usaqpulu

Uşaqpulu bərpa olunmalıdırmı? – EKSPERT YANAŞMASI

Baxış sayı: 794

Son aylar Azərbaycanda uşaq pulunun verilməsinə dair gözləntilər artmaqdadır. Artıq sosial şəbəkələrdə aztəminatlı ailələrə verilən sosial yardımın uşaq pulu ilə əvəzlənməsinə dair fikir və təkliflər səsləndirilir. Bəzən insanlar ünvanlı sosial yardım üçün müraciət belə etmirlər. Səbəb isə sənədlərin çoxluğu, anlaşılmazlığı və yaradılan bürokratik əngəllərdir. Doğrudur, paytaxt Bakıda bu yardımın verilməsinə dair şəffaflıq qismən də olsa, təmin olunur. Təəssüf ki, rayonlardakı vəziyyətlə bağlı bu sözləri dilə gətirmək mümkünsüzdür. Yəni ünvanlı sosial yardımın üzərində əməlli-başlı alver gedir. Sözügedən yardımı qohumuna verən kim, vətəndaşla sövdələşməyə gedib, 6 ayını öz cibinə qoyan kim. Şübhəssiz ki, bu hal cəmiyyətdə müəyyən narazılıqlara yol açır. Məhz ona görə də insanlar daha şəffaf sistem olan uşaq pulunun verilməsini təklif edirlər. Hətta bəzi ekspertlər də bildirirlər ki, uşaq pulunun bərpasına ciddi ehtiyac duyulur.

Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, uşaq pulu ilə bağlı məsələlərin həlli ilə üçün yeni formul yaradılmalıdır. İllərdir, bu məsələ müzakirə olunur, lakin həll yolunu görməmişik:

“Hamıya eyni qaydada uşaq pulunun verilməsi qərarının ciddi effekt verəcəyini düşünmürəm. Yəqin ki, çox azsaylı rəqəmlərlə uşaq pulunun verilməsi mümkün olacaq. Ölkədə 18 yaşına qədər olan insanların sayı təxminən 2 milyondan çoxdur. Əgər hamıya şamil olunarsa, böyük məbləğ alınır. Kiçik ödənişlərlə olsa belə, ailələrə dəstəyi görmək mümkün olmayacaq. Dəfələrlə təklif etmişik ki, prinsipial yanaşma olmalı və uşaq pulu mütləq bərpa edilməlidir. İlk növbədə aztəminatlı və çoxuşaqlı ailələrə şamil edilərək daha yüksək məbləğdə ödənilməlidir”.

Ekspertin sözlərinə görə anası və atası işləyən bir uşaqlı ailəyə sosial müavinətin verilməsinin köməyi olmayacaq. Amma çoxuşaqlı və aztəminatlı ailələrdə hər manatın öz dəyəri olur. Bir sözlə, aztəminatlı, çoxuşaqlı və ehtiyacı olan ailələr təsbit edilməli və uşaq pulu ilk növbədə həmin ailələrə verilməlidir:

“Bir çox ölkələrdə uşaq pulunun ödənməsinin sosial duruma yaxşı təsir göstərməsi praktik təcrübədə müşahidə edilir. Lakin onların bununla bağlı nəzarət funksiyaları var. Həmin pulla valideynin özünə telefon alması doğru yanaşma deyil. Ola bilər ki, uşaqlara xərclənən çeklərin vəsaiti ayrıca saytda qeyd edilsin. Açıq aşkar görünsün ki, dövlətin ayırdığı vəsait uşaqlara sərf edilib. Ailədən ailəyə fərq var.

Tutaq ki, valideyn işləmir və içki düşkünüdür, məbləği uşağa xərcləmir. Ona görə də xüsusi nəzarət mexanizminin olmasına ehtiyac var”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir