usaq

Uşaqlarda qorxu hissi niyə yaranır və necə dəf etməli?

Baxış sayı: 497

Bir çox valideynlər uşaqlarında qorxu his­sinin olduğunu bildiyi halda, onları bu komplekslərdən uzaqlaşdırmaqda çətinlik çəkirlər.
Qorxu – uşaqların görünən və görünməyən təhlükələr qarşısında göstərdikləri təbii reaksiyadır. Uşaq qorxusunun mənbəyi əşya, insan və ya hadisə ola bilər.

 

QORXU YARADAN SƏBƏBLƏR…
Körpə uşaqlar onlar üçün yeni və naməlum olan hər şeydən qorxa bilərlər. İki-üç yaşında olan uşaqlar uca səslərdən daha çox qorxurlar. Üç-dörd yaşlarında isə bura ananın dəstəyini itirmək, təklik, yanğın, qəza kimi hadisə­lər­dən qorxmaq hissi də əlavə olunur. Həmçinin bu yaşda olan uşaqlara gözlə görünən cisimlərlə yanaşı, xəyallarında yaratdıqları şeylər də qorxu mənbəyi olmağa başlayır. Ona görə də ağıllı, xəyal dünyası geniş olan uşaqların qorxuları daha çox və müxtəlif növlü olur. Uşaqlar dörd yaşına çatanda qorxu hissləri tədricən azalmağa başlayır.

 

AMMA…
Beş-altı yaşlarında olan uşaqlar, adətən nağıllarda eşitdikləri qorxunc məqamlardan çəkinirlər. Bu yaşlarda uşaqların ətraf aləmlə ünsiyyəti və təcrübəsi çoxalır. Ona görə də onlarda hansısa bir hərəkətlərinin başqaları tərəfindən təqdir edilməyəcəyi qorxusu da yaranmağa başlayır. Altı yaşından etibarən uşaqlarda qorxu hissi təkrarən artmağa başlayır.
Uşaq qorxunu valideynlərindən örnək kimi də götürə bilər. Anasının itdən qorxduğunu görən uşağın itdən qorxmağa başlaması təbii haldır. Uşağa danışılan qorxulu nağıllar, tərbiyədə qorxutma üsullarından istifadə etmək, onun körpə yaşlarından həddən artıq qorunması da qorxu mənbəyi ola bilər. Eyni zamanda keçirmiş olduğu qəza, zəlzələ, şahidi olduğu dava-dalaş, yaralanma, ölüm kimi hadisələr də uşaqda uzunmüddətli qorxu yarada bilər.
Psixoloqlar qorxu hissləri ilə mübarizə aparmaq üçün uşağın körpəlik dövrünə daha çox diqqət yetirməyin vacib olduğunu vurğulayırlar. Çünki bu dövrdə hər şey ürküdücü olduğundan körpənin alışmadığı əşya, tanımadığı bir üz, yanına gətirilən başqa uşaq, aclıq, susuzluq və ya altının islanması kimi səbəblər qorxu hissini artırır.

 

Əlamətləri:
Uşaqlar qorxduğunu ağlayaraq, anasına sığınaraq, böyüklərdən birinin onun yanında qalmağını istəyərək, əşyaların arasında gizlənərək və ya açıq-aşkar dilə gətirməklə bildirirlər. Bir çox hallarda iştahasızlıq, yuxusuz­luq, inadkarlıq, özünə qapanma kimi halların altında gizlənən əsl səbəb də qorxu olur. Qorxu anında üz saralır, nəbz və qəlb ritmləri tez-tez vurmağa başlayır, həmçinin bu zaman qusma halları da ola bilər. Bəzi uşaqlar isə qorxu nəticəsində danışarkən kəkələyirlər.

 

QORXU HİSSİNİ ARADAN QALDIRMA YOLLARI
Uşaqda qorxu hissinin çox qalmaması və onun psixikasında dərin izlər açmaması üçün qorxunun səbəbləri vaxtında araşdırılmalı, onu yaradan şərait ortadan qaldırılmalıdır.
Valideynlər uşağın qorxu hissini görməməzliyə vurmamalı, bu məsələni zarafata salıb əhəmiyyətsiz saymamalıdırlar.
Uşağı nədənsə qorxduğuna görə danlamaq, sərt reaksiya göstərmək olmaz.
Qorxusundan dolayı uşağı utandırmaq, bu hərəkətinin ayıb olduğunu da demək olmaz.
Qorxu hissi olan uşaqla səbrlə rəftar etməli, qorxularından qurtulması üçün ona zaman vermək lazımdır.
Uşağa hər an “Ehtiyatlı ol, yıxılarsan”, “Sən təkbaşına bu işi görə bilməzsən” deyərək, ərtaf aləmin yalnız təhlükələrlə dolu olduğunu aşılamamaq lazımdır. Bu onun hər an ətraf aləmdən təhlükə gözləməsinə və hər şeydən qorxmasına səbəb ola bilər.
Evdə qorxuducu bir əşya və ya vasitə varsa, bu ortadan qaldırılmalı, uşaq oyundan və dostlardan məhrumdursa, bu problemi aradan qaldırmaq, uşağın özünə inamının yaranmasına kömək etmək lazımdır.
Uşaq qorxduğu şeyə yavaş-yavaş alışdırılmalıdır. Məsələn, dənizdən qorxan uşağın güclə suya salınması yanlışdır. Əvvəlcə dənizi uzaqdan göstərmək və orada oynayan uşaqları izləməsinə şərait yaratmaq lazımdır. Daha sonra qorxan uşağın əvvəlcə dənizin kənarında oynaması, sonra ayaqlarını islatması və ən nəhayət dənizdə çimməsi məsləhətdir. Qaranlıqdan qorxan bir uşağı qaranlıq otağa salmaqla onun bu kompleksini aradan qaldırmağın mümkün olduğuna inananlar səhv edirlər. Bu hal, əksinə, uşaqda ciddi psixoloji problemlər yarada bilər. Valideyn qaranlıq otağa onunla birlikdə girməli və onun yanında olduğunu hiss etdirməlidir. İtdən qorxan uşağı böyük bir itin yanına gətirməklə onun bu qorxusunu aradan qaldıracağını düşünənlər də yanılır. Bunun üçün ilk olaraq körpənin küçüklə oynamasına və əzizləməsinə şərait yaratmaq lazımdır.
Uşaqlara qorxulu nağıllar danışmaq, onların şiddət səhnələri ilə zəngin olan filmləri izləməsinə imkan vermək düzgün deyil.

 

FƏSADLAR DA AZ DEYİL
Qorxunun qarşısı kiçik yaşda alınmazsa, bu, gələcəkdə həmin uşaqda zəka geriliyi, hədən artıq əsəb və ya içinə qapanıqlılıq, həssaslıq, adamayovuşmazlıq, başqaları ilə yola getməmək kimi problemlər yarada bilər.
Düzdür, qorxu hissi uşağın təhlükələrdən uzaqlaşmasına kömək edir. Qorxu hissi olmasa, o, bir çox təhlükələrdən özünü qoruya bilməz. Ancaq bu qorxuların hədən artıq olması uşağı narahat edir və onun psixoloji inkişafında problemlər yaradır. Belə hallarda valideynlərin və ətrafdakı insanların düzgün olmayan rəftarları həmin uşaqda bu qorxunun uzun müddət sürən kompleksə çevrilməsinə səbəb ola bilər. Hətta bu hisslərin yetkinlik yaşına çatana qədər sürmə ehtimalı var. Əgər uşağın qorxusu çox güclü kompleksə çevrilibsə və bu hal onun həyatına, düzgün psixoloji inkişafına maneçilik törədirsə, mütəxəssis köməyindən istifadə etmək lazımdır. Psixoloqa müraciət etməklə uşağınızı ona problem yaradan qorxunun əlindən xilas edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir