usaq

Uşaqlarınızı daha yaxşı tanımaq istəyirsinizsə…

Baxış sayı: 983

Oyun uşaqları tanımaq üçün ən yaxşı vasitələrdən biridir. Çünki onlar oynadıqları oyunlarda öz duyğu və düşüncələrini ifadə edir, eyni zamanda ətraflarındakı insanlara və ya hadisələrə qarşı münasibətlərini büruzə verirlər. Digər tərəfdən, həm söz, həm də hərəkətləri ilə nümayiş etdirdikləri davranışları onların əsl simalarının üzə çıxmasına xidmət edir. Doğrudur, uşaqlar bütün davranışlarında özlərini ifadə etmirlər. Yəni, bir çox hallarda onlar kimi, ya da kimləri isə təqlid edirlər. Ancaq bu təqlidçiliyə öz duyğu və düşüncələrini qatmağı da unutmurlar. Əslində, uşaqların belə təqlidi davranışları onların mənliklərinin üzə çıxmasına kömək edir. Beləliklə, uşaqlar oyun zamanı istər sözləri, istər reaksiyaları, istər səs tonları və istərsə də mimikaları ilə öz hiss və duyğularını canlandırırlar. Yəni, oyun bir növ uşaqların dilidir və onlar oyunla həm danışır, həm də özlərini ifadə edirlər. Məsələn, əgər uşaq anasının hər hansı bir davranışından razı deyilsə və ondan “qisas almaq” istəyirsə, oyunda özü ata rolunu oynayacaq və ana rolunu oynayan uşaqdan qisas almaq istəyəcək. Ya da qardaşına qarşı qısqanclıq hissi bəsləyən uşaq əlindəki oyuncağı qardaşına bənzədəcək və ondan qisas almağa çalışacaq.

usaq

Başqa bir məqam isə uşaqların ailə daxilində baş verən hadisələri təqlid etmələri ilə bağlıdır. Nümunə üçün deyək ki, əgər uşaq oyunda tez-tez əmr cümlələrindən istifadə edirsə, valideynlər öz davranışlarına bir daha nəzər yetirməlidirlər. Digər tərəfdən, uşağın oyun daxilində oynamaq istədiyi rol onun xarakteristik xüsusiyyətlərindən də xəbər verir. Məsələn, körpə rolunu oynamaq istəyən uşağın xüsusi diqqətə ehtiyacı olduğunu başa düşmək olar. Bu, həm də o uşağın qardaşını qısqanması mənasına da gələ bilər. Uşaqların oyunda həmişə “ata”, “müdir”, “komandir” və s. kimi rollarda çıxış etməsi onların liderlik qabiliyyətlərinin inkişaf etməsinə işarədir.

Əgər bir uşaq oyunu özü təşkil edirsə və oyunun süjet xəttini özü qurursa, bu, onun təşkilatçılıq qabiliyyətinin inkişaf etməsindən xəbər verir. Bütün bunları nəzərə alaraq, valideynlər uşaqlarının oyunlarını həssaslıqla təhlil etməli və uşaqları ilə əldə etdikläri bu nəticələrə uyğun olaraq ünsiyyət qurmalıdırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir