli bir pəncərədən baxmaq lazımdır. Bəzən uşaqlar özlərini ifadə etməkdə çətinlik çəkirlər və bunun nəticəsi olaraq, onların davranışları neqativ görünə bilər. Amma əslində, bu, onların içindəki hisslərin xarici ifadəsidir. Məncə, valideynlər uşaqlarını daha yaxşı anlamaq üçün belə məqalələri oxumalıdır.
Cox sag olun Gulnare xanim. Ara-sira yazilariniz qarsima cixir. Bizi aydınlatdıginiz ucun cox sag olun
Bu yazi meni cox dusundurdu. Usaqlarin “pis” davranislarini her zaman menfi anlamisam, ama indi basa dusdum ki, arxada basqa sebebler varmis. Usagin qezebi ve ya aglamasi demək ki, sadece ozunu ifade etmeye calisir. Gozel meqaledir, meslehet gorerdim ki, valideynler daha cox diqqet yetirsinler bu meseleye.