xestelik

Uşaqlarda dilaltı qədəh problemi nə kimi fəsadlara yol aça bilər?

Baxış sayı: 5. 880

Azyaşlı uşaqlar valideynlərin fərqinə varmadığı, şübhələnmədiyi bir sıra xəstəliklərdən  narahatlıqlardan əziyyət çəkə bilər. Lakin bu cür xəstəliklər bəzi əlamətlərlə özünü büruzə verər.

Diqqətli valideyn uşaqda normadan kənar bir davranış, ona narahatlıq verən xırda problemə belə fikir versə, övladına vaxtında yardım edə bilər. Uşaqlara əziyyət verən, səhhətində yaranan problemlərdən biri də dilaltı qədəhlə bağlıdır. Belə uşaqlar rahat yeyə, çeynəyə bilmir, müəyyən səsləri tələffüz etməkdə çətinlik çəkirlər.

Laqoped-defektoloq Esmira Qafarovanın bildirdiyinə görə, dilin əmmə, udma, çeynəmə, qidaları ağzı içində çevirmək, danışmaq kimi bir çox funksiyası var. Dilin bu funksiyaların hamısını yerinə gətirə bilməsi üçün ağız boşluğunda sərbəst hərəkət edə bilməlidir. “Dil-altı qədəh deyilən dilin altındakı yumşaq toxuma, dilin ağız döşəməsinə yapışmasını təmin edir. Bəzən bu toxuma dilin hərəkətini məhdudlaşdıracaq qədər qısa və qalın ola bilər. Bu vəziyyət dilin aşağı yuxarı və yanlara doğru hərəkət etməsinə mane olur. Dilaltı qədəhi çox qısa olan körpələr dillərini ağız içərisində çox rahat çevirə bilməz, əmməkdə çətinlik yaşaya bilərlər. Dillərini rahatca çölə çıxara bilməzlər. Böyüyəndə danışarkən hərfləri fərqli tələffüz edə bilərlər. Dil pərdəsi çox qısa olan körpələrdə şübhəsiz uşaq cərrahının  fikri nəzərə alınmalıdır. Lazımlı görülsə, cərrahi müdaxilə ilə dilaltı pərdənin qısalığı düzəldilməlidir. Problem, damaq ilə dil arasında olan bağın qalın və ya qısa olmasından qaynaqlanır. Problemlə bağlı olaraq dil hərəkətləri məhdudlaşdırılır”.

Qafarova qeyd edib ki, bu hal problemi yaşayan uşağın danışmasına və qidalanmasına mənfi təsir edir: “Ana südüylə bəslənən körpələrin bir qisimində döşü tutma problemi müşahidə olunar. Ön alt dişlərdə boşluqlar meydana gələ bilər. Dilaltı qədəh olan uşaqlarda xüsusilə dilin yuxarı qalxma hərəkətini tələb edən “r” səsində problem olur. Ayrıca dilaltı qədəh dilin ön hissəsinin istifadəsini tələb edən “l”, “ç” və “t” kimi səslərə də təsir edə bilər. Lakin bu problem, ümumiyyətlə, ciddi bir problemə gətirib çıxarmaz. Lakin diqqət yetirmək lazımdır ki, bu kimi problemlə üzləşən uşaqlara cərrahi müdaxilə də lazım ola bilər”.

Onun dediyinə görə, uşaqda dilaltı qədəh olub-olmadığını müəyyən üsullarla aydın etmək mümkündür: “Bunu bilməyin ən asan yolu dil pərdəsinin alt dodaq xəttini keçib-keçmədiyinə baxmaqdır. Uşağınıza dondurma və ya lollipop növü şəkəri yalatmağa çalışın. Uşağın dili ağzının içərisində kifayət qədər hərəkətli deyilsə, yeməklərin artıqları tam olaraq təmizlənməz, bu səbəbdən dişləri də qoruya bilməz. Ayrıca ağız qoxusuna və diş çürüməsinə səbəb ola bilər”.

Laqoped bildirib ki, dilaltı qədəh olan uşaqlar bir sıra hallarda əməliyyat olunmalıdır: “Uşaqda dilaltı pərdə çox qısadırsa, cərrahi olaraq müdaxilə edilməlidir. Əmmə funksiyasında bir problem yoxdursa, iki yaşa qədər gözlənilməlidir. Körpənin bəslənməsində problem yoxdursa, iki yaş ətrafında çıxış funksiyası qiymətləndirilməlidir. Danışmasına təsir edəcək dərəcədə problem varsa, hərfləri çıxarmaqda çətinlik çəkirsə, dil pərdəsi kəsilir”.
Dilaltı qədəh cərrahiyyəsi, lokal anesteziya ilə edilən asan bir əməliyyatdır. Uşaq daha böyükdürsə, ümumi anesteziya ilə etmək daha yaxşı olar. Bu mövzuda mütəxəssislərin ailələrə tövsiyəsi budur:

Uşağınızda nitq pozulması varsa, əvvəlcə eşitmə funksiyası qiymətləndirilməlidir. Yaxşı eşitmirsə, yaxşı danışa bilməz. Çox ailə dilaltı qədəh kəsildikdən sonra danışmayan uşağın danışmağa başlayacağını düşünür. Bu, səhv fikirdir. Çünki dilaltı qədəh yalnız bəzi hərflərin düzgün çıxmasını mane olar. Nitq pozğunluğunun səbəbi başqa şey ola bilər. Əməliyyatdan qabaq bu vəziyyət yaxşı araşdırılmalıdır.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir