pul

Varlanmağın gizli qalan 8 qaydası

Baxış sayı: 565

Çoxumuz elə düşünürük ki, varlanmaq ya çox asandır, ya da qeyri-mümkün. Əslində isə bu proses nə ağdır, nə də qara.

“The Financial Diet” platformasının həmtəsisçisi Çelsi Faqaq milyonçu olmaq yolunda adətən çəkinilən və çox az adamın danışdığı 8 əsas məqamı bölüşür.

Əgər sizə miras qalmayıbsa, sıfırdan kapital qurmaq üçün bu qaydaları bilməyiniz şərtdir:

 

1) Xırda xərcləri unudun, böyük şəklə baxın

Hər gün içdiyiniz kofeyə və ya aldığınız xırda bir aksesuara görə özünüzü günahlandırmayın. Heç kim həftədə bir dəfə kofe içdiyi üçün evsiz qalmır. Diqqətinizi xırda qəpik-quruşa yox, kirayə, maşın xərci kimi böyük büdcə maddələrinə yönəldin.

 

2) Gəliriniz artdıqca xərclərinizi şişirtməyin

İşdə vəzifəniz qalxanda və ya maaşınız artanda dərhal daha bahalı həyata keçməyə çalışmayın. Cəmiyyətin və dostların “ev al, bahalı maşın sür” təzyiqinə tab gətirin. Gəlirlə bərabər xərclərin də artması sizi sadəcə borca sürükləyəcək.

 

3) Avtomatik qənaət edin

Qənaət etməyin ən rahat yolu onu görməməkdir. Maaş alan kimi müəyyən bir faizin avtomatik olaraq yığım hesabına köçməsini təmin edin. Pul əlinizə keçmədən kənara qoyulsa, xərcləmək ehtimalınız da sıfıra enir.

 

4) Pul pulu çəkir

Acı reallıq budur ki, dünyadakı milyonçuların çoxu var-dövləti miras alıblar. Çünki pul olanda investisiya etmək və mürəkkəb faizlərin hesabına daha çox qazanmaq asanlaşır. Amma yaxşı xəbər odur ki, öz zəhmətinizlə topladığınız ilk kapital da bir müddət sonra sizin üçün işləməyə və pul gətirməyə başlayacaq.

 

5) Qənaət etməkdən çox, qazancı artırmağa fokuslanın

İnflyasiyanın yüksək olduğu dövrdə kəmərləri sıxıb ayda 50 manat qənaət etməyə çalışmaqdansa, əlavə iş tapıb ayda 500-1000 manat çox qazanmağa vaxt xərcləyin. Qənaətin limiti var, amma qazanmağın limiti yoxdur.
pul
6) “Bonuslu” sahələri seçin

Bütün sahələr eyni dərəcədə qazandırmır. Xüsusilə texnologiya (IT), maliyyə və bank sektorunda işləmək kapital qurmaq üçün “hiylə kodu” kimidir. Bu sahələrdə illik böyük bonuslar və şirkət səhmləri verilir ki, bu da yığımları sürətlə artırır.

 

7) Böhran zamanı səhmlərinizi satmayın

İnvestisiya uzunmüddətli marafondur. Bazarda eniş-yoxuşlar olanda panikaya düşüb səhmləri satmaq ən böyük səhvdir. Tarix göstərir ki, fond bazarı hər enişdən sonra mütləq bərpa olunur və rekordlar qırır.

 

8) Ev almaq həmişə ən doğru seçim deyil

Köhnə nəsillər “kirayə pulları havaya uçur” desə də, indiki dövrdə ev sahibi olmaq təmir, vergi və sığorta xərcləri səbəbindən bəzən daha baha başa gəlir. Bir çox hallarda kirayədə qalıb, qalan pulla investisiya etmək maliyyə cəhətdən daha sərfəlidir.

 

Tənzilə Ağabalayeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir