ananas

Veqan, frutarian və bretarianlar kimlərdir?

Baxış sayı: 559

Veqanizm heyvanlara qarşı törədilən zorakılığın bütün formalarına qarşı olan fəlsəfədir. Veqan həyat tərzini seçmiş insanlar heyvan məhsullarından imtina edirlər. Onlar yalnız ət, süd, pendir, yumurta və bal yeməyən deyil, həm də heyvan dərisindən hazırlanmış məhsullardan istifadə etməyən, zoopark və sirklərə getməyən insanlardır. O cümlədən veqanlar heyvan istismarı ilə əlaqəli olan bayramlara da qarşı çıxırlar, məsələn Qurban bayramı, Şükran günü, Çində hər il qeyd olunan və 10 000 itin öldürüldüyü Yulin festivalı.

Vegan, vegeterian

Dahi rus yazıçısı Lev Tolstoy 50 yaşında keçirdiyi eksiztensial krisiz zamanı həyatın mənası haqqında fəlsəfi suallar içərisində boğularkən təsadüfən bir heyvanın kəsilməsinin şahidi olur. Bundan çox təsirlənən Tolstoy bu təcrübəni bir daha yaşamaq üçün bir fermaya gedir və burada gördüyü mənzərə onu dərindən yaralayır. Rus pravoslav adətləri ilə böyüdülmüş Tolstoy “Öldürmə” ifadəsində yeni bir məna tapır. “Heyvanlar üzərindəki qəddarlıq tamamilə yox olmayınca bəşəriyyətdə zorakılıq çiçəklənməyə davam edəcək”.

1892-ci ildə yazdığı “Birinci addım” əsərində Tolstoy yazır: “İnsanın mənəvi və ruhani inkişafının ilk addımı digər canlılar üzərində zorakılıqdan imtina, insanın öz daxili aləmi ilə iş istiqamətində vegetarian qidalanmaya keçiddir. Buna görə də vegetarianlıq dünyada baş verən bütün bəlalara son qoymağın əsas yollarından biridir. O cümlədən heyvanlara qarşı qəddarlıq şüur və mədəniyyət səviyyəsinin aşağı olması, insanın canlı aləmi həqiqətən hiss etmək və onu ağrısına təəssüf hissi ilə cavab verməyə qadir olmadığının göstəricisidir”.

Veqan, frutarian və bretarianlar kimlərdir?

Avstraliyalı filosof Piter Sinqer (Prinston Universitetində Bioetika üzrə professor, Melburn Universitetində Fəlsəfə və İctimai Əxlaq üzrə professor) ət istehlakı ilə bağlı əxlaqi məsələlər barədə müsahibəsində deyir ki, heyvanları yeməyin etik olmayan tərəfi yalnız onların qəddarlıqla öldürülməsi, yəni fiziki zorakılıq deyil, həm də mental zorakılıqdır. Səbəblər isə çoxdur. Piter Sinqer bu məsələnin gözlərdən və ağıllardan uzaq bir tərəfinə toxunaraq qeyd edir: məsələn, mənim yaşadığım Avstraliyada heyvanları qapalı maşınlara yığıb yüzlərlə, minlərlə kilometr yol gedirlər. Avstraliyanın istisini təsəvvür edirsiniz yəqin ki, bu maşınlar heyvanlara su və yem vermək üçün böyük ehtimal dayanmırlar.

Ət istehsalı zamanı heyvanlar zorla mayalandırılır, doğulan heyvan dərhal anasından götürülür, dişidirsə, böyüdülməyə, erkəkdirsə, kəsilməyə göndərilir. Bu zaman ana və balanın yaşadığı əzablı anları veqanizm haqqında sənədli filmlərdə özünüz görə bilərsiniz. Onlar ferma daxilində gigiyenadan çox uzaq bir şəraitdə, dar bir qəfəs içərisində heç bir tərəfə hərəkət edə bilməyəcək şəkildə yaşayırlar. Heç vaxt gün işığı görmür və yaşıl otla qidalandırılmırlar. Nəticədə heyvanlar müxtəlif infeksion xəstəliklərlə yanaşı, depressiya və halsızlıq, bəzən isə panika və isterik hallara düçar olurlar. Vaxtı gələndə isə onlar sadəcə istehlaka göndərilirlər.

Heyvandarlıq sənayesinin fəaliyyəti qlobal istiləşmənin ən başlıca səbəblərindən biri kimi göstərilir. Çünki hər gün dünyada yalnız qida üçün quruda 200 milyon heyvan öldürülür. Bu qədər heyvanı böyütməyin tələb etdiyi yemin istehsalını təmin etmək üçün isə meşə sahələri qırılır.

Veqanizm haqqında çəkilmiş ən yaxşı filmlərdən biri Xoakin Feniksin səsləndirdiyi “Earthlings” və Leonardo Di Kaprio tərəfindən maliyyələşdirilən “Cowspiracy” filmləridir. Bu siyahıya “Fork over Knives”, “What the Health”, “The Game Changer” filmlərini də əlavə etmək olar. Bu filmlərə “Netflix”də baxmaq mümkündür.

Earhlings

“Earthlings” filminin posteri

3-4 il əvvəl Azərbaycanda insanlar vegetarianlıq və veqanizm haqqında az məlumatlı olsalar da, getdikcə sağlam həyat tərzinə keçən, heyvan məhsullarından imtina edənlərin sayı çox sürətlə artır. Çətinliklə fəaliyyət göstərsələr də, Bakıda vaxtaşırı veqan kafelər açılır.

Hazırda dünyada veqanizm hərəkatının gücü artır. Lüks geyim və kosmetika brendləri, onları təmsil edən məşhur simalar boykot edilir. Ekoveqan brendlərin sayı artır, lüks brendlər isə kolleksiyalarına veqan məhsulları da daxil etməyə başlayırlar. Musiqiçilər, aktyorlar, idmançılar veqan həyat tərzinə keçid edərək kampaniyalar təşkil edirlər. Çünki veqanizm yalnız heyvanların deyil, təbiətin, bütövlükdə planetin və insanların fiziki və mental sağlamlığı deməkdir.

Frutarianlar dünyadakı heç bir canlı aləmi, yəni bitkiləri də incitməməyi seçmiş insanlardır. Frutarianlar meyvələrlə qidalanırlar. Onların inancına görə meyvələr yetişib yerə düşdükləri üçün heç bir ağrı hiss etmir. O cümlədən meyvəni yeyərək insan ona yaxın ərazilərdə meyvə toxumlarını yayır.

Frutarians

İngiltərədə doğulmuş Manqo Vozdak doğulandan bəri frutarian olan çex həyat yoldaşı ilə Avstraliyanın Kvinslend əyalətinə köçüb. Onlar il boyu ekzotik meyvələrlə bol olan bağlarının yerləşdiyi ərazidə məskunlaşaraq burada yetişən meyvələrdən pulsuz bəhrələnə bilirlər. Manqo Vozdak yazır ki, ilk dəfə 1980-ci ildə onun qida vərdişləri səbəbindən milyonlarla heyvanın davamlı olaraq öldürüldüyünə görə çox güclü utanc və günahkarlıq hissləri keçirib. “Özüm heç vaxt dərin kədər və günahkarlıq hiss etmədən nə inəyin, nə də başqa bir heyvanın boğazına bıçaq dirəyə bilməzdim, buna görə də baş verənlərə qarşı bilə-bilə gözlərimi yummaq mənə ikiüzlü və qəddar bir hərəkət kimi göründü. Bu andan etibarən özümə doğru səyahətim başladı”. Vozdak ilk kitabı olan “Destination Eden”i frutarianizm fəlsəfəsinin təbliğinə həsr edib.

Destination Eden

Gənc nəsil frutarianlar arasında isə adətən özlərini “digital nomad” adlandıran, səyahət edərək onlayn işləyən insanlar daha çoxdur. Onlar əsasən işləmək üçün yeri Taylandın Çianq May şəhərini və ya Phuket adasını seçirlər. Əsas səbəb isə burada il boyu ucuz meyvələrin bolluğu, havanın isti keçməsi, dəniz kənarı və həyat xərclərinin az olmasıdır. Tayland meyvə növlərinin çox olması, Avstraliya isə meyvə növü az olsa da, bəzi ekzotik meyvələrin məhz burada əlçatan olduğuna görə üstündürlər. Avstraliyaya köçən frutarianlar nisbətən daha bahalı həyat sürməyə imkanı olan insanlardır.

Bretarianizm – bəlkə də bretarianlar haqqında ilk dəfədir eşidirsiniz və bu, sizi pis və ya yaxşı mənada təəccübləndirə, ya da qorxuda bilər. Bretarianlar fiziki qidadan imtina etmiş insanlardır. Yəni onlar yalnız günəş və hava ilə qidalandıqlarını iddia edirlər. Yəni yemək yemirlər. Tamamilə yemək yeməyən bretarianlar azdır, əksəriyyəti çox az su qəbul edir, bəzən ayda bir və ya bir neçə ədəd meyvə yeyə və ya şirəsini içə bilərlər. Dünyada ən məşhur bretarian hindistanlı yoq, bu yaxınlarda dünyasını dəyişən Prahlad Canidir. O, 70 il ərzində heç bir fiziki qida qəbul etməmişdir. Həkimlər bir neçə dəfə bunun doğruluğunu yoxlamaq üçün, test etsələr də, onda anormal vəziyyət aşkarlamayıblar, lakin qidasız necə yaşadığını da açıqlaya bilməyiblər. Bretarianizm haqqında çəkilən bir neçə sənədli film var ki, onlardan 2010-cu ildə çəkilmiş “In the beginning there was Light” filmini tövsiyə edə bilərəm.

Yuan Li Min kung-fu ustası

Yuan Li Min kung-fu ustası

Bretarianizm bir neçə dində mövcud olan, qidadan bir müddətlik və ya birdəfəlik imtina təcrübəsidir. Biqu Çin qidalanmama mədəniyyətidir. Kunq-fu ustası Yuan Li Min deyir: “Taoizmdə Biqu sözünün mənası “bi” – qaçış, “qu” “4 növ taxıl” , simvolik olaraq isə “qida” deməkdir. İnsanlar qidadan uzaq dururlar, beləcə onlar sağlamlıq və güc əldə edirlər. Biqu haqqındakı ilk fakt 2000 il öncə krallıqlar arasında çəkişmələr başlayanda qeydə alınıb. Həmin vaxt Udanşan dağlarında insanlar Biqu ilə məşğul olurdular. Onlar Çi – həyat enerjisini bəsləməyi öyrənirmişdilər. Biqu texnikasını yalnız Tao ustasından  düzgün öyrənmək olar. Bunu qidadan şüurlu şəkildə imtina ilə qarışdırmayın. Biqu texnikasında ən vacib tarazlıqdır. Oksigen və neqativ ionlarla yüklü təmiz bir mühitdə olmaq arzuolunandır. Şəhərlərdə bizim Çi enerjimiz narahat və xaotik olur. Xarici təsirlər bədənə enerji axınlarının qarşısını alır. Tao fəlsəfəsində deyilir: Bizim bədənimizin Çi enerjisi ilə dolması o deməkdir ki, artıq qidaya ehtiyacımız yoxdur, yəni biz Biqu halına çatmış sayılırıq.

Bretarianizm




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir