usaq ve deniz

Uşaqları neçə yaşdan sonra dənizə aparmaq olar?

Baxış sayı: 3. 581

Mütəxəssislər 1 yaşadək körpələri dənizə aparmağı məsləhət görmür. Bir yaşdan sonra müəyyən təhlükəsizlik qaydalarını gözləməklə, körpə ilə dənizdə çimmək olar. Amma bu yaşda da dənizdə çimmək fəsadlarla nəticələnə bilər. Uşağın immun sistemi 3 yaşınadək tam formalaşır. Məhz bu yaşdan sonra onların dəniz kənarında istirahəti faydalı ola bilər.

Pediatr Mahirə Quliyevanın sözlərinə görə, 3 yaşadək uşaqların havasını dəyişmək, başqa iqlim şəraitinə uyğunlaşdırmaq düzgün deyil: “Bu yaş həddini keçəndən sonra uşaq daha rahat adaptasiya olur. Əgər uşağı 1 yaşınadək dənizə, xüsusilə də xarici ölkəyə aparmaq fikrindəsinizsə, çox ehtiyatlı olmaq lazımdır”.

M.Quliyeva bildirib ki, uşaqlarda havasını dəyişmək, yeni şəraitə öyrəşmək fərqli keçir. Bəzi uşaqlar tez adaptasiya olsa da, bəziləri bu prosesi çətin keçirir. Onlarda qızdırma, qusma, ishal olur: “Əgər bu əlamətlərə baxmayaraq, uşağın əhvalı yaxşıdırsa, fəaldırsa, narahat olmağa dəyməz. Əks halda isə mütləq həkimə müraciət etmək lazımdır”.

Həkim qeyd edib ki, uşaqla istirahətə gedərkən yaxşı tanıdığınız yeri seçmək məsləhətdir: “Əvvəlcədən istirahət edəcəyiniz yerin, qalacağınız evin şəraiti ilə maraqlanın. Yeməkxanada uşaqlar üçün yeməyin olub-olmamasını dəqiqləşdirin. Yaxşı olar ki, getdiyiniz yerdə uşağa krantdan su verməyəsiz. Belə ki, hətta krantdan gələn qaynadılmış su uşağın evdə öyrəşdiyi sudan fəqlənir. Bu isə onun mədə-bağırsaq traktını daha da yükləyəcək. Yaxşı olar ki, hazır qablaşdırılmış sulardan alasınız” deyən həmsöhbətimiz əlavə edib ki, ən əsası istirahətə gedərkən, yaxınlıqda uşaqlar üçün xəstəxananının, poliklinikanın olub-olmaması ilə maraqlanın.

Onun dediyinə görə, uşağı dənizə apararkən mütləq təhlükəsizlik qaydalarına əməl olunmalıdır: “Körpənin başında daim mütləq ağ və açıq rənglərdə, təbii parçalardan yüngül baş örtüyü olmalıdır. Baş örtüyünün kənarları geniş olmalıdır ki, uşağın üzünü, gözlərini günəş şüalarından qorusun. Dənizdə uşaq çimərkən ona mütləq nəzarət etmək lazımdır. Dəniz qırağında uşaq üçün heç bir yeyinti məhsulu da almaq olmaz. Belə ki, isti havalarda bakteriyalar sürətlə çoxalır. Dəniz kənarında satılan qida məhsullarından uşaq asanlıqla zəhərlənə bilər”.

Uzaq yerə gedərkən dərman götürmək vacibdir deyən pediatr bildirib ki, uşaq özünü yolda və ya istirahət etdiyiniz yerdə pis hiss edə bilər: “Tanış olmayan yerdə dərman axtarmağınız isə vaxt tələb edir. Yaxşı olar ki, həkimin uşağa təyin etdiyi dərmanları, qızdırma salan, ağrıkəsicilər, iltihab əleyhinə dərmanları özünüzlə götürəsiniz. Dərmanlarla yanaşı mütləq yod, pambıq, bint də götürün”.

Uşağı dəniz kənarına apararkən nəzərə alın ki, səhər saat 11:00-dan saat 16:00-dək günəş şüaları daha çox yandırır. Körpənin bu vaxtlar dənizdə olması dərisinin yanmasına, günvurmaya səbəb ola bilər. Müsahibimiz qeyd edib ki, bu vaxt ərzində dənizə getsəniz, kölgədə oturmağa çalışın. Uşağın dərisinə yaşına uyğun gündən qoruyucu kremlər çəkin. Uşağın dənizdə geyimsiz olması vacib deyil. Pambıqdan olan yüngül, geniş, qolları və ətəkləri uzun geyim də geyindirə bilərsiniz. Geyim də dərini yanmadan qoruyacaq.

Dənizdə çimməyə gəlincə, uşaqların heç də hamısı dənizdə çimməyi xoşlamır. Çoxu dənizə girdikdə qorxur və ağlamağa başlayır. Bu o demək deyil ki, çimmək olmaz. Dənizdə suyun temperaturu bədənimizinkindən soyuq ola bilər. Bu səbəbdən də, uşağı suya salarkən qucaqlayıb bədəninizə yapışdırın. Bədənin istisi körpəni isidəcək. Həm də uşaq psixoloji olaraq özünü rahat hiss edəcək.

Dənizdə çimərkən uşağa təhlükəsizlik vasitələri də geyindirmək mütləqdir. Pediatr bildirib ki, uşaq suda çimməyi çox sevsə də, onu uzun müddət suda oynamağa qoymayın: “Uşağı dərhal yemək yeyəndən sonra da çimizdirmək düzgün deyil. Yeməkdən sonra yarım və ya bir saat keçməlidir. Əgər uşaq az yeyibsə 20 dəqiqə də gözləmək kifayətdir”. (Ekspress.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir